Məhkəmə qərarları › İş №2(011)-6543/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6543/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6543/2021 01.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsindən irəli gələn borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4140.81 manat məbləğində əsas borc, 1847.45 manat faiz borcu olmaqla, ümumilikdə 5988.26 manat məbləğində borcun və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 25 dekabr 2019-cu il tarixli 106804-829372/1 saylı istehlak krediti müqaviləsi əsasən borcluya 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir, borclu Cavabdeh müqavildən irəli gələn öhdəliklərini lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur, bunun üçün onlara yazılı və şifahi formada xəbərdarlıq edilsə də, o, buna münasibət göstərməmiş və banka olan borcunu ödəməmişdir, 30 iyul 2021-ci il tarixinə kimi onların ödənilməmiş 4140.81 manat məbləğində əsas borc, 1847.45 manat faiz borcu olmaqla, ümumilikdə 5988.26 manat məbləğində kredit borcu qalmışdır, müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh krediti vaxtında ödəmədiyindən əlavə gecikdirilmiş kredit borcu yaranmışdır, ona görə də istehlak krediti müqaviləsi üzrə şərtləşdirilmiş öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. 15.09.2021-ci il tarixdə Cavabdeh məhkəməyə ərizə təqdim edərək, həmçinin məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək iddia tələbini qəbul etdiyini etiraf etmiş, bildirmişdir ki, 4140.81 manat məbləğində əsas borc, 1847.45 manat faiz borcu olmaqla, ümumilikdə 5988.26 manat borcu olduğunu qəbul edir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC və Cavabdeh arasında 25.12.2019-cu il tarixdə, 106804-829372/1 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 24 ay müddətinə, illik 29% dərəcəsi ilə 6000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 25.12.2019-cu il tarixli, TT1935993GJF saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh 6000 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan 30.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh borcu 25.12.2019-cu il tarixli, 106804-829372/1 saylı kredit müqaviləsi üzrə 4140.81 manat məbləğində əsas borc, 1847.45 manat faiz borcu olmaqla, cəmi 5988.26 manat borc təşkil edir və kredit müqaviləsi üzrə gecikmə 277 gün təşkil edir. İş materiallarında olan 07.07.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin verdiyi 01.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, illik 29% faiz olmaqla 24 ay müddətinə 6000 manat məbləğində kredit ayrılması barədə İddiaçı ASC və Cavabdeh arasında 25.12.2019-cu il tarixdə, 106804-829372/1 saylı kredit müqaviləsi bağlanmış, Cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə öhdəliklərini icra etməmişdir, cavabdehə borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, borc məbləği ödənilməmişdir, cavabdeh iddia tələbini tam qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 4140.81 manat məbləğində əsas borc, 1847.45 manat faiz borcu olmaqla, ümumilikdə 5988,26 manat alınaraq İddiaçı ASC -yə ödənilməlidir. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4140.81 manat məbləğində əsas borc, 1847.45 manat faiz borcu olmaqla, ümumilikdə 5988 (beş min doqquz yüz səksən səkkiz) manat 26 (iyirmi altı) qəpik məbləğində kredit borcu və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar