Məhkəmə qərarları › İş №2(011)-6707/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6707/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6707/2021 12.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 3.418,59 ABŞ dolları əsas, 1.835,96 ABŞ dolları faiz, 2.912,40 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 502.43 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 8.669,38 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış 22 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinə 18 iyul 2016-cı il tarixli əlavə Sazişə əsasən kredit xətti müqaviləsi ifadəsi kredit müqaviləsi ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 3.418,59 ABŞ dolları təşkil edən qalığı kreditə çevrilmişdir. Kredit müddəti 18 iyul 2018-ci il tarixə kimi uzadılmışdır. 18 fevral 2021-ci il tarixə Cavabdeh kredit üzrə 3.418,59 ABŞ dolları əsas, 1.835,96 ABŞ dolları faiz, 2.912,40 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 502.43 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 8.669,38 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. O, izahatında iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ləğv prosesində olan "xxxx" ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış 22 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 18 fevral 2021-ci il tarixə Cavabdeh kredit üzrə 3.418,59 ABŞ dolları əsas, 1.835,96 ABŞ dolları faiz, 2.912,40 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 502.43 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 8.669,38 ABŞ dolları təşkil edir. Cavabdehə borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddəti ötürüldüyündən, iddia tələbi rədd edilməlidir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh arasında 22 may 2015-ci il tarixində bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 800 manat kredit xətti açılmışdır. Kredit müqaviləsinə 18 iyul 2016-cı il tarixli əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 3.418,59 ABŞ dolları təşkil edən qalığı kreditə çevrilmişdir. Kredit müqaviləsinə 18 iyul 2016-cı il tarixli əlavə Sazişə əsasən kredit xətti müqaviləsi üzrə kredit müddəti 18 iyul 2018-ci il tarixə kimi uzadılmışdır. Göründüyü kimi, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası müddəti 18 iyul 2018-ci il il tarixdə bitmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı həmin vaxtdan başlamışdır. İşin materiallarından görünür ki, iddiaçının mövcud iddia ərizəsi 20 avqust 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.(373.2-ci, 377.2-ci maddələr) Həmin Məcəllənin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Belə ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Digər tərəfdən, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh arasında 18 iyul 2016-cı il tarixli əlavə saziş üzrə icra müddəti 18 iyul 2018-ci il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti 18 iyul 2021-ci il tarixdə bitmişdir. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsinə baxmayaraq iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı “borcun tutulması” barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar