Məhkəmə qərarları › İş №2(011)-6809/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6809/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6809/2021 26.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı Məhəmmməd oğlunun, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Məhəmmməd oğlunun Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Məhəmmməd oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19.000 manat məbləğində əsas, gecikdirilmiş vaxt üçün 950 manat faiz borcu, hüquqi yardım üçün ödənilən 300 manat olmaqla, ümumilikdə 20.250 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 31 iyul 2018-ci il tarixdə Bakı şəhər 9 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlayaraq, 31 iyul 2020-ci il tarixədək geri qaytarmaq şərti ilə ona 23.000 manat məbləğində borcu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə vermişdir. Cavabdeh borcundan 4.000 manat ödəmiş, lakin artıq bir il müddət keçməsinə baxmayaraq, geri qalan 19.000 manat borcunu ödəməkdən imtina etmişdir. İddiaçı dəfələrlə borcunu ödəmək üçün müraciət etsə də, bu müraciətləri heç bir nəticə veməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-ni 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18.000 manat məbləğində əsas, gecikdirilmiş vaxt üçün 900 manat faiz borcu olmaqla, ümumilikdə 18.900 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məhəmmməd oğlu, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 31 iyul 2018-ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı borclu Cavabdeh 23.000 manat məbləğində borc vermişdir. Borc alan pulu 31 iyul 2020-ci il tarixində borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin o, bugünədək borcundan 5000 manat ödəniş etmiş, qalan borcunu isə ödəməmişdir. Belə olan halda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh öhdəliyini pozaraq iddiaçıya olan borcunu tam şəkildə qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasında iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddiaçı 18.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra 31 iyul 2020-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək illik 5% olmaqla hesablanmış 900 manat borcun tələb edilməsi hissəsinə qiymət verərək hesab edir ki, məhz kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə iddiaçı bu məbləği tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, iddianın qiymətinin 500 manatdan çox olmasını və iddia tələbinin tam təmin olunmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 30 manat məbləğində rüsum tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, cavabdehdən 18.000 manat əsas, 900 manat faiz borcu olmaqla, cəmi 18.900 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 18.000 (on səkkiz min) manat əsas borc, gecikdirilmiş vaxt üçün 900 (doqquz yüz manat) faiz borcu olmaqla, ümumilikdə 18.900 (on səkkiz min doqquz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı Məhəmmməd oğluna ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar