Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6705/2025 27.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə dəymiş 7.860 (yeddi min səkkiz yüz altmış) manat ziyanın, 100 manat dövlət rüsumunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğinin və etibarnamənin alınması üçün ödənilmiş 17,25 manat məbləğinin, cəmi 8.277,25 (səkkiz min iki yüz yetmiş yeddi manat iyirmi beş qəpik) manat pul məbləğinin tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN BDYP İdarəsinin verdiyi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, 6TİBE42KO8X508388№-li ban, AZA526687№-li mühərrik və **-NF-*** dövlət qeydiyyat nişanlı, Xəzər rayonunda qeydiyyatda olan “Nissan Not” markalı avtomaşın iddiaçıya məxsusdur və mülkiyyətindədir. Həmin avtomaşını iddiaçı özü idarə edir. Cavabdeh, 11 aprel 2025-ci il tarixdə, təxminən saat 13 radələrində, idarə etdiyi “Honda City” minik markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax magistral yolunun 154-cü km-liyində Hacıqabul rayonunun Nəvahi kəndi hissəsində, Qazaxdan Bakı istiqamətində hərəkət edən zaman “Yol hərəkəti haqqında” Qanununun tələblərini pozaraq avtomobilin qabaq sol hissəsilə zolaqda ondan qabaqda hərəkətdə olan sürücü X1 idarə etdiyi “Mersedes” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa hissəsilə toqquşdurmuş və həmin avtomaşın idarəçiliyini itirərək həmin istiqamətdə yolun ehtiyat hissəsində dayanmış və sürücü İddiaçı məxsus “Nissan-Note” minik markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol yan tərəfi ilə toqquşmuşdur. Hadisə nəticəsində iddiaçının avtomaşınına külli miqdarda maddi ziyan vurmuşdur. Sürücü Cavabdeh “Honda City” minik markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə törətdiyi bu yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının “Nissan-Note” minik markalı avtomaşınına külli miqdarda 7.860 (yeddi min səkkiz yüz altmış) manat miqdarında maddi ziyan dəymişdir. Göstərilən yol nəqliyyat hadisəsi sürücü Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Buna görə də sürücü Cavabdeh AR DİN Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli TP—7170587 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. Həmin qərar qanuni qüvvəyə minmişdir. Sürücü Cavabdeh təqsiri ucbatından baş vermiş göstərilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomaşınına 7.860 (yeddi min səkkiz yüz altmış) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi 100 manat məbləğində pul ödəmişdir. Hüquqi yardım üçün vəkilə 300 (üç yüz) manat, etibarnamə üçün isə 17,25 manat, cəmi isə 317,25 manat ödəmişdir və bu müvafiq mədaxil qəbzi ilə təsdiq olunur. Vurulmuş zərərin ümumi miqdarı, ödədiyi 100 manat dövlət rüsumunu, hüquqi yardım üçün vəkilə ödədiyi 300 (üç yüz) manatı və etibarnamə üçün ödədiyi 17,25 manat nəzərə alınmaqla 8.277,25 (səkkiz min iki yüz yetmiş yeddi manat iyirmi beş qəpik) manat təşkil edir. İddiaçı vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Sual-cavab zamanı o bildirmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə bağlı icbari sığorta şirkətindən təklif olunan məbləğ az olduğundan, iddiaçı tərəfindən qəbul edilməmişdir. Hadisə zamanı bir neçə avtomobilə ziyan dəydiyindən icbari sığorta ödənişi bölüşdürülmüşdür. İddiaçının avtomobili təmir edilib. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz etmişdir. O bildirmişdir ki, iş materiallarından görünür ki, ilkin ziyan aktında iddiaçının avtomobilinə dəymiş ziyan 1.820 manat kimi qiymətləndirilmişdir. Ona sığorta şirkəti tərəfindən 992 manata yaxın ödəniş ayrıldığından, qalan məbləğ isə 800 manata yaxın olduğundan, cavabdeh iddiaçıya artıqlaması ilə 1.000 manat ödəməyə razıdır. Cavabdehin nümayəndəsi yazılı ərizə verərək bildirmişdir ki, iddia tələbini 1.000 manat həcmində qəbul edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehvermə haqqında” TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan fərdi sahibkar X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “Nissan Note” minik markalı **-NF-*** qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 7.860 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2026-cı il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktına əsasən “Mersedes Benz E220 CDİ” minik markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 7.350 manat, “Nissan Note” minik markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 1.820 manat müəyyən edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı təqsirli şəxs **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh olmuşdur. Zərər dəymiş avtomobillər - mülkiyyətçisi İddiaçı olan “Nissan Note” minik markalı **-NF-*** qeydiyyat nişanlı və mülkiyyətçisi X2 olan “Mercedes Benz E220 CDİ” markalı, **-HZ-*** qeydiyyat nişanlı avtomobillər olmuşdur. İş materiallarında olan 23 dekabr 2025-ci il tarixdə "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubun surətindən görünür ki, xx.xx.2025ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində iştirak edən "Nissan Note" markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair hadisə vaxtı qüvvədə olan icbari sığorta müqaviləsi Cəmiyyətdə mövcud olmuşdur. Sığorta hadisəsi müvafiq yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar tərəf, yəni "Honda" markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə sığortalandığı "xxxx" ASC tərəfindən tənzimlənmişdir. Buna görə də tələb olunan məlumatların tərəfimizdən təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, 11 aprel 2025-ci il tarixdə, saat 13:00 radələrində “Nissan-Note” minik markalı **-NF-*** dövlət qeydiyyat nişanlı (mülkiyyətçisi və sürücüsü İddiaçı), “Mercedes” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı (mülkiyyətçisi və sürücüsü E.İbrahimov), “Honda City” minik markalı **-OH-*** dövlət qeydiyyat nişanlı (mülkiyyətçisi və sürücüsü Cavabdeh) avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsir Cavabdeh üzərində olmuşdur. İddiaçı özünə məxsus “Nissan-Note” minik markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ödənilməsini tələb edir. İş materiallarından görünür ki, hadisədən sonra tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən “Nissan Note” minik markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 1.820 manat məbləğində müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi fərdi sahibkar X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “Nissan Note” minik markalı **- NF-*** qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 7.860 manat təşkil edir. Hadisədən sonra daha əvvəl tərtib edildiyinə görə məhkəmə xx.xx.2025-ci il tarixli qüsur aktının məlumatlarını əsas götürür. Bundan başqa işdən görünür ki, iddiaçının cavabdehin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şirkəti tərəfindən ona ayrılmış 992,37 manat sığorta ödənişini almağa hüququ vardır. Buna görə də iddiaçının avtomobilinə dəymiş zərərin 1.820 manat olması müəyyən edilərək, həmçinin sonuncunun sığorta ödənişini almaq hüququ nəzərə alınaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən tutulmalı olan dəymiş zərərin məbləği 827,63 manat məbləğində müəyyən edilməlidir. (1820-992,37). Cavabdeh iddia tələbini 1.000 manat pul tələbi hissəsində qəbul etdiyindən, dəymiş maddi ziyana görə 1.000 (bir min) manat pul məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia qismən təmin edildiyindən, məhkəmə xərclərini təşkil edən hüquqi yardıma görə 150 manat, dövlət rüsumuna görə 100 manat və nümayəndənin etibarnaməsinin rəsmiləşdirilməsi üçün ödənilmiş 17,25 manat olmaqla, cəmi 267,25 manat məhkəmə xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 1.000 (bir min) manat pul məbləği, hüquqi yardım üçün ödənilmiş 150 (bir yüz əlli) manat pul məbləği, 100 (bir yüz) manat dövlət rüsumu və etibarnaməyə görə ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat xərc olmaqla, cəmi 1.267,25 (bir min iki yüz altmış yeddi manat iyirmi beş qəpik) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-6705/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6705/2025
27.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver