Məhkəmə qərarları › İş №2(011)-6620/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6620/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6620/2021 30.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər 36 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı icra qeydinin ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər 36 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ-992 nömrəli, 16 mart 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ-992 nömrəli, 16 mart 2021-ci il tarixli icra qeydində göstərilir ki, tələbkar Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı US/55231/66/3 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2.355,24 manat tutulsun. Bundan əlavə təklif edilsin ki, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2375,24 manat pul tutulsun. İcra qeydi Xətai rayon İcra şöbəsinin icraatındadır. Hazırda icra qeydi üzrə icra hərəkətləri keçirilməkdədir. İddiaçı 15 avqust 2014-cü il tarixdə Cavabdeh2 ASC-dən 36 ay müddətinə aylığı 28 faizlə 5000 ABŞ dolları kredit götürmüşdür. Müqavilədə dollar göstərilsə də, həmin krediti iddiaçıya manatla vermişlər. İddiaçı müqaviləyə əlavə edilmiş 1 saylı ödəniş cədvəlində müəyyən edilmiş aylıq borcu və faizini göstərilmiş vaxtda ödəmişdir. 2015-ci ilin fevral ayında olan devalvasiyadan sonra 2015-ci ilin mart ayında iddiaçını Cavabdeh2 ASC-nin Neftçilər filialına dəvət etmişlər və kreditin qaytarılma müddətini 44 ayadək uzatmışlar. İddiaçı borcunu verilmiş yeni cədvəldə göstərilmiş vaxt üzrə 19 noyabr 2018-ci ilədək tam ödəmişdir. Bank tərəfindən devalvasiya nəticəsində əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərqə görə 3.352,45 manat pul iddiaçıya qaytarılmışdır. Kredit üzrə borcu 19 noyabr 2018-ci ildə ödəyib bitirdikdən sonra iddiaçını banka dəvət edib ödənilməmiş borcunun olduğu və xarici valyuta ilə olan borcunu ödəməli olduğu bildirilmişdir. İddiaçıya adına maşın olması və 800 manat pensiya alması səbəbindən ona güzəşt düşmədiyi də bildirilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarda olan sənədlərdən görünür ki, İddiaçı 15 avqust 2014-cü il tarixdə Cavabdeh2 ASC-dən 36 ay müddətinə aylıq 28 faizlə 5000 ABŞ dolları kredit götürmüşdür. Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ-992 nömrəli, 16 mart 2021-ci il tarixli icra qeydinə əsasən tələbkar Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı US/55231/66/3 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2.355,24 manat və tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2375,24 manat pul tutulması qeyd edilmişdir. Məhkəmə işin faktiki hallarına və tərəflərin izahatlarına qiymət verərək hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia ərizəsində, eyni zamanda məhkəmə iclaslarında verdiyi izahatlarda bank ilə aralarında olan münasibətin kredit müqaviləsi olduğunu, həmin mübahisənin borc münasibəti əsasında yaranmış olduğunu bildirmişdir. Notariat haqqında Qanunda qeyd edilmişdir ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Hazırkı iş üzrə tərəflər arasında yaranmış münasibətin borc müqaviləsi əsasında yaranması heç bir zaman mübahisələndirilməmiş, notariat orqanında heç bir zaman həmin müqavilənin mübahisəli olması ilə bağlı şübhə yaranmamışdır. Odur ki, Bakı şəhəri şəhəri 36 saylı Notariat Ofisinin apardığı notariat hərəkətləri qanunauyğun olmuş, heç bir qanun pozuntusuna yol verilmədən aparılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin Qanunun 77-ci maddəsinə əsasən, icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; tələbkarın adı və ünvanı; borclunun adı və ünvanı: ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün);icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; icra qeydini aparan notariusun imzası, möhürü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, Bakı şəhəri 36 saylı Notariat Ofisi qanuvericiliyin tələblərinə uyğun olaraq tələbkarın təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirərək, ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi 18 fevral 2021-ci il tarixdə borcluya göndərmiş, borclu 30 gün ərzində öhdəliyini icra etməmişdir. Bundan sonra, yəni 16 mart 2021-ci il tarixdə 36 saylı Notariat Ofisi tərəfindən icra qeydi aparılmışdır. Məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, hazırkı iş üzrə cavabdeh olan 36 saylı Notariat Ofisi qanunauyğun şəkildə notariat hərəkətləri aparmış, icra qeydi ilə bağlı vaxtında müqavilənin tərəfi olan borcluya bildiriş göndərilmiş, daha sonra icra qeydi aparılmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər 36 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı-Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ-992 nömrəli, 16 mart 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar