Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-672/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş 3610 manat məbləğində faktiki ziyan, 5280 manat məbləğində əldən çıxmış fayda olmaqla maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 19.02.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı xeyrinə Cavabdeh1 6890 manat məbləğində maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçıya məxsus “Ford Transit” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 idarəetməsi altında, 03.03.2020-ci il tarixində, saat təxminən 17:00 radələrində Ş.Mehdiyev küçəsi ilə Haqverdiyev küçəsi istiqamətində hərəkətdə olan zaman sağ zolaqla hərəkət edən cavabdehlərdən biri olan Cavabdeh2 mülkiyyətində olan, digər Cavabdeh1 isə idarə və istifadə etdiyi “BMW 318İ” markalı, **- FE-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşılarında manevr etmiş və sonuncu yol hərəkəti qaydalarını pozaraq hərəkətdə olduğu zolağa daxil olmaqla iddiaçıya məxsus avtomobillə toqquşmuşdur, toqquşma nəticəsində avtomobilə maddi zərər dəymişdir, hadisə yerinə yol patrul xidməti əməkdaşları çağırılmış, Yasamal rayonu DYPŞ-nin əməkdaşları tərəfindən hadisə üzrə inzibati protokol tərtib olunmuşdur, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 469.1 və 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur, Cavabdeh1 təqsirli bilindiyi yol nəqliyyat hadisəsi üzrə iddiaçıya məxsus avtomobilə 3610 manat məbləğində maddi ziyan dəymişdir, bu barədə müvafiq mütəxəsislər tərəfindən 06.03.2020-ci il tarixdə Ziyan Aktı da tərtib olunmuşdur, cavabdehin İXM-in 469.1-ci maddəsi ilə təqsirli bilinməsindən də avtomobilə dair icbari sığorta müqaviləsi bağlamadığı görünür, buna görə də, iddiaçı sığorta təşkilatından hər hansı məbləğdə sığorta ödənişi ala bilməmişdir. Vəkil həmçinin izahatında bildirdi ki, iddiaçı müvafiq nəqliyyat vasitəsini müxtəlif hüquqi və fiziki şəxslərə icarəyə verməklə ondan gəlir əldə edirmiş, yol-nəqliyyat hadisəsi zamanı da avtomobil 03.06.2019-cu il tarixli müqavilə əsasında "xxxx" MMC-yə icarəyə verilmişdi, müqavilədən də göründüyü kimi iddiaçı aylıq 800 manat həmin avtomobilin icarəsindən gəlir əldə edirmiş, bu hadisə ilə əlaqədar olaraq o, faktiki olaraq əldə edə biləcəyi gəlirlərdən də məhrum olmuşdur, avtomobilin yararsız vəziyyətə düşdüyü müddət ərzində cavabdehin bəhanəli yalançı ödəniş vədləri, pandemiya səbəbindən müxtəlif xidmət sahələrinin tam və ya qismən qapalı olması səbəbi ilə həmin müddətdə avtomobili təmir etdirə bilməmişdir, cavabdehlər vurduqarı ziyanı dərhal ödəsəydilər iddiaçı bu hallarla qarşılaşmaz, gəlirlərdən də məhrum olmazdı. O, həmçinin bildirdi ki, avtomobil "xxxx" MMC-nin avtomobil təmiri xidməti tərəfindən təmir edilmiş, avtomobili icarəyə götürən və onu təmir edən eyni hüquqi şəxsdir, təmir müddəti 09.09.2020-ci il tarixdən 21.09.2020-ci il tarixədək olmaqla 12 günü əhatə etmişdir, avtomobil, təmirdən sonra yenilənmiş icarə müqaviləsi əsasında həmin müəssisə tərəfindən istifadəsi davam etdirilmişdir, avtomobilin boş dayanma hallarında icarə müqaviləsi üzrə nəzərdə tutulan icarə haqqı əldən çıxmış fayda kimi nəzərə alınmalı, əldən çıxmış fayda formasında dəymiş zərər avtomobilin boşdayanma müddəti olan yolnəqliyyat hadisəsinin baş verdiyi 03.03.2020-ci il tarixdən yenidən icarə məqsədilə istifadəyə yararlı olduğu 21.09.2020-ci il tarixədək olan 6 ay 18 gün müddət dövrü üzrə 5280 manat hesablanmalıdır, həmin məbləğ və real maddi zərər kimi isə 1610 manat məbləğ Cavabdeh1 tutularaq iddiaçıya ödənməli, Cavabdeh2la qarşılıqlı razılaşma əldə etdiklərindən, Cavabdeh2 vurulmuş maddi zərərə görə 2000 manat ödəməyi öz öhdəsinə götürdüyündən ona qarşı hər hansı bir iddia tələbi yoxdur. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 11.11.2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh olaraq iddiaçının ona qarşı olan tələbi qanunsuz və əsassız olduğunu hesab edir, digər cavabdehə qarşı olan tələbin həcmi isə dəfələrlə şişirdilmişdir, yol-nəqliyyat hadisəsi baş verən zaman digər Cavabdeh1 ona məxsus olan “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili 21.09.2018-ci il tarixli etibarnamə ilə idarə etməsi və etibarnamə əsasında avtomobilin həmin şəxsin qanuni sahibliyində olması mübahisə predmeti deyil, habelə Cavabdeh1 mülki hüquq fəaliyyət qabiliyyətli şəxsdir, belə olan halda avtomobil həmin cavabdehin qanuni idarəetməsində və sahibliyində olduğu bir vaxtda, iddiaçının pozuntunun onun tərəfindən törədilməsini iddia etdiyi hərəkətə görə onun məsuliyyət daşımağı son dərəcə absurd haldır, iddiaçının iddia ərizəsində ifadə etdiyi mövqedən belə aydın olur ki, “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması, həmin avtomobillə yol-nəqliyyat hadisəsinin və mülki-hüquq pozuntusunun törədilməsi avtomatik olaraq və qeyd-şərtsiz mülkiyyətçi kimi onun mülki məsuliyyət daşımağına əsas verir, halbuki bu tamamilə yalnış yanaşmadır, çünki onun avtomobilin mülkiyyətçisi olmağı və ya həmin avtomobillə bağlı digər cavabdehə etibarnamə verməyi hələ özü-özlüyündə mülki-hüquqi məsuliyyət daşımağı üçün əsas təşkil etmir, bundan əlavə iddiaçının iddia ərizəsində zərərin əvəzinin ödənilməsini iki cavabdehdən müştərək qaydada tələb etməsi onun özünün istinad etdiyi 1108.2-ci maddəsinin tələblərinə ziddir, ona görə ki, həmin normada zərərin əvəzinin əməlində mülki hüquq pozuntusunun olması sübut olunan 2 mümkün variantdan birindən, yəni ya mülkiyyətçidən, ya da etibarnamə (icarə müqaviləsi) əsasında nəqliyyat vasitəsini idarə edən şəxsdən tutulması təsbit olunmuşdur, lakin iddiaçı nədənsə məhkəmədən zərərin əvəzinin tutulmasını hər iki cavabdehdən, yəni yol nəqliyyat hadisəsi nəticəsində inzibati xəta və mülki-hüquq pozuntusu törətməsini iddia etdiyi Cavabdeh1la yanaşı, həmçinin heç bir pozuntuya yol vermədiyi halda ondan tələb etməkdədir. Sonda T.F.Rəcəbov iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. 11.11.2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçının mülkiyyətinə olan maşınla onun istifadəsində olan maşın 03.03.2020-ci il tarixdə, saat təxminən 17:00 radələrində Ş.Mehdiyev küçəsi ilə Haqverdiyev küçəsi istiqamətində hərəkətdə olan zaman toqquşmuşdur, qəbul edir ki, iddiaçıya müəyyən məbləğdə ziyan dəymişdir, lakin hesab edir ki, həmin məbləğ 3600 manat miqdarında müəyyənləşdirilməməli idi, dəymiş ziyanla bağlı məbləğ 800 manat həcmində ola bilərdi, lakin iddiaçı ilə həmin məbləğdə razılaşma əldə oluna bilmir, iddiaçı iddia ərizəsində qeyd edir ki, avtomobilin yararsız vəziyyətə düşdüyü müddətdə cavabdehlərin bəhanəli ödəniş vədləri, onun faktiki maddi vəziyyəti, eləcə də ölkədə pandemiya səbəbindən xidmət sahələrinin fəaliyyətinin tam və ya qismən məhdudlaşdırılması həmin müddətdə avtomobili təmir etdirməyə imkan verməmişdir, cavabdehlər vurduğu ziyanı həmin müddətdə ödəsə idi, iddiaçı avtomobili təmir etdirib gəlirindən də məhrum olmayacaqdı, iddiaçı əldən çıxmış fayda kimi boşdayanma müddəti üçün (6 ay, 18 gün) 5.280 manat pul istəyir, lakin qeyd etmək istəyir ki, iddiaçının maşını 31 mart 2020-ci il tarixində hərəkətdə olan zaman radara düşmüşdür, deməli həmin vaxtda maşın artıq təmir olunmuşdu. Sonda Cavabdeh1 qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 04.03.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AD seriyalı 323040 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan ƏN-İV seriyalı 612539 saylı nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti Cavabdeh2 tərəfindən Cavabdeh1 etibar edilmişdir. İş materiallarında olan 27/19 saylı, 03.06.2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, “Ford Transit” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aylıq 800 manat icarə haqqı müqabilində, 31.12.2021-ci il tarixinədək İddiaçı tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. İş materiallarında olan 27/19 saylı, 03.06.2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə 1 saylı, 05.03.2020-ci il tarixli əlavədən görünür ki, 03.03.2020-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşdüyündən həmin tarixdən nəqliyyat vasitəsi yenidən yararlı vəziyyətə gətirilənədək müqavilənin müddət axımı dayandırılmış, tərəflər müqavilə üzrə öhdəliklərdən azad edilmişlər. İş materiallarında olan 27/19 saylı, 03.06.2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə 2 saylı, 21.09.2020-ci il tarixli əlavədən görünür ki, 01 saylı əlavə ilə dayandırılmış müddət axımı bərpa edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin “Ford Transit” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər barəsində 06.03.2020-ci il tarixli Aktından görünür ki, nəqliyyat vasitəsinin təmir-bərpa xərci 3610 manat təşkil edir. İş materiallarında olan İXP seriyalı ******* saylı, 03.03.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 AR İXM-in 469.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 03.03.2020-ci il tarixdə, saat 17:00-da Yasamal rayonu, Ş.Mehdiyev küçəsində “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-in 469.1 və 327.1-ci maddələrində nəzədə tutulmuş inzibati xətanı törətmiş, buna görə də, 40 manat cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ƏXZ/1 seriyalı, 569158 saylı kassa mədaxil qəbzindən görünür ki, İddiaçı 06.03.2020-ci il tarixli qüsur aktına əsasən avtomobilin təmiri üçün 3610 manat kassaya mədaxil etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “Ford Transit” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı, “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə Cavabdeh2 mülkiyyətindədir, “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti Cavabdeh2 tərəfindən Cavabdeh1 etibar edilmişdir, “Ford Transit” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarə müqaviləsi əsasında aylıq 800 manat icarə haqqı müqabilində, 31.12.2021-ci il tarixinədək İddiaçı tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir, 03.03.2020-ci il tarixində Cavabdeh1 hüquqazidd əməli nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir, yol –nəqliyyat hadisəsinin baş verməsinin nəticəsində Cavabdeh1 tərəfindən idarə edilən “BMW 318İ” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı məxsus “Ford Transit” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur, Cavabdeh1 nəqliyyat vasitəsini idarə edərkən inzibati xəta törətdiyindən ona cərimə növündə inzibati tənbeh tətbiq olunmuşdur, nəqliyyat vasitəsinin təmir-bərpa xərci 3610 manat təşkil edir, nəqliyyat vasitəsinin təmir edilməsi üçün həmin pul məbləği iddiaçı tərəfindən 04.09.2020-ci il tarixində ödənilmişdir, nəqliyyat vasitəsi 05.09.2020-cil tarixdən 20.09.2020-ci il tarixədək təmirdə olmuşdur, avtomobili təmir edən müəssisə ilə icarəçi eyni hüquqi şəxsdir, 21.09.2020-ci il tarixindən etibarən nəqliyyat vasitəsi yenidən icarəyə verilməsi barədə icarəyə verən İddiaçı ilə "xxxx" MMC” arasında razılaşma bağlanmışdır, Cavabdeh1 iddia tələbini qismən qəbul edir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “əldən çıxmış faydaya” münasibətdə qeyd edir ki, avtomobil müqavilə əsasında icarədə olduğundan və bu müqavilənin icrasız qalması cavabdehin hüquqa zidd əməlindən avtomobilə dəymiş ziyanla əlaqədar olduğundan icarəçinin bununla əlaqədar əldə edə bilməyəcəyi gəlirlər əldən çıxmış fayda kimi nəzərə alınmalıdır. Məhkəmə, əldən çıxmış fayda kimi dəymiş zərər məbləğinə münasibətdə qeyd edir ki, bu məbləğin miqdarının müəyyən olunması avtomobilin təmir dövründən asılı olaraq qiymətləndirilməli, bu zaman avtomobilin təmin olunmasının mümkün olmadığı pandemiya ilə əlaqədar sərt karantin rejimi dövrü isə fors-major hal olmaqla nəzərə alınmamalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə və işin müəyyən olunmuş hallarına əsasən qeyd edir ki, avtomobilin təmirdə olduğu 05.09.2020-20.09.2020-ci il tarix dövrü 16 gündür, 800 manat aylıq icarə haqqı 12 gün üçün, 800 manat : 30 gün x 16 gün hesabı üzrə müəyyən olunan 427 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabadehin təqsirkar əməli nəticəsində iddiaçıya əmlakın zədələnməsi nəticəsində 1610 manat, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən məhrum olduğu 427 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 dəymiş real maddi zərərin əvəzi kimi 1610 manat, əldən çıxmış fayda kimi 427 manat olmaqla, cəmi 2037 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 dəymiş maddi zərərin əvəzi kimi 1610 manat, 427 manat əldən çıxmış fayda olmaqla, cəmi 2037 (iki min otuz yeddi) manat pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-672/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-672/2021
04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver