Məhkəmə qərarları › İş №2(011)-6724/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6724/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6724/2022 19.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı öhdəliyinin icra edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 2000 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 2022-ci ilin yanvar ayında 2000 manat məbləğində pul borc götürmüşdür. Həmin borc məbləği cavabdeh ilə aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən verilmişdir. Cavabdeh ilə qarşılıqlı razılaşmaya əsasən cavabdeh cari ilin aprel ayınadək ondan götürmüş olduğu borcu qaytarmalı idi. Cavabdeh ilə ortaq tanışları sayəsində tanışdır. Bu səbəbdən ona inamı tam olmuşdur. Cavabdeh ondan pul alarkən ailə üzvlərinin (anasının əməliyyat olacağını) müəyyən problemlərinin olduğunu, qısa bir zaman içərisində, hətta müqavilə müddəti bitmədən pulunu qaytaracağını bildirmişdir. Müqavilə üzrə müddətlərin tamam olmasına və dəfələrlə cavabdehə müraciətlər etməyinə baxmayaraq cavabdeh faktiki olaraq öhdəliklərini icra etmir. Bununla da cavabdeh ona maddi ziyan vurmaqla yanaşı, onun hüquqlarını pozur və mübahisənin məhkəmə qaydasında həlli mümkündür. Belə ki, artıq cavabdeh onun telefon zənglərinə də cavab vermir. Cavabdehlə aralarında qarşılıqlı inam münasibətləri olmuşdur. Bu səbəbdən inamından sui-istifadə edərək ondan müəyyən səbəbləri əsas gətirərək illərlə halal zəhməti ilə topladığı pulu almışdır. Qarşılıqlı razılaşmaya əsasən o, üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdehin ondan başqa şəxslərə də borcu vardır və eyni şəkildə onlara qarşı da öhdəliklərini icra etməkdən boyun qaçırmışdır, hazırda Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının icraatında iddiaçı Məmmədov lqar Əli İslam oğlunun cavabdehə qarşı kredit öhdəliyinin icra edilməsi tələbinə dair mülki işi vardır. Onun iddiasını təsdiq edən kifayət qədər sübutları və şahidləri vardır. Beləliklə, qeyd edilən normalardan və işin faktiki hallarından məlum olur ki, iddia tələbi qanuni və əsaslıdır. Cavabdeh qərəzli şəkildə ondan aldığı pulu geri qaytarmır. Cavabdeh 2.000 manat məbləğində borcun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmalıdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli “whatsapp” yazışmasından görünür ki, ... Emin salam...Demək istədiyimi çatdıra bilmədim... Bacım qızının bu ay nişanıdır. Mən kömək etməyə söz vermişəm, verdiyin vədi yerinə yetir., - Madiş salam, sənin pulunu qəpiyinə qədər qaytaracam. xx.xx.2022-ci il tarixli whatsapp yazışmasından görünür ki, ... Emin salam, aprel ayından artıq 6 ay keçib... Amma sən borc aldığın iki min manatdan 100 manat belə qaytarmamısan... Belə olmaz, mən sənə çətin vaxtda kömək etdim... Məni düzgün başa düş, məgər mənim problemlərim səni narahat etmir... Xahiş edirəm yaxın 2-3 gün ərzində pulu qaytar... Kimdənsə borc al, ya da maşını, bağ evini sat, sənin qərarındır... Niyə cavab vertmirsən, məgər ayda 150-200 manat ödəmək çətindir sənə? – Mən xəstəxanadayam. xx.xx.2022-ci il tarixli whatsapp yazışmasından görünür ki, ... Salam Mədinə, Ayın axırına kimi pulum olacaq. Təqribən ayın 25-27-sinə kimi sənə olan borcumu ödəyəcəm. “Elektron məhkəmə” İnformasiya sistemindən əldə olunmuş məlumatlara əsasən iddiaçının “whatsapp” tətbiqi vasitəsilə cavabdehlə yazışdığı ***-***-**-**, ***-***-**-** nömrələr cavabdehin adına qeydiyyatdan keçmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı və cavabdehi o, yanvar ayında tanış etmişdir. Emin yalandan anasının xəstə olmasını demiş və ondan pul almış, onların hər ikisini aldatmışdır. Belə ki, ondan da cavabdeh pul almış və qaytarmamşdır. Notariusda onunla müqavilə bağlamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, 2022-ci ilin yanvar ayında tərəflər arasındakı şifahi borc müqaviləsi əsasında cavabdeh iddiaçıdan 2000 manat pul almışdır, həmin pulun iddiaçıya yaxın müddətdə qaytarılması barədə razılaşma olmuş, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımı qaydada yerinə yetirməmiş, bu vaxta qədər borc məbləğinin ödənilməsi gecikdirilməklə hər hansı bir məbləğdə ödəniş etməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, 2000 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı razılaşmadan irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc məbləği cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh, 2000 (iki min) manat pul məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 40 (qırx) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar