Məhkəmə qərarları › İş №2(011)-6541/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6541/2025

27.01.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6541/2025 27.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, İddiaçı4, Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 Cavabdeh MMMC-nə qarşı “liftlərə tətbiq edilmiş məhdudiyyətin ləğv edilməsi, liftlərdə quraşdırılmış üz tanıma cihazlarının demontaj edilərək çıxarılması, iddiaçıların liftlərdən maneəsiz istifadələrinin təmin edilməsi” barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 Cavabdeh MMMC-nə qarşı “liftlərə tətbiq edilmiş məhdudiyyətin ləğv edilməsi, liftlərdə quraşdırılmış üz tanıma cihazlarının demontaj edilərək çıxarılması, iddiaçıların liftlərdən maneəsiz istifadələrinin təmin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 yaşadıqları Bakı şəhəri, Ağ şəhər, Mərkəzi bulvar küçəsində yerləşən 7 saylı binanın liftlərinə cavabdeh tərəfindən tətbiq edilmiş məhdudiyyətin ləğv edilməsi, liftlərdə quraşdırılmış üztanıma (face-control) cihazının demontaj edilərək çıxarılması və iddiaçıların liftlərdən sərbəst istifadə etmələri üçün şəraitin yaradılması öhdəliyinin Cavabdeh MMMC-nin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Ağ şəhər, Mərkəzi bulvar küçəsində yerləşən 7 saylı binada mənzil mülkiyyətçiləridirlər. Binaya Cavabdeh (VÖEN: **********) tərəfindən xidmət göstərilir. Binada yaşayan bəzi sakinlər, o cümlədən də iddiaçılar, göstərilən xidmətin keyfiyyətindən və tələb edilən xidmət haqqının əsassız yüksəkliyindən narazıdırlar və buna görə də ödənişləri haqlı olaraq dayandırıblar. İddiaçıları ödəniş etməyə məcbur etmək məqsədi ilə cavabdeh tərəfindən məhkəməyə müraciət edilmir, bunun əvəzinə qeyri-qanuni və sakinlərin hüquqlarını məhdudlaşdıran addımlar atılır. Cavabdeh (VÖEN: **********) tərəfindən üztanıyıcı qurğu (face control) montaj edilərək liftlərdən istifadə məhdudlaşdırılmışdır. Cavabdeh bu hərəkətini təhlükəsizlik məqsədləri ilə əsaslandırmağa çalışmış, lakin MMMC-nin ümumi yığıncağında belə bir məsələ qaldırılmamış və bu məhdudiyyətin tədbiqi ilə bağlı sakinlərin fikri öyrənilməmişdir. Belə ki, mənzil mülkiyyətçiləri və onların ailə üzvləri məcbur edilir ki, bir-bir foto-qeydiyyatdan keçsinlər, bundan sonra liftlərdə montaj edilmiş qurğular onların üzlərini tanısın. Xidmət haqqı borcu olan sakinlər borcunu ödəyənə qədər qeydiyyatdan keçə bilmir, bu mümkün olduqda isə qısa müddətdən sonra onların liftdən istifadəsi dayandırılır. Bu səbəbdən də bir sıra sakinlər, o cümlədən iddiaçılar, şifahi və pretenziya məktubu ilə cavabdehə müraciət etmişlər. Müraciətlərdən fayda olmadığına görə iddiaçılar birləşərək məhkəməyə müraciət edirlər. İddiaçıların tələbləri ondan ibarətdir ki, liftlərdə quraşdırılmış üztanıyıcı qurğular demontaj edilərək xaric edilməlidir. Hazırki vaxtda iddiaçılar öz birgə mülkiyyəti hesab olunan liftlərdən sərbəst şəkildə istifadə etmək istəyirlər. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin həcminin İddiaçı1 aid hissədə artırılması barədə ərizə təqdim edərək, Bakı şəhəri, Ağ şəhər, Mərkəzi bulvar küçəsində yerləşən 7 saylı binanın liftlərinə cavabdeh tərəfindən tətbiq edilmiş məhdudiyyətin ləğv edilməsi, liftlərdə quraşdırılmış üztanıma (facecontrol) cihazının demontaj edilərək çıxarılması və iddiaçıların liftlərdən sərbəst istifadə etmələri üçün şəraitin yaradılması öhdəliyinin Cavabdeh MMMC-nin üzərinə qoyulması və hüquqi yardıma görə 2.400 manat pul məbləğinin Cavabdeh MMMC-dən tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.O əlavə etmişdir ki, Cavabdeh MMMC tərəfindən xx.xx.2026-cı il tarixdə keçirilmiş yığıncağın qanuniliyi təsdiq olunmur. Həmin yığıncağın qərarı dövlət qeydiyyatına alınmamışdır. Yığıncağın qiyabi formada keçirilməsi zamanı paylanmış imza blanklarındakı imzaların blankda adı qeyd olunmuş mülkiyyətçilərə məxsus olubolmaması bəlli deyil. Binanın bir çox mənzilləri kirayə verilib, mülkiyyətçilər isə xaricdə yaşayırlar. Səsvermə blankları mötəbər sübut deyil. İddiaçı4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərmişdir və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. O əlavə etmişdir ki, məhkəmə gedişatında xx.xx.2026-cı il tarixdə Cavabdeh ümumi yığıncağı keçirilmişdir. Həmin yığıncaqda qərar qiyabi səsvermə yolu ilə qərar qəbul edilmişdir. Belə ki, yığıncaqda 295 nəfər mülkiyyətçidən 271 nəfər mülkiyyətçi üztanıma sisteminin quraşdırılmasının lehinə səs vermişlər, yəni bu sistemin quraşdırılmasına razılıq vermişlər. 24 nəfər mülkiyyətçi bu sistemin tətbiqinin əleyhinə səs verib və ya bitərəf qalıblar. Mənzil mülkiyyətçilərinin əksəriyyəti üz tanıma sisteminin tətbiqinin leyihə səs verdiyindən bu sistem tətbiq olunmalıdır. Cavabdeh MMMC-nin xx.xx.2026-cı il tarixli qərarının bütövlükdə dövlət qeydiyyatına alınmasına zərurət yoxdur, Cavabdeh MMMCnin İdarə Heyətinin təyin edilməsi dövlət qeydiyyatına alınmalıdır, liftlərdən istifadənin tətbiqi və sair bu kimi hallarla bağlı qərar dövlət qeydiyyatına alınmasa da tətbiq edilə bilər. Hazırlıq mərhələsində sual-cavab zamanı o bildirmişdir ki, 3 ay olar ki, müqavilə əsasında (xx.xx.2025-ci il tarixli "xxxx" MMC ilə bağlanılmış texniki xidmət müqaviləsi) binanın liftlərində üz tanıma funksiyalarına malik sistemlər quraşdırılmışdır. Quraşdırılmanın təşkili Cavabdeh İdarə Heyətinin sədri tərəfindən həyata keçirilmişdir. İdarə Heyətinin sədri bu məsələyə dair səlahiyyətli şəxsdir. Bununla bağlı sakinlərdən pul tələb olunmur. Buna dair yığıncaqda qərar qəbul olunmamışdır. İndiyədək bu sistem 1 dəfə qoşulub, lakin qeydiyyatdan keçməklə bağlı olan çətinlik və bəzi sakinlərin etirazına görə sistem deaktiv edilmişdir. Sistemin quraşdırılmasında məqsəd binanın təhlükəsizliyinin təmin edilməsidir. Baxış mərhələsində sual-cavab zamanı o bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə Cavabdeh MMMC-nin sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilmişdir. Həmin yığıncaqda 295 nəfər mülkiyyətçidən 271 nəfər mülkiyyətçi üztanıma sisteminin quraşdırılmasının lehinə səs vermişlər. Yığıncaqda mülkiyyətçilər İddiaçı9, İddiaçı5, İddiaçı3 üz tanıma sistemlərinin tətbiqinin əleyhinə səs vermişlər. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, liftlərdə üz tanıma sistemlərini seçim əsasında konkret mənzillərə tətbiq etmək qeyri-mümkündür. Sistem işlədiyi halda binanın bütün mənzillərinə aid olur. O bildirmişdir ki, üz tanıma sistemi liftə daxil olmaq imkanını məhdudlaşdırmaq funksiyalarına malikdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(011)-6541/2025 saylı qərardadına əsasən iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 Cavabdeh MMMC-nə qarşı “liftlərə tətbiq edilmiş məhdudiyyərin ləğv edilməsi, liftlərdə quraşdırılmış üz tanıma cihazlarının demontaj edilərək çıxarılması, iddiaçıların liftlərdən maneəsiz istifadələrinin təmin edilməsi” barədə iddia ərizələri məhkəmə iclaslarında iştirak etmədiklərinə görə baxılmamış saxlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi X7r. (yenidən seçilmişdir). Qeydiyyata alınmanın əsası: xx.xx.2024-cü il tarixli ümumi yığıncağın qərarıdır. Dəyişikliyin qeydiyyat tarixi xx.xx.2024-cü il tarixidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 69, 71, 73, 75, 77, 79, 81, 83, 85, 87, mənzil 94 (yeni qaydalarla: AZ 1025 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 123,40 kv.m. olan mənzil İddiaçı4 mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MTK-nın direktoru X11 (“Satıcı”) ilə İddiaçı1 (“Alıcı”) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 143116 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı bu müqavilənin 2 saylı əlavəsində nəzərdə tutulan ödəniş müqabilində "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, BW-30-31-32-33 torpaq sahəsində yerləşən “Ağ Şəhər” yaşayış kompleksinin 9-cu blok, 2-ci mərtəbəsində yerləşən,ümumi satış sahəsi 167,43 kv.m olan 4 (dörd) otaq nəzərdə tutulmuş 116 saylı mənzili və 2 mərtəbədə 155 saylı avtodayanacağı Alıcının mülkiyyətinə verəcəkdir. İş materiallarında olan "xxxx" MTK (“Satıcı”) ilə İddiaçı1 (“Alıcı”) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 143116 nömrəli müqaviləyə xx.xx.2017-ci il tarixli 2 saylı X3 surətindən görünür ki, tərəflər arasında imzalanmış 143116 nömrəli alqı-satqı müqaviləsinə əsasən hazırki Razılaşma Protokolu ilə “Satıcıya” ödəniləcək ümumilikdə 253.380 manat məbləğdən ilkin ödənilmiş 115.000 manat çıxılmaqla qalan qalıq 138.380 manatı 2017-ci ilin fevral ayından 2018-ci ilin yanvar ayınadək aylıq 9.530 manat, 2018-ci ilin yanvar ayında 33.550 manat pul məbləğinin ödənilməsinə dair razılığa gəliblər. İş materiallarına əlavə edilmiş pretenziya məktubunun surətindən görünür ki, İddiaçı1, İddiaçı4, X8 və digərləri tərəfindən liftdən istifadəni məhdudlaşdıran hər-hansı qurğunun tətbiq edilməsi (o cümlədən üztanıma sistemi və s.) kimi hərəkətlərdən çəkinilməsi, artıq quraşdırılmış qurğuları demontaj edərək əvvəlki vəziyyətin təmin edilməsi, əks halda pozulmuş hüquqların bərpa olunması məqsədi ilə məhkəməyə müraciət ediləcəyi ilə əlaqədar Cavabdeh MMMC-nə xəbərdarlıq ünvanlanmışlar. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Cavabdeh MMMC (“Sifarişçi”) və "xxxx" MMC (“İcraçı”) arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, 040625/1 saylı texniki xidmət müqaviləsinin surətindən görünür ki, “Xidmət göstərən” Sifarişçiyə məxsus ünvan 3 ünvanında yerləşən binada quraşdırılmış 10 (on) ədəd “KONE” markalı liftlərə mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürmüşdür. “Sifarişçi” göstərilən xidmətlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bir liftin xidmət üzrə aylıq qiymət 70 manat olmaqla cəmi 700 manat təşkil edir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” Mərkəzi bulvar küçəsi, ev 69, 71, 73, 75, 77, 79, 81, 83, 85, 87, mənzil 116 (yeni qaydalarla: AZ 1025 ünvan 4 ünvanındakı mənzilin mülkiyyətçisidir. İş materiallarında olan Cavabdeh MMMC-nin xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş nizamnaməsinin surətindən görünür ki, nizamnamənin 1.1-ci maddəsinə əsasən Cavabdeh (bundan sonra - "Cəmiyyət" adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla ünvan 6 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. Həmin nizamnamənin 6.1-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. Həmin nizamnamənin 6.2-ci maddəsinə əsasən cəmiyyət iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, həmçinin bu nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. 7.1-ci maddəsinə əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı hər il mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti tərəfindən çağırılmalıdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı tərəfindən müəyyən edilir. Ümumi yığıncaq ümumi səslərin əlli faizindən çoxuna malik olan cəmiyyət iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Həmin nizamnamənin 7.2-ci maddəsinə əsasən illik ümumi yığıncaqdan başqa cəmiyyətin idarə heyətinin, təftiş komissiyasının (müfəttişin) və ya iştirakçılarından birinin təşəbbüsü ilə cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncaqları çağırıla bilər. Həmin nizamnamənin 7.8-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının ümumi yığıncağının çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı ilə bağlı hər hansı bir qərarı ilə cəmiyyətin iştirakçısı olmayan və özünün mülkiyyət hüquqlarının pozulmasını güman edən həmin binanın sahə mülkiyyətçisi razı olmadıqda belə qərar tətbiq edilmir. Bu halda həmin məsələlərlə bağlı qərar Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43-47-ci maddələrinə müvafiq olaraq keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən qəbul olunmalıdır. Həmin nizamnamənin 8.3-cü maddəsinə əsasən cəmiyyətin idarə heyəti ən azı üç üzvdən ibarət olmaqla cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin iştirakçıları sırasından nizamnamə ilə müəyyən edilmiş, lakin iki ildən artıq olmayan müddətə seçilir. Həmin nizamnamənin 10.1-ci maddəsinə əsasən cəmiyyətin idarə heyətinin sədri 2 (iki) il müddətinə seçilir Cəmiyyətin idarə heyətinin sədri idarə heyətinin qərarlarının icrasını təmin edir və onların icrası ilə bağlı cəmiyyətin bütün vəzifəli şəxsləri üçün məcburi olan göstəriş və sərəncamlar verir. İş materiallarında olan Cavabdeh MMMC-nin 29 fevral 2024-cü il tarixli ümumi yığıncağının qərarının surətindən (qiyabi səsvermə formasında) görünür ki, gündəlikdəki aşağıdakı hallarla bağlı qiyabi səsvermə keçirilmişdir: Cavabdeh MMMCnin idarə heyətinin, o cümlədən sədrin seçilməsi, bina üzrə xx.xx.2024-cü ilə qədər illik gəlir və xərc smetasının təsdiqi; təsdiqlənmiş illik gəlir və xərc smetasına uyğun olaraq kompleksin ümumi əmlakının saxlanma və cari təmir xərcləri üzrə kompleksdəki sahə mülkiyyətçisinin kompleksin ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq aylıq ödənişinin məbləğinin və vaxtının müəyyən edilməsi, aylıq haqqın artırılma şərtlərinin və gecikmə faizinin təsdiq edilməsi; cəmiyyətin kompleksə xidmət göstərən işçilərin əməyin ödənilməsi (ştat cədvəlinin) təsdiq edilməsi; cəmiyyətdə Ehtiyat Fondunun yaradılmasının müzakirəsi; sakinləri maraqlandıran sualların müzakirəsi İş materiallarında olan Cavabdeh MMMC-nin xx.xx.2026-cı il tarixli ümumi yığıncağının qərarının surətindən (qiyabi səsvermə formasında) görünür ki, ümumi yığıncaqda (qiyabi səsvermədə) iştirak edən mülkiyyətçilərin sayı 295 nəfər olmaqla, gündəlikdə aşağıdakı məsələlər olmuşdur: 1. "xxxx" MMMC-nin yeni İdarə Heyətinin seçilməsi 2. "xxxx"" MMMC-nin Təftiş Komisiyyasının seçilməsi, 3. Binanın saxlanması üçün müəyyən edilmiş aylıq xərcləri ödəməyən sakinlərin liftlərdən istifadəsinə məhdudiyyətin tətbiq edilməsi 4. Binanın əsas girişində və hər 3 blokun giriş hissəsində üztanıma sisteminin quraşdırılması 5. "xxxx" MMMC-nin növbəti Ümumi Yığıncaqlarının qiyabi səsvermə formasında keçirilməsinin müəyyən edilməsi. Gündəlikdə duran 3-cü məsələ üzrə (binanın saxlanması üçün müəyyən edilmiş aylıq xərcləri ödəməyən sakinlərin liftlərdən istifadəsinə məhdudiyyətin tətbiq edilməsi) qiyabi səsvermə keçirilərək lehinə verilmiş 268 səslə həmin məsələ üzrə müsbət qərar qəbul edilib. Gündəlikdə duran 4-cü məsələ üzrə (binanın əsas girişində və hər 3 blokun giriş hissəsində üztanıma sisteminin quraşdırılması) qiyabi səsvermə keçirilərək lehinə verilmiş 271 səslə həmin məsələ üzrə müsbət qərar qəbul edilib. İş materiallarına əlavə edilmiş qiyabi səsvermə blanklarından görünür ki, digər hallarla bağlı səsvermə ilə yanaşı, X9, X5, X12, X10 gündəlikdə duran 4-cü məsələnin (liftlərdə üz tanınma sistemlərinin quraşdırılması) əleyhinə səs vermişlər. (müvafiq olaraq cild 2, i.v. 88; cild 3, i.v. 219; cild 5, i.v. 175, i.v. 185, ) Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 36.1-ci maddəsinə görə çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. 43.1-ci maddəsi müəyyən edir ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. Çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. Çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. Bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Həmin Məcəllənin 44.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda: 44.6.1. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər; 44.6.2. bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1- 43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyinə daxil olmayan məsələlər üzrə qərarlar qəbul etmək, habelə yığıncağın gündəliyində dəyişiklik etmək hüququ yoxdur. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokolları və səsə qoyulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin yığıncağın qərarı ilə müəyyən edilmiş yerdə və ya ünvanda saxlanılır. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Həmin Məcəllənin 45.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 125.2.1. cəmiyyətin nizamnaməsinə dəyişikliklər etmək; 125.2.2. cəmiyyətin yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul etmək; 125.2.3. cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək; 125.2.4. cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək; 125.2.5. cəmiyyətin xüsusi fondunu, o cümlədən ehtiyat fondunu, çoxmənzilli binanın ümumi əmlakının və avadanlığının bərpası və təmiri fondunu yaratmaq; 125.2.6. borc alınması, o cümlədən bank kreditlərinin alınması haqqında qərar qəbul etmək; 125.2.7. cəmiyyətin təsərrüfat fəaliyyətindən əldə edilən gəlirin istifadə istiqamətlərini müəyyən etmək; 125.2.8. cəmiyyətin maliyyə fəaliyyəti haqqında illik planı və bu planın icrası haqqında hesabatı təsdiq etmək; 125.2.9. cəmiyyətin idarə heyətinin, idarə heyəti sədrinin və təftiş komissiyasının (müfəttişin) hərəkətlərindən şikayətlərə baxmaq; 125.2.10. cəmiyyətin idarə heyəti sədrinin təqdimatı ilə çoxmənzilli binaya xidmət göstərən işçilərə aid daxili nizam qaydalarının qəbul və onlara dəyişiklər edilməsi, o cümlədən onların əməyinin ödənilməsi haqqında qərar qəbul etmək; 125.2.11. cəmiyyətin idarə heyəti üzvlərinin mükafatlandırılması məbləğini müəyyən etmək; 125.2.12. çoxmənzilli binanın ümumi əmlakının icarəyə verilməsi və ya bu əmlaka dair digər hüquqların verilməsi haqqında, həmçinin bu Məcəllənin 122.2.1.-122.2.4-cü maddələrində nəzərdə tutulmuş məsələlər üzrə qərarlar qəbul etmək; 125.2.13. bu Məcəllə ilə və ya qanunla nəzərdə tutulmuş digər məsələlər. Həmin Məcəllənin 126.8-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı ilə bağlı hər hansı bir qərarı ilə cəmiyyətin iştirakçısı olmayan və özünün mülkiyyət hüquqlarının pozulmasını güman edən həmin binanın sahə mülkiyyətçisi razı olmadıqda belə qərar tətbiq edilmir. Bu halda həmin məsələlərlə bağlı qərar bu Məcəllənin 43-47-ci maddələrinə müvafiq olaraq keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən qəbul olunmalıdır. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Xətai-29” MMMC-nin İdarə Heyətinin sədri R.Qasımov tərəfindən xx.xx.2025-ci il tarixdə lift xidmətlərinə dair müqavilə bağlanılaraq, Bakı şəhəri, Ağ şəhər, Mərkəzi bulvar küçəsində yerləşən 7 saylı binanın liftlərində üz tanıma sistemləri quraşdırılmışdır. Həmçinin işin mübahisəsiz halıdır ki, bu sistemin tətbiqi təhlükəsizliyin təmin edilməsi məqsədilərinə xidmət etməklə yanaşı, mülkiyyətçilərin liftdən istifadələrini məhdudlaşdırmaqla, onların liftlə mənzillərinə sərbəst giriş-çıxışını da məhdudlaşdıra bilir. Bununla da, qeyd edilən sistemlərin tətbiqi vasitəsilə mülkiyyətçilərin lift vasitəsilə mənzillərinə daxil olmaq hüquqları məhdudlaşdırıla bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, bu sistemlərin tətbiqi xx.xx.2025-ci il tarixdən cavabdeh təşkilatın İdarə Heyəti tərəfindən təmin ediımişdir. İşin mübahisəsiz halıdır ki, bu qurğular istismara hazır vəziyyətdə olsalar da, hazırda faktiki istifadə olunmurlar. İddiaya münasibətdə cavabdeh təşkilatın dəlilləri ondan ibarət olmuşdur ki, xx.xx.2026-cı il tarixdə qiyabi səsvermə yolu ilə Cavabdeh MMMC-nin iştirakçılarının ümumi yığıncağı keçirilmişdir. Həmin yığıncaqda digər tədbirlərlə yanaşı Xətai-29” MMMC-nin idarə heyəti seçilmiş, binanın saxlanması üçün müəyyən edilmiş aylıq xərcləri ödəməyən sakinlərin liftlərdən istifadəsinə məhdudiyyətin tətbiq edilməsi, binanın əsas girişində və hər 3 blokun giriş hissəsində üztanıma sisteminin quraşdırılması məsələləri üzrə mənzil mülkiyyətçilərin səs çoxluğu ilə müsbət qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, keçirilmiş səsvermənin qanunauyğunluğu hazırki iddia predmetinin əsasını təşkil etmədiyindən, məhkəmə həmin səsvermənin keçirilməsi proseduruna hüquqi qiymət vermir. Məhkəmə tərəfindən iddiaçıların mülkiyyətçi olaraq binanın ümumi mülkiyyətdə olan sahələrindən, o cümlədən liftlərdən istifadə olunması ilə bağlı hüquqlarının, o cümlədən onların mülkiyyətlərində olan mənzillərinə sərbəst şəkildə daxil olmaq hüquqlarının pozulub-pozulmaması hallarına hüquqi qiymət verilərək, iddiaçıların mülkiyyət hüquqlarına qanunsuz müdaxilənin olub-olmaması yoxlanılır. Belə ki, işin mübahisəsiz halıdır ki, liftlərin yerləşdiyi sahələr bina mülkiyyətçilərinin ümumi mülkiyyətində olmaqla, həmin sahələrdən sərbəst istifadə etmək hüququ hər bir mülkiyyətçiyə məxsusdur və hüquq sahiblərinin razılığı olmadığı halda, bu hüquqa törədilən maneələr qanunsuzdur. Eyni ilə mənzil mülkiyyətçiləri öz mənzillərindən istədiklərimi kimi istifadə etmək hüquqlarına malik olduqlarından, buna dair qanunla nəzərdə tutulmuş əsaslar olmadan onların liftlərdən istifədələrinin məhdudlaşdırılması sonuncuların mənzilə sərbəst giriş-çıxışlarına maneələr törətməklə, nəticədə mülkiyyət hüquqlarının pozuntusu ilə nəticələnəcəkdir. Yuxarıda sadalanmış normaların təhlilindən görünür ki, mənzil mülkiyyətçilərinin ümumi yığıncağı geniş səlahiyyətlərə malik olmaqla, özünün idarəetmə üsulunun mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti formasında təşkil olunmasına dair qərar verə bilər. Bu işdən görünür ki, 2021-ci ildə binanın mənzil mülkiyyətçilərinin yığıncağı tərəfindən binanın Cavabdeh MMMC tərəfindən idarə olunması qərara alınmışdır. Həmçinin, yuxarıda sadalanmış normaların təhlilindən həmçinin görünür ki, səlahiyyətlərin həcmi baxımından sahə mülkiyyətçilərinin ümumi yığıncağı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin üzvlərinin ümumi yığıncağı ilə müqayisədə daha geniş səlahiyyətlərə malikdir. Belə ki, Mənzil Məcəlləsinin 126.8-ci maddəsində qeyd edilmişdir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı ilə bağlı hər hansı bir qərarı ilə cəmiyyətin iştirakçısı olmayan və özünün mülkiyyət hüquqlarının pozulmasını güman edən həmin binanın sahə mülkiyyətçisi razı olmadıqda belə qərar tətbiq edilmir. Bu halda həmin məsələlərlə bağlı qərar bu Məcəllənin 43-47-ci maddələrinə müvafiq olaraq keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən qəbul olunmalıdır. Hazırki işin mübahisəsiz halıdır ki, gündəliyin digər məsələləri ilə yanaşı liftlərdə üz tanınma sisteminin tətbiqi barədə gündəliyin 4-cü məsələsi üzrə xx.xx.2026-cı il tarixdə keçirilmiş qiyabi səsvermədə müsbət qərar qəbul edilmişdir və bu sistemin tətbiqi MMMC-nin üzvlərinin səs çoxluğu ilə qərara alınmışdır. Cavabdehin izahatı ilə təsdiq olunan işin növbəti mübahisəsiz halı ondan ibarətdir ki, sahə mülkiyyətçilərindən: İddiaçı9, İddiaçı3, İddiaçı5 (bu iş üzrə iddia vermiş, iddiaları məhkəmə iclaslarında iştirak etmədiklərinə görə baxılmamış saxlanılmış şəxslər) bu sistemin tətbiqinin əleyhinə səs vermişlər. Bu şəxslərin Cavabdeh MMMC-nin iştirakçılarının siyahısına daxil olması iş materialları ilə öz təsdiqini tapmır. Eyni ilə iddianı müdafiə etmiş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 sahə mülkiyyətçiləri olaraq bu sistemin tətbiqinin əleyhinə olmaqları işin mübahisəsiz halıdır. Həmin şəxslərin də Cavabdeh MMMC-nin iştirakçılarının siyahısına daxil olması iş materialları ilə öz təsdiqini tapmır. Bundan əlavə iddiaları məhkəmə iclaslarında iştirak etmədiklərinə görə baxılmamış saxlanılmış iddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı8 da yeni sistemin tətbiqinin əleyhinə olmaqları işin mübahisəsiz halıdır. Onların da Cavabdeh MMMC-nin iştirakçılarının siyahısına daxil olması iş materialları ilə öz təsdiqini tapmır. Bununla da, Cavabdeh MMMC-nin iştirakçısı olmayan ən azı 1 nəfər sahə liftlərdə mübahisələndirilən cihazlar tətbiq edilə bilməzdi. Bununla da keçirilmiş yığıncağın legitimliyinə dair hüquqi əsasları yoxlamadan məhkəmə qeyd edir ki, qeyd olunan yığıncağın qərarı mötəbər olduğu halda belə, MMMC-nin iştirakçısı olmayan sahə mülkiyyətçilərin ən azı birinin narazılığı üz tanınma sistemlərinin tətbiqi ilə bağlı həmin qərarın icrasını istisna edir. Eyni zamanda, qanunvericilik bu kimi hallarda qeyd olunan məsələ ilə bağlı sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsini istisna etmir. İşin hallarından görünür ki, xx.xx.2026-cı il tarixli yığıncağın gündəliyində olan məsələlərlə bağlı MMMC-nin bir və ya birdən çox sahə mülkiyyətçilərinin etirazı əsası ilə sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilməmişdir Məhkəmə iddiaçıların mübahisəli binada sahə mülkiyyətçiləri olduqlarını, həmçinin sonuncuların binanın ümumi mülkiyyətində olan sahələrə (o cümlədən liftlərə) də ümumi mülkiyyət hüququ əsasında sahib olduqlarını və öz mənzillərindən sərbəst istifadə etmək üçün liftlərdən istifadənin zəruri olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Ağ şəhər, Mərkəzi bulvar küçəsində yerləşən 7 saylı binanın liftlərində Cavabdeh MMMC tərəfindən quraşdırılmış üz tanıma sisteminin tətbiqi ləğv edilməli, iddiaçıların liftlərdən maneəsiz istifadə etmək imkanları cavabdeh tərəfindən təmin edilməlidir. Liftlərdə quraşdırılmış üztanıma (face-control) cihazının demontaj edilərək çıxarılması barədə iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülkiyyətçilərin razılığı olduqda, liftlər ümumi əmlak olduğu kimi, həmin liftlərdə quraşdırılmış cihazlar da ümumi əmlaka aiddir. Belə olduğu halda, mülkiyyəçi olaraq öz mülkiyyətindən maneəsiz istifadənin təmin edilməsini tələb edən iddiaçıların hüquqları gözlənildiyi kimi, ümumi mülkiyyətə (liftlərə və liftlərdə quraşdırılan əmlaka) birgə sahib olan digər sahə mülkiyyətçilərinin də hüquqları gözlənilməlidir. Buna görə də mübahisəli qurğuların sökülərək demontaj edilməsi tələbləri təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qurğuların demontajı ilə bağlı məsələlərin həllinin sahə mülkiyyətçilərinin ümumi yığıncağında, MMMC-nin ümumi yığıncağında (və ya sahə mülkiyyətçilərinin qərarına əsasən digər idarəetmə üsulu tətbiq edilməklə) müzakirəsi istisna edilmir. İddiaçı1 hüquqi yardıma görə ödənilmiş 2.400 manat pul məbləğinin Cavabdeh MMMC-dən tutularaq ona ödənilməsi barədə iddia tələblərinə gəldikdə məhkəmə qeyd edir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı çəkilmiş xərclər iş materiallarında müvafiq sənədlərlə təsdiq olunmadığından (misal üçün xərclərin təyinatı ilə bağlı bağlanılmış müqavilə və buna dair qeydlə aparılmış ödəniş əməliyyatlarını təsdiq edən sənədlər), qeyd olunan iddia tələbləri təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh MMMC-dən tutularaq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Ağ şəhər, Mərkəzi bulvar küçəsində yerləşən 7 saylı binanın liftlərində Cavabdeh MMMC tərəfindən quraşdırılmış üz tanıma sisteminin tətbiqi ləğv edilsin və iddiaçıların liftlərdən maneəsiz istifadə etmək imkanları cavabdeh tərəfindən təmin edilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh MMMC-dən tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar