Məhkəmə qərarları › İş №2(011)-6747/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6747/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6747/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: Kreditor "xxxx" ASC kredit borcunun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh kreditor "xxxx" ASC-nin xeyrinə 3.996,71 manat əsas borc, 1.734,30 manat faiz borcu olmaqla, cəmi 5.731,01 manat məbləğində kredit borcu və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 25 aprel 2016-cı il tarixdə 3.996,71 manat məbləğində əsas borc, 1.734,30 manat məbləğində faiz borcu, cəmi 5.731,01 manat məbləğində pul vəsaitinin və 20 manat məbləğində dövlət rüsumunun borclu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. Məhkəmə əmrindən borclu Cavabdeh etiraz vermiş və məhkəmənin 17 iyul 2023-cü il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iş materialları iddia icraatına keçirilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh əmrin qanunsuz olduğunu hesab edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: "xxxx" ASC ilə Cavabdeh arasında 26 sentyabr 2013-cü il tarixli 638 nömrəli kredit müqaviləsi bağlanmış, sonuncuya illik 24% dərəcəsi ilə 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində banka borcu qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 25 aprel 2016-cı il tarixdə 3.996,71 manat məbləğində əsas borc, 1.734,30 manat məbləğində faiz borcu, cəmi 5.731,01 manat məbləğində pul vəsaitinin və 20 manat məbləğində dövlət rüsumunun borclu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. Borclu Cavabdeh bağlanmış kredit müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirmiş, məhkəmə də kredit müqaviləsindəki imzaların borcludan götürülmüş imza nümunələri ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə xətçünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, mülki iş materiallarında olan 26 sentyabr 2013-cü il tarixli 638 saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalar və həmin müqavilənin “Tərəflərin hüquqi ünvanları və rekviziləri” bölməsindəki “Cavabdeh” sözlərindən sonra aşağıdakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Kreditor "xxxx" ASC vəsatətlə məhkəməyə müraciət edərək hazırkı iş üzrə tələb etmə öhdəliyin İddiaçı QSC BOKT-a keçdiyini, bu səbəbdən iddiaçı "xxxx" ASC-nin İddiaçı QSC BOKT ilə əvəz olunmasını xahiş etmişdir. İş materialları əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının 2.3.1ci bəndinə əsasən "xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək, 2.3.3-cü bəndinə əsasən tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək vəzifələrini yerinə yetirmək İddiaçı QSC-yə həvalə edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı ekspert rəyi ilə müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış müqavilədə borc alan qrafasındakı imzalar cavabdeh tərəfindən icra edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncu bankdan 5.000 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Odur ki, iddiaçı əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə belə hesab edir edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 3.996,71 manat, faiz borcuna görə 1.734,30 manat, ümumilikdə 5.731,01 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30 manat dövlət rüsumu ödəmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş təqdiqatın dəyəri 110 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manat cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3.996,71 (üç min doqquz yüz doxsan altı manat yetmiş bir qəpik) manat əsas, 1.734,30 (bir min yeddi yüz otuz dörd manat otuz qəpik) manat faiz borcu olmaqla, cəmi 5.731,01 (beş min yeddi yüz otuz bir manat bir qəpik) manat alınaraq İddiaçı BOKT QSC-yə ödənilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı BOKT QSC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar