Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6617/2021 01.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.243 manat əsas borcun, 31.205 manat məbləğində cərimə pulunun, 25.000 manat məbləğində icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 17 mart 2011-ci il tarixli, ********** saylı nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alğı-satqısı ilə məşğul olmaqdır. "xxxx" MMCnin mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, 2009-cu il buraxılışlı, sedan tipli, KMHEC41BBAA023713 şəxsi nömrəli, ağ rəngli, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli, 2503 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 4.700 manat 36 ay müddətinə hər ay üzrə 757 manat ödəniş etməklə, 31.950,33 manata satılmışdır. 02 sentyabr 2019-cu il tarixli, 2503 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 vəd vermişdir ki, 02 sentyabr 2019-cu il tarixli, 2503 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ödəniş etmədiyi təqdirdə zamin olaraq o ödəniş edəcəkdir. Lakin Cavabdeh1 “Hyundai Sonata” minik markalı, 2009-cu il buraxılışlı, sedan tipli, KMHEC41BBAA023713 şəxsi nömrəli, ağ rəngli, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli 2503 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 4.700 manat, 6 ay 861 manat və 1 ay 465 manat ödəniş edərək, cəmi 9.707 manat ödəniş etmişdir. Cavabdeh1 02 may 2020-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 22.243 manat məbləğində əsas borcu ödənilməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, o kredit borcunu ödəməkdən yayınmışdır. Daha öncəki məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Öncəki məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək onun qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İstinad edilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hazırkı iddia tələbinin əsasını tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi və ondan irəli gələn öhdəliklər təşkil etdiyini qeyd edir. Buna əsasən məhkəmə istinad edilən müqavilənin etibarlılığını yoxlamalıdır. Mülki Məcəlləyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. (324, 329-cu maddələr) Hazırkı iddia tələbinin hüquqi əsasını iddiaçının mövqeyinə görə alğı-satqı müqaviləsi təşkil edir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Baxılan mülki iş üzrə tərəflər arasında bağlanmış əqdin predmetini avtomobil təşkil edir. Avtomobil daşınmaz əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Beləliklə yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilməmiş, qanunvericiliyin bununla əlaqədar tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1. maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli 2503 saylı alğı-satqı müqaviləsi etibarsız əqddir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Belə olan halda iddia tələbi təmin edilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı - 22.243 manat əsas borcun, 31.205 manat məbləğində cərimə pulunun, 25.000 manat məbləğində icarə haqqının və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6617/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6617/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver