Məhkəmə qərarları › İş №2(011)-6469/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6469/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6469/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2020-ci il tarixli müqavilə üzrə 15000 manat pul məbləğinin, 30 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 250 manat, cəmi 15280 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında 31.01.2020-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı 15000 manat məbləğində pulu cavabdehə borca vermişdir, 31.01.2020-ci il tarixli müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti 31.07.2020-ci il tarixədək hissə-hissə olmaqla borc verənə - İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür, cavabdeh ötən müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borc məbləği üzrə heç bir ödəniş etməmişdir, nəticədə cavabdehin bu günə müqavilə üzrə borcu 15000 manat olaraq qalmaqdadır, işin məhkəməyədək, tərəflərin razılığı ilə həll edilməsi məqsədilə 29.06.2021-ci il tarixdə cavabdehə pretenziya məktubu da göndərilmişdir, lakin pretenziya məktubunun çatdırıldığı tarixdən bu zamana kimi cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmişdir, cavabdehə öhdəliyin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Vəkil həmçinin izahatında bildirdi ki, iddiaçı hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət etməli olmuş, hüquqi yardım göstərilməsi barədə müqaviləyə əsasən hüquqi yardıma görə 250 manat məbləğ ödəmişdir ki, həmin məbləğin də cavabdehdən alınaraq ona ödənilməsini istəyir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, cavabdeh 20.08.2021-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək İddiaçı 15000 manat borclu olduğunu etiraf etmiş, hazırda borcu ödəmək üçün maddi imkanının olmadığını, onun da başqalarından alacaq pul məbləği olduğunu, alan kimi iddiaçıya olan borcu qaytaracağını məhkəməyə bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 31.01.2020-cu il tarixli notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 15000 manat borc almış, həmin borc məbləğini 31.07.2020-ci il tarixədək hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilədən görünür ki, tərəflər kreditin faizsiz verilməsini şətləşdirmişlər, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi vasitəsi ilə mübahisəsiz qaydada alınır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə pul məbləğinin qısa müddət ərzində ödəməsinə dair xəbərdarlıq (pretenziya) məktubu göndərmişdir. İş materiallarında olan Bakı şəhəri 5 saylı Vəkil Bürosunun Hüquqi yardımın göstərilməsi haqqında 1330 saylı Müqavilənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Vəkil arasında hüquqi yardım göstərilməsi barədə müqavilə bağlanmış, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 250 manat müəyyən edilmişdir. İş materiallarında olan 09.07.2021-ci il tarixli 5696 saylı qəbzdən görünür ki, 5 saylı Vəkil Bürosuna 1330 saylı müqaviləyə görə "xxxx" Modenis MMC vasitəsilə 250 manat məbləğində ödəniş edilmişdir. İş materialalrında olan 04.08.2021-ci il tarixli 6004 saylı qəbzdən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 31.01.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 15000 manat borc almış və onu 31.07.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür, İddiaçı tərəfindən pul məbləğinin qaytarılması barədə xəbərdarlıq (pretenziya) məktubu ilə cavabdehə müraciət olunmuşdur, cavabdeh iddiaçıya 15000 manat borclu olduğunu etiraf edir, iddiaçı hazırki mülki iş üzrə hüquqi xidmətlərin göstərilməsi məqsədilə vəkil bürosuna 250 manat məbləğində pul ödəmişdir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “cavabdehdən 15000 manat pul məbləğinin qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıdan kredit müqaviləsi əsasında 15000 manat borc alması, həmin məbləği müqavilədə nəzərdə tutulmuş 6 ay müddətinə 31.07.2020-ci il tarixinə kimi borc verənə hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürməsi, lakin müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə iddiaçıya 15000 manat məbləğində borcun qalması iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Məhkəmə, iddia tələbinin “vəkilə ödənilmiş 250 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 250 manat pul məbləğini, 15000 manat qiymətində olan iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, borc məbləği kimi 15000 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 250 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh borc məbləği kimi 15000 (on beş min) manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 250 (iki yüz əlli) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar