Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6508/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ali Məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin, eyni zamanda da mediasiya xərci kimi ödənilən 55 manat pulun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2010-cu il tarixdə ailə həyatı qurmuşlar, nikahları isə 10 avqust 2010-cu il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 1226 nömrə ilə qeydə alınmışdır, birgə nikahdan 20 avqust 2012-ci il təvəllüdlü X2 anadan olmuşdur, cavabdehlə nikahları Kəlbəcər Rayon Məhkəməsinin 07 iyun 2016cı il tarixli 2(040)-178/2016 saylı qətnaməsi ilə pozulmuş və övladları xx.xx.2012-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanmışdır, Kəlbəcər Rayon Məhkəməsinin 11 fevral 2016cı il tarixli 2(040)-223/2016 saylı qətnaməsi ilə övladlarının saxlanması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir, qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli 2(104)-1178/2016 saylı qətnaməsi ilə Kəlbəcər Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli 2(040)-223/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamədən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(102)- 4954/2016 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)-1178/2016 saylı qətnaməsi alimentin məbləğinə dair hissədə dəyişdirilməklə, xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçıya verilməsi qərara alınmışdır, aliment müəyyən olunandan bu günədək cavabdeh sadəcə uşağının saxlanması üçün 117 manat məbləğdə alimenti ödəməklə kifayətlənmiş, uşağının maddi vəziyyəti ilə marağlanmamış, hər il qiymətlərin bahalaşdığı bir dövrdə uşağına əlavə olaraq heç bir maddi köməklik etməmiş, övladının nə ad günündə, nə bayramlarda, nə də məktəbə getdiyi dövrdə ona bir ata kimi heç bir qayğı, sevgi, dəstək nümayiş etməmişdir, sadəcə 117 manat alimenti ödəməklə atalıq vəzifəsini yerinə yetirdiyini düşünmüşdür, cavabdehin verdiyi alimentlə övladlarının yaşaması çox çətindir, onun təhsili, müalicəsi, istirahəti üçün yetmir, iddiaçı isə aldığı əmək haqqı ilə bunları qarşılaya bilmir, övladlarının saxlanmasında maddi cəhətdən çətinlik çəkir, bununla bağlı mediasiyaya müraciət olunmuşdur, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə məhkəməyə teleqram ilə müraciət edərək, məhkəmə iclaslarını iddiaçının iştirakı olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq, İddiaçı “alimentin məbləğinin həcminin dəyişdirilməsi” iddiasının təmin edilməməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh yazılı ərizəni məhkəməyə təqdim edərək izahatında bildirmişdir ki, 2016-cı ildən 117 manat aliment ödəyir, ödədiyi məbləğin az olduğunu bilir, lakin maddi vəziyyəti 220 manat aliment ödəməyə yetmir, bu yaxınlarda övladı olacaq, 500 manat əmək haqqı alır, 220 manat aliment ödəsə digər xərclərinə pulu çatmayacaq, 180 manat aliment ödəməyə razıdır. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(102)- 4954/2016 saylı qətnaməsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(040)- 1178/2016 saylı, 11 may 2016 il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılması müəyyən olunaraq, xx.xx.2012-ci il təvəllüdlü - X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 117 manat sabit pul məbləğində İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 236264 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 11 may 2016-cı il tarixli 2(104)-1178/2016 saylı qətnaməsindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli, 2(040)-223/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞG/1-/MT007/2023-02348 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə Arayışdan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəf İddiaçıdır, iştirak etməyən tərəf isə Cavabdehdur. İş materiallarında olan 07 avqust 2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı məcburi köçkündür, hazırda məcburi köçkün kimi Gəncə şəhəri, “Vətən” mehmanxanasında müvəqqəti qeydiyyatda olmasına baxmayaraq, Gəncə şəhəri, Nəriman Nərimanov 35, mənzil 30-da kirayədə yaşayır. İş materiallarında olan 064776 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü - X1 atası Cavabdehdur, anası İddiaçıdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 adlı yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmışdır və hal-hazırda da onun yanındadırlar Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(102)-4954/2016 saylı Qətnaməsinə əsasən, hər ay uşaq üçün 117 manat miqdarında aliment məbləği tutulması qət edilmişdir, cavabdeh iddia tələbini qismən qəbul edir, uşağa görə 180 manat aliment ödəməyə razıdır. Bununla belə, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(102)-4954/2016 saylı Qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi, ailə vəziyyətini, onların əmlak vəziyyətini, iddiaçının məhkəmə iclasında iştirak etməməklə aliment məbləğinin artırılmasını əsaslandıran halları məhkəməyə təqdim etməməsini, həmçinin iddiaçı tərəfindən, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olması barədə sübutların təqdim edilməməsini və buna dair halların məhkəmə tərəfindən müəyyən olunmamasını, bununla belə, uşağın yaş həddini, onun təhsilini, mənafeyini müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, habelə cavabdehin iddia tələbini qismən - uşağa görə 180 manat miqdarında qəbul etməsini nəzərə alaraq, uşağın saxlanması üçün cavabdehdən hər ay uşaq üçün 180 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşaqların valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə, Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(102)-4954/2016 saylı qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, təhsilini, mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, onun saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, cavabdehin aylıq gəlirini nəzərə alaraq, cavabdehdən hər ay 180 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Həmin Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir....Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli 2(102)-4954/2016 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü - X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, cavabdehdən hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 41,6 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(102)-4954/2016 saylı qərarı ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay uşaq üçün 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilən 55 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh 41 (qırx bir) manat 60 (altmış) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6508/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6508/2023
19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver