Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6564/2021 22.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X11 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 ilə X3 arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, cavabdeh ilə bir neçə ildir tanışdır, düşünmüşdür ki, aralarında dostluq, səmimiyyət, etibar və qarşılıqlı inam var, bir müddət mehriban olaraq yaşamışlar, heç vaxt aralarında evlənmək barədə söhbət olmamışdır, ümumiyyətlə bu mövzuya toxunulmamışdır, bir gün atası ona demişdir ki, ona avtomobil alsınlar, bu barədə razılaşmışdır və atası bankdan pul götürərək, X7 adlı bir şəxsdən Mersedes 240 markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyət hüquqlu etibarnamə ilə almışdır, bu tip etibarnamələr bir il müddətinə verildiyindən bu avtomobili sənədləşdirməli olmuşdur, cavabdehə inandığı üçün onun dediklərinə aldanmışdır, belə ki onunla bərabər işləyirlər, işə bir gedib, birgə gəlirlər, bir gün işdən çıxanda demişdir ki, maşını atasının adına sənədləşdirmək istəyir, tərslikdən həmin vaxt atası evdə olmamışdır, bu zaman cavabdeh onu dilə tutaraq, vaxt itirməmək üçün onun adına sənədləşdirməyi təklif etmiş, sonra yenə ona mülkiyyət hüquqlu etibarnamə verəcəkdir, onun dediklərinə aldanıb razılaşmışdır, lakin sonra cavabdehin ona münasibəti tamamilə dəyişmişdir, ona yalnız idarə etmək üçün etibarnamə vermişdir, bir neçə gün keçmiş onunla sözləşmiş, bir neçə dəfə tək, sonra bacısı ilə evinə gəlmiş, təhqiramiz, nalayiq sözlər işlədərək valideynlərini və onu təhqir etmişdir, bu münaqişə barədə polisə məlumat vermişdir, polis araşdırma aparır, avtomobili cavabdehə vermək fikri olmamışdır, onun avtomobilin alınmasına heç bir xərci çıxmamışdır, cavabdeh sadəcə qadınlığından və etbardan istifadə edərək onu aldatmış, ona aid olmayan əmlaka sahib olmuşdur, avtomobilin ona verilməsi barədə razılığı olmamışdır, yaxın adam kimi qarşılıqlı razılaşma (müqavilə) ilə razılaşmışlar ki, avtomobil formal olaraq onun adına olsa da, iddiaçınındır, faktiki sahibi iddiaçıdır və o idarə edəcək. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı ona qarşı iddia tələbi tamamilə əsassızdır, həmin avtomobili öz vəsaiti hesabına almışdır, iddiaçı ilə bir yerdə işləmişlər, bir müddət sonra aralarında isti münasibət yaranmışdır, bir-birlərinə qarşı ciddi istəkləri olmuşdur, gələcəkdə iddiaçı ilə ailə həyatı quracağını düşünmüşdür, buna görə də iddiaçıdan xahiş etmişdir ki, ona 10.000 manat ətrafında bir avtomobil tapsın, bir müddət sonra iddiaçı ona bildirmişdir ki, o Mercedes markalı bir avtomobil tapmışdır və həmin avtomobili almağını məsləhət görür, onunla razılaşmış, həmin avtomobili 10.000 manata almışdır, hətta o avtomobili alandan sonra iddiaçı ondan avtomobilin təmiri üçün əlavə 3000 manat da pul almışdır, bununla da həmin avtomobili öz adına alqı-satqı edərək almışdır, iddiaçıya avtomobili yalnız idarə etmək-sürmək üçün etibarnamə vermişdir, düşünmüşdür ki, iddiaçı ilə ailə həyatı quracaq və ona görə də güvənərək ona sürmək üçün etibarnamə vermişdir, lakin bir müddət sonra o, həmin avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, buna görə də avtomobili gizlətmişdir, bu səbəbdən aralarında mübahisə olmuş və münasibətləri pozulmuşdur, ona verdiyi etibarnaməni ləğv etdirib, polis vasitəsi ilə avtomobili və avtomobilə dair sənədi onun əlindən almışdır, hal-hazırda mülkiyyətində olan avtomobil servisdədir təmir olunur, həmçinin iddiaçı müqavilə tərəfi deyildir, onun bu iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır. Sonda Cavabdeh qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. 08.10.2021-ci il tarixli məhkəmə iclasında 06.07.1990-cı il təvəllüdlü X6 şahid qismində ifadə verərək izahatında bildirdi ki, iddiaçının qardaşıdır, cavabdehi də iş yerindən tanıyır, “Azərsu”nun Tikinti Xəstəxanasında texnik vəzifəsində işləyir, cavabdeh orada tibb bacısıdır, maşın iyulda alınıb, mübahisəli maşını alanda 9 min pul vermişlər, maşını almağa o da getmişdir, 4 nəfər olmuşlar, pulu atası vermişdir, maşını iddiaçının dostunun əmisindən almışlar, bu barədə Həzi Aslanovda notariusda müqavilə bağlanmışdır, işdə aralarında söz-söhbət olmuşdur deyə cavabdehlə münasibətləri yoxdur, 7 ildir ki küsdürlər, küsdürsə necə cavabdehin maşının təkərini ala bilər, bu o deməkdir ki, maşın qardaşının olmuşdur, təkəri Zabratdan 30.11.2020-ci il tarixdə almışlar, hələ də Ferrum kapitala kredit ödəyir, təkəri öz qardaşına almışdır, maşın cavabdehin deyil, pulunu belə o, verməyib, evdə həmin zaman heç kim yox idi deyə qardaşı maşını cavabdehin adına keçirdib, belə ki, özü rayonda olmuşdur, ailəvi olaraq evdə olmamışlar, 1 illik etibarnamə müddəti bitirdi deyə maşını cavabdehin onun adına keçirmişdir, özündə Prado markalı, atasında Kia markalı şirkət maşını var, cavabdeh onların evində olmayıb. 08.10.2021-ci il tarixli məhkəmə iclasında 07.03.1960-cı il təvəllüdlü X9 şahid qismində ifadə verərək izahatında bildirdi ki, iddiaçını tanıyır, o, oğlunun dostudur, onu hamı Nəzər kimi tanıyır, maşının alqı-satqısı olmazdan əvvəl də Nəzər oğlunun dostu olmuşdur, cavabdehi tanımır, mübahisəli maşın 1996-cı il buraxılışlı 2.4 motor Mercedesdir, özünün olmuşdur, satmaq istəmişdir, oğlu ona demişdir ki, maşını almaq istəyirlər, lakin imkanları azdır, keçən ilin iyun ayında maşına baxmağa gəlmişlər, iddiaçının atası ona 9 min pul vermişdir, maşını Nəzərə satmışdır, atasından isə pul almışdır, maşını əvvəl də özü sürmüşdür, amma oğlunun maşını olmuşdur, bu səbəbdən oğlu Həzi Aslanovda notariusa gəlmiş, etibarnaməyə imza çəkmiş, beləliklə maşını satmışlar. İş materiallarında olan ƏN-V seriyalı 303342 nömrəli 09.09.2020-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X1 Benz C240 minik markalı maşını idarə etmək üçün İddiaçı 25.07.2021-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. İş materiallarında olan ƏN-V seriyalı 680294 nömrəli 05.07.2021-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh Mercedes Benz C240 minik markalı maşını idarə etmək üçün İddiaçı 14.01.2024-cü il tarixədək qüvvədə olan etibarnamə vermişdir. İş materiallarında olan “Bank of Baku” İddiaçı arasında bağlanmış 10.01.2020-ci il tarixli CC/31977/73/15 saylı kredit sazişinin surətindən görünür ki, sonuncuya illik 22 faiz olmaqla, 36 ay müddətinə 6980 manat kredit verilmişdir. İş materiallarında olan 14.01.2021-ci il tarixli CC/60733/78/15 saylı kredit sazişinin surətindən görünür ki, “Bank of Baku” İddiaçı arasında sonuncuya illik 28 faiz olmaqla, 36 ay müddətinə 10.000 manat kredit verilmişdir. İş materiallarında olan 30.11.2020-ci il tarixli SRT004309 saylı nisyə alqı-satqı müqaviləsi və ona 1 saylı əlavədən görünür ki, X6 ümumi məbləği 511 manat olan 4 şin almışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı X8 tərəfindən ona verilmiş etibarnamə əsasında sonuncuya məxsus Mersedes 240 markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh satmışdır, hazırki iddia tələbi həmin müqavilənin etibarsız hesab edilməsi barədədir, iddiaçı müqavilə tərəfi deyildir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır, mübahisə avtomobilin satışından hər hansı bir vəsaitin alınıb-alınmaması barədədir. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, mübahisələndirilən müqavilə Cavabdeh və 3-cü şəxslər arasında bağlandığından, iddiaçı həmin müqavilənin tərəfi kimi çıxış etmədiyindən hazırkı iddia tələbi üzrə iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bununla yanaşı məhkəmə iddiaçının “müqavilənin formal olması, satışdan hər hansı vəsaitin əldə edilməməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh izahat verərək maşının alqı-satqısı üçün 10.000 manat məbləğində pul ödədiyini bildirmişdir ki, bu halın da təkzib olunması sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına buna dair sübutlar əlavə edilməmiş və bu hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, şahid ifadələrinə münasibətdə isə qeyd edir ki, bu ifadələr İddiaçı və iş üzrə tərəf olmayan X8 arasında olan “etibarnamənin verilməsi” barədə münasibətlərlə bağlı olmaqla, hazırki mülki iş üzrə tərəflər arasındakı mübahisənin həlli məqsədilə məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-cü maddəsinə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421- 424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “X7 ilə X3 arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “X7 ilə X3 arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6564/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6564/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver