Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6745/2025 10.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Möhsümzadə Tural Kamran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3918/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin dəyişdirilərək xx.xx.2009-cu ildə anadan olmuş X4 və xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 mislinə uyğun sabit pul məbləğində alimentin, həmçinin tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq onun xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 2 uşağın saxlanması üçün hər ay cəmi 500 manat aliment ödənilməsinə razıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, əvvəlki aliment cavabdehin qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında idi, hazırda alimentin miqdarının artırılmasına ehtiyac var. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbi ilə razıdır. Sonda Cavabdeh iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3918/2019 saylı Qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Səadət sarayında 2149 sayla qeydə alınmış xx.xx.2007-ci il tarixli nikah pozulmuş, Nikah pozulduqdan sonra xx.xx.2009-cu ildə anadan olmuş X6 və xx.xx.2011-ci ildə anadan olmuş X5 cavabdeh İddiaçı yanında saxlanmış, iddiaçı Cavabdeh xx.xx.2009-cu ildə anadan olmuş X4 və xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı xeyrinə hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulması qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı və cavabdehin münasibətindən xx.xx.2009-cu ildə doğulmuş X6, xx.xx.2011-ci ildə doğulmuş X5 anadan olmuşdur. İş materiallarında olan Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/2- 0754/25 saylı, xx.xx.2025-ci il tarixli “X3 (İMS) iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mübahisənin predmeti alimentin miqdarının dəyişdirilməsi olmuşdur. İddiaçı tərəfindən ilkin mediasiyanın keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var və hal-hazırda onlar iddiaçının yanındadırlar, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3918/2019 saylı Qətnaməsinə əsasən, xx.xx.2009-cu ildə doğulmuş X6, xx.xx.2011-ci ildə doğulmuş X1 üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir, aliment 2019-cu ildə təyin edildikdən sonra məhkəməyə müraciət edildiyi tarixə qədər aliment məbləği artırılmamışdır, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən uşaqların saxlanılması üçün ödənilən hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında ödənilən aliment məbləği bu məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, birgə nikahdan olan uşaqların saxlanılması üçün əvvəl aliment təyin olunduqdan sonra uşaqlar üçün yaşayış minimumu artmış, gündəlik tələbat olunan digər məhsulların dəyəri də bir neçə dəfə artmışdır. Qeyd edilən hallar iddiaçının maddi vəziyyətini ağırlaşdırmış, cavabdeh tərəfindən ödənilən aliment ilə uşaqların əvvəlki kimi tələbatlarını ödəməyə kifayət etmir. Məhkəmə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)- 3918/2019 saylı qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi (artırılması) məsələsini müzakirə edərkən, tərəflərin maddi və əmlak vəziyyətini, uşağın yaş həddini, təhsilini, əvvəlki yaşayış səviyyəsi və onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər hallar, uşağın saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, yaşayış şəraitini və ailə vəziyyətini, cavabdehin iddia tələbini qəbul etməsi, həmin dövr (160 manat) ilə hazırki dövrdə (246 manat) uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu arasındakı fərqi, aliment təyin edilən tarixdən hazırki tarixədək dolanacaq xərclərinin əhəmiyyətli dərəcədə artımını, əvvəl təyin aliment miqdarını və diqqətəlayiq digər halları nəzərə alaraq, uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.63 mislində, sabit pul məbləğində aliment tutulmasını məqsədmüvafiq hesab edir. Məhkəmə, alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti ərizənin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarın 8.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.11-1-ci bəndinə əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Həmin Qərarın 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2009-cu ildə doğulmuş X6, xx.xx.2011-ci ildə doğulmuş H X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, Cavabdeh sabit pul məbləğində hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.63 misli miqdarında aliment tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, hazırki iddia qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 6048 (504x12) manat olduğundan cavabdehdən dövlət mədaxilinə 80,48 manat dövlət rüsumu alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(010)-3918/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsində müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 (sıfır tam yüzdə altmış üç) misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 80 (səksən) manat 48 (qırx səkkiz) qəpik məbləğində dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6745/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6745/2025
10.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver