Məhkəmə qərarları › İş №2(011)-6799/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6799/2020

07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6799/2020 07.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “pulun tutulması, tələbin girov qoyulmuş əmlaklara yönəldilməsi, əmlakların hərracda satılması və sair” tələbi barəsində iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından xx xxxxx 2017-ci il tarixli, rb/km 1125 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 199.998,27 dollar, faiz borcuna görə 9900 dollar, dəbbə borcuna görə 10.879,33 dollar, cəmi 220.777,6 dollar məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2017-ci il tarixli rb/km1125 saylı Baş Kredit Xətti Müqaviləsinin müddətinin xx xxxx 2018-ci il tarixdə “Baş kredit müqaviləsinin müddətinin uzadılması haqqında Əlavə Razılaşmaya əsasən xx xxxxx 2018-ci il tarixdən 15 ay müddətinə hər rüb 40.000 ABŞ dolları məbləğində ödəniş etmək şərtilə uzadılması, xx xxxx 2019-cu il tarixdə “Baş Kredit Müqaviləsinin (kredit müqaviləsinin) müddətinin uzadılması haqqında Əlavə Razılaşmaya əsasən tərəflər xx xxxxx 2017-ci il tarixli rb/km1125 saylı Baş Kredit Xətti Müqaviləsinin müddətinin xx xxxx 2020-ci il tarixinə qədər uzadılması haqqında razılıq əldə olunduğunun nəzərə alınması, xx xxxxx 2017-ci il tarixli rb/km1125 saylı Baş Kredit Xətti Müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə xx xxxx 2019-cu il tarixdə X1 Andreanın cavabdeh qismində cəlb edilməsi, xx xxxxx 2017-ci il tarixli rb/km1125 saylı Baş Kredit Xətti Müqaviləsi üzrə yaranmış cəmi 220.777,6 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından və X1 Andreadan tutulması, tələbin Zena Drilling LTD AR filialı tərəfindən girov qoyulmuş daşınar əmlaklara yönəldilməsi, Zena Drilling LTD AR filialına məxsus daşınar əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının və X1 Andreanın xx xxxxx 2017-ci il tarixli rb/km1125 saylı Baş Kredit Xətti müqaviləsi üzrə cəmi 220.770,6 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, girovun satışından əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı təqdirdə qalan borcun cavabdehlər Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından və X1 Andreadan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə hesab edir ki, hazırkı iş ümumi yurisdiksiyalı məhkəməyə aid deyildir. Buna görə də iş aidiyyatı məhkəməyə göndərilməlidir. Belə ki, iddia ərizəsi və iş materiallarından görünür ki, İddiaçı ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində vergi ödəyicisi olaraq qeydə alınmış hüquqi şəxs, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində vergi ödəyicisi olaraq qeydə alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində ümumi yurisdiksiyalı məhkəmələrin səlahiyyət dairəsi müəyyən edilmişdir. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsinə ümumi yurisdiksiyalı məhkəmədə baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, mövcud mübahisə üzrə aidiyyət Bakı Kommersiya Məhkəməsinə aid olduğu halda, mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “pul tələbi” barədə iddiasına dair iş baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar