Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6782/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.A.Əhmədov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə İddiaçı 2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuş, nikah məhkəmə qaydasında pozulmuşdur. Mediasiya prosesi nəticəsində Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli Barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Xətai rayon Məhkəməsinin 2(011)-3150/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəniləcək alimentin miqdarı 193 manat müəyyən olunmuşdur. Lakin barışıq sazişi bağlanandan sonra Cavabdeh barışıq sazişinin şərtlərini icra etmədiyindən, iddiaçı tərəfindən Xətai rayon Məhkəməsinə ərizə ilə müraciət olunmuş və Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişi Xətai rayon Məhkəməsinin müvafiq qərarı ilə təsdiq edilmişdir. İddiaçı özü ikinci dəfə ailə həyatı qurub, hazırda Türkiyədə yaşayır, əczaçılıq sahəsində işləyir, iddiaçı və cavabdehin birgə nikahdan doğulmuş uşağı artıq elə bir yaş dövrünə çatmışdır ki, onun adi məişət ehtiyaclarının (geyim, qida, və s.) ödənilməsinə ayda ən azı 250-300 manat pul lazımdır. Cavabdeh tərəfindən ödənilən aliment uşağın ehtiyaclarını ödəmir. Həyat səviyyəsinin dəyişməsi ilə əlaqədar qiymətlər də artdığı üçün qətnamə üzrə müəyyən edilmiş aliment uşağın saxlanılması üçün kifayət etmir. Ona görə də həmin aliment məbləğinin artırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir, buna görə də hesab edir ki, aliment məbləği artırılmalıdır. Sonda iddiaçının nümayəndəsi R.A.Əhmədov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, başının sağ tərəfində kista var, ikinici qrup əlildir, ayda cəmi 220 manat məbləğində pensiya alır, bundan başqa gəlir mənbəyi yoxdur, may ayındakı məhkəmə qətnaməsi ilə onun hər ay 193 manat məbləğində aliment ödəməsi müəyyən olunmuşdur, həmin məbləği də böyük çətinliklə ödəyir, bundan artıq məbləği ödəməyə gücü çatmır, xəstəliyinə görə heç bir yerdə də işləyə bilmir, aliment məbləği 5 ay bundan əvvəl artırılıb, yenidən artırılması üçün heç bir əsas yoxdur. Sonda Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(011)- 4055/2023 saylı Qətnaməsindən görünür ki, Əhmədzadə (Pəhlivan) Qənirə Rasim qızı və Cavabdeh arasında xx.xx.2022-ci il tarixində mediasiya prosesi nəticəsində “Birgə nikahdan doğulmuş 04 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3150/2019 saylı, 04 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi; tərəflərin birgə nikahdan doğulmuş 05 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün "İkinci tərəf"in "Birinci tərəf"ə hər ay 193 (yüz doxsan üç) manat aliment ödəməsi; alimentin miqdarındakı dəyişikliyin 01 iyul 2022-ci il tarixindən hesablanması; alimentin hər ayın 25-dək "Birinci tərəf'in təqdim etdiyi bank hesabına ödənilməsi; tərəflərin birgə nikahdan doğulmuş X4 ilə ünsiyyətdə olmaqla bağlı "Birinci tərəf"in "İkinci tərəf"-ə hər hansı bir maneə yaratmaması; tərəflərin bir-birinə qarşı gələcəkdəki davranışlarını qarşılıqlı hörmət və uşağın mənafeyinə uyğun şəkildə həyata keçirəcəkləri; tərəflərin bir-birilərinə qarşı hədə, qorxu, böhtan və fiziki zoru özündə ehtiva edən hərəkətlərdən və davranışlardan çəkinəcəkləri və digər şərtlərlə” bağlanmış “Barışıq sazişi” təsdiq edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 335650 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuşdur, bu barədə xx.xx.2014-cü il tarixdə 3421 nömrə ilə qeyd edilmişdir. Onun atası Cavabdeh, anası isə X1r. İş materiallarında olan 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/16-01530 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İş materiallarında olan 5 saylı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli 2-17-7/2-C- 37160/2023 saylı arayışından, həmşinin “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ikinci qrup əlil olmaqla, ona aylıq 220 manat pensiya təyin edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan 04 iyun 2014-cü il təvəllüdlü X4 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmışdır və hal-hazırda da onun yanındadır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-4055/2023 saylı qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 193 manat sabit pul məbləğində alimentin tutulmasına dair Barışıq Sazişi təsdiq edilmişdir, cavabdeh ikinci qrup əlil olmaqla, aylıq 220 manat pensiya alır, onun adına daşınar və daşınmaz əmlak, iş yeri və s. müəyyən olunmamışdır. Bununla belə, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olmasını sübut edən hallara dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, iddia tələbinə münasibətdə tərəflərin maddi və ailə vəziyyətini, onların əmlak vəziyyətini (cavabdehin adına daşınar və daşınmaz əmlakların olmamasını), cavabdehin əmək haqqının olmamasını, əlilliyə görə 220 manat məbləğində pensiya almasını, iddiaçı tərəfindən, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olması barədə sübutların təqdim edilməməsini, habelə buna dair halların məhkəmə tərəfindən də müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının “alimentin artırılması” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, həmçinin cavabdehə qarşı hazırki iddia tələbi rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə” iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6782/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6782/2023
25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver