Məhkəmə qərarları › İş №2(011)-6818/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6818/2022

14.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6818/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Romaniv Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Romaniv Cavabdeh qarşı cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü Romaniv Ruslan Cavabdehoviçin yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Romaniv Cavabdeh ilə xx.xx.2006-cı il tarixində rəsmi nikahda daxil olmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Romaniv Ruslan Cavabdehoviç adlı oğulları anadan olmuşdur. Uşağı tək başına saxlamaq iddiaçıya çətindir. Cavabdeh uşağın saxlanılması üçün iddiaçıya heç bir köməklik göstərmir. Halbuki bu onun valideynlik borcudur. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilən hallar nəzərə alınmaqla qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Romaniv Ruslan Cavabdehoviç xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Romaniv Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1268/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü Romaniv Ruslan Cavabdehoviçin yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq cavabdeh Romaniv Cavabdeh İddiaçı xeyrinə 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə yuxarıda qeyd edilən normativ hüquqi aktların normalarının tələblərini və iş üzrə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığını, həmçinin cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş alimentin məbləği qismən artırılmalı, Romaniv Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü Romaniv Ruslan Cavabdehoviç yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz) manat məbləğində sabit pul şəklində aliment X1 xeyrinə tutulmalıdır. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 468 manat (39 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,00 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1268/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Romaniv Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği artırılsın. xx.xx.2008-ci il təvəllüdlü Romaniv Ruslan Cavabdehoviçin yetkinlik yaşına çatanadək saxlanılması üçün Romaniv Cavabdeh bu qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 193 (yüz doxsan üç) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh Romaniv Cavabdeh 30,00 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar