Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6743/2025 30.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı – “alimentin növünün dəyişdirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 595/2023 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 üçün borclu Cavabdeh əmək haqqının dörddə bir həddində tutulan alimentin növünün sabit pul məbləğinə dəyişdirilərək 2025-ci il ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan 246 manat yaşayış minimumu həddində müəyyən edilməsi və cavabdehin hər ay uşağın səhhətilə əlaqəli zəruri olan müayinə və müalicə üçün çəkilən 250 manat əlavə xərcə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-595/2023 saylı qətnaməsilə iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikaha xitam verilməsi, birgə nigahdan olan xx.xx.2013-cü il təvəllüdlü X2 iddiaçının himayəsinəə verilməsi və bir uşağın saxlanması üçün Cavabdeh əmək haqqı və gəlirlərinin dörddə biri hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Nikah pozularkən Cavabdeh "xxxx" QSC-də sürücü vəzifəsində işləyirdi, aylıq əmək haqqı 1698.29 manat təşkil edirdi. Məhkəmə qətnaməsi ilə uşağa ödənilməli olan aliment miqdarı əmək haqqının dörddə biri həddində müəyyən edilsə də, borclu Cavabdeh hər ay 220 manat aliment məbləği ödəyir. Dəfələrlə icra məmurundan alimentin məbləğinin niye bu qeder az ödəniş edildiyini soruşsa da, ona cavab olaraq bildirmişdir ki, hazırda işləmir, işsiz kimi qeydiyyatdadır. Qeyd etmək istəyir ki, övladı X4 iki tərəfli sidiklik-sidik axarın refluksu İİİ dərəcəli endokorresiyadan əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar olaraq iki dəfə (4 və 9 yaşlarında) əməliyyat keçirib. Hər ay davamlı olaraq həkim müayinəsinə aparılır və müalicə qəbul edir. Qızımın dərman və müalicə xərclərinə hər ay 250 manat pul xərclənir. Özü satıcı işləyir, aylıq əmək haqqı 350 manat təşkil edir. Aldığı əmək haqqı və uşağa ödənilən 220 manat aliment məbləği ilə uşağın saxlanması, onun məktəb xərclərini və hər ay çəkilən müalicə xərclərini qarşılamaqda çətinlik çəkir və bu da əlavə xərclərin yaranmasına səbəb olur. Uşağa ödənilən 220 manat aliment məbləği 2025-ci il üçün nəzərdə tutulan uşaqlar üçün müəyyən olunan yaşayış minimumu məbləğindən də aşağıdır. Tərəflərin izahatları: İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək, məhkəmədən alimentin miqdarı dəyişdirilərək hər ay 246 manat alimentin tutulması və uşağın səhhəti ilə bağlı müayinə və müalicə üçün 250 manat əlavə xərcə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-595/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Göyçay rayon İnçə kənd İ.N tərəfindən 24 saylı aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2013-cü cü il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay onun əmək haqqı və gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarda aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. xx.xx.2025-ci il tarixli Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilən, CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan gəlir məlumatlarından görünür ki, cavabdeh “ƏKBƏR-A" MMC-də “sürücü” vəzifəsində işləyir, 400 manat əmək haqqı alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Cavadazadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilən ambulator, stasionar xstənin tibbi kartasında 1666 nömrəli çıxarışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 xx.xx.2023cü il tarixdə iki tərəfli sıdıklık-sidik axarın refluks İİİ dərəcəli endokorresiyadan sonraki vəziyyət, sol tərəfli obstruktiv meqaureter İİİ dərəcə diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixdə xəsətəyə sol tərəfli ureterosistoneostomiya stent qoyulması ilə əməliyyat icra olunub,əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, yara birincili sağalıb,xəstəyə məsləhətlər verilmiş və kafi vəziyyətdə evə ambulator müalicə yazılmış, təkrar müayinə və stentin çıxarılması 1 aydan sonra qeyd olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda cavabdehin əmək haqqının ¼ hissəsi uşağın saxlanması üçün azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin tutulma növünün dəyişdirilməsini tələb etməkdə haqlıdır. Qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən sabit pul məbləğində aliment tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin tutulma növü məhkəmə tərəfindən dəyişdirilməlidir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə hesab edir ki, alimentin tutulma qaydasının aliment ödəyən şəxsin qazancının müəyyən hissəsi şəklində, yaxud hər ay sabit pul məbləğində tutulması məhkəmə tərəfindən, xeyrinə aliment tutulan şəxsin tələbi ilə müəyyən olunduğundan, iddiaçı alimentin cavabdehin hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutulma qaydasının dəyişdirilərək 2025-ci il ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan 246 manat yaşayış minimumu həddində tutulmasını xahiş etməkdə haqlıdır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, iddia uşağın yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehdən hər ay uşağın səhhətilə əlaqəli zəruri olan müayinə və müalicə üçün çəkilən 250 manat əlavə xərcin tutulmasına” dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Cavadazadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilən ambulator, stasionar xstənin tibbi kartasında 1666 nömrəli çıxarışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə iki tərəfli sıdıklık-sidik axarın refluks İİİ dərəcəli endokorresiyadan sonraki vəziyyət, sol tərəfli obstruktiv meqaureter İİİ dərəcə diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixdə xəsətəyə sol tərəfli ureterosistoneostomiya stent qoyulması ilə əməliyyat icra olunub,əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, yara birincili sağalıb,xəstəyə məsləhətlər verilmiş və kafi vəziyyətdə evə ambulator müalicə yazılmış, təkrar müayinə və stentin çıxarılması 1 aydan sonra qeyd olunmuşdur. Göründüyü kimi xx.xx.2013-cü il təvəllüdlü X3 diaqnoz qoyularaq əməliyyat olunmuş və mütəmadi olaraq müalicə alması zəruridir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X2 müalicə xərclərinə görə hər ay 100 manat məbləğində vəsait Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçının məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından məhkəmə xərcləri (dövlət rüsumu) iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-595/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin tutulma qaydası dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 müalicə xərclərinə görə hər ay 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6743/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6743/2025
30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver