Məhkəmə qərarları › İş №2(011)-6470/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6470/2021

13.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6470/2021 13.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 12 saylı evin 57 saylı mənzili üzərində atası - X1 ½ payının müəyyən edilməsi, 18 saylı Notariat Ofisində 15.07.2020-ci il tarixdə 4Ə-204 nömrəli reyestrlə qeydə alınmış Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzil üzərindən X1 vərəsəsi kimi ¼ miras əmlak payının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsində mərhum atasının mənzil üzərində ½ payının müəyyən edilməsi və özünün ¼ miras əmlak payının tanınması, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə ayrı-ayrı tələblər irəli sürülmüş, həmin tələblər bir-biri ilə əlaqədar olmayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 18 saylı Notariat Ofisinə qarşı yönəlməklə bir iddia ərizəsində birləşdirilmişdir və hansı cavabdehin hansı tələbi yerinə yetirməli olduğu iddiaçı tərəfindən aydın göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsində bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən və onların hər birinə yönələn tələbin nədən ibarət olması göstərilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıır. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh1, Cavabdeh2 və 18 saylı Notariat Ofisinə qarşı əmlakda payın müəyyən edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlak üzərində pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar