Məhkəmə qərarları › İş №2(011)-6455/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6455/2020

10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6455/2020 10.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “borcun alınması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “borcun alınması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 1.311,41 manat əsas borc, 43.79 manat faiz borcunun, cəmi 1.355,2 manatın, həmçinin ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 2.500 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx xxxxx 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 MMC ona zamin durmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1nın xx xxxxxxx 2020-ci il tarixinə əsas borcu 1.311,41 manat, 43.79 manat faiz borcu, ümumi borcu cəmi 1.355,2 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına baxmayaraq onlar götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişlər. Cavabdehlərə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Cavabdehlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışlar. Cavabdehlərin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə əsasında bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. xx xxxxx 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 MMC ona zamin durmuşdur. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Cavabdehlərin xx xxxxxxx 2020-ci il tarixinə əsas borcu 1.311,41 manat, 43.79 manat faiz borcu, ümumi borcu cəmi 1.355,2 manat təşkil edir. Cavabdehlər borc barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə digər Cavabdeh2 MMC-nin (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 İddiaçı ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər cavabdeh isə zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Məhkəmə iddia tələbinin cavabdehlərdən tələb olunan kredit borcunun tutulması hissəsini araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə iddianın müqaviləyə xitam verilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlərə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə xitam verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 1.311,41 manat əsas, 43.79 manat faiz borcu, cəmi 1.355,2 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30,40 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsinə xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 1.311,41 (bir min üç yüz on bir manat qırx bir qəpik) manat əsas, 43.79 (qırx üç manat yetmiş doqquz qəpik) manat faiz borcu, cəmi 1.355,2 (bir min üç yüz əlli beş manat iyirmi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun surəti təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar