Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6830/2023 17.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1869 manat zərərin, 3 (üç) il müddətinə gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 270,35 manatın və ödədiyi 45 manat dövlət rüsumunun, cəmi 2184,35 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, iddia tələbinin azaldılaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kazım oğlundan 1710 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi ilə) xx.xx.2020-ci il tarixli, 1(011)-193/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cavabdeh1 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh2 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə müdafiəçi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(011)-193/2020 saylı hökmü müdafiəçi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Cavabdeh1 və tanışı Cavabdeh2 ilə birləşib, xx.xx.2019-cu il tarixdə saat 14 radələrində ünvan 1 ünvanda yerləşən ona məxsus bağ sahəsinə daxil olaraq avtomobilə 1 ədədi 80 manat olan, 5 ədəd dəmir listi, 100 manat qiymətində hamam vannası, 1 ədədi 350 manat qiymətində 2 ədəd dəmir çərçivələri, 1 metri 2 manat qiymətində 30 metr ölçüdə qaz borusunun və 1 metri 3 manat qiymətində 150 metr ölçüdə su borusunu yükləyib aparmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxs kimi ona ümumilikdə 1710 manat zərər vurmaqla oğurluq etmişlər. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təyin olunmuş cəzalarını çəkib qurtarsalar da, zərərçəkmiş şəxs kimi ona dəymiş 1710 manat pulu bu günə kimi ona ödəməmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurduqları 1710 manat zərər məhkəmə qaydasında cavabdehlərdən müştərək olaraq onun xeyrinə tutulmalıdır. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(011)-193/2020 nömrəli hökmündən görünür ki, Cavabdeh2, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə, tanışı Cavabdeh1 ilə bir qrup şəxs halında birləşib, xx.xx.2019-cu il tarixdə saat 14 radələrində ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus başqa saxlanc yeri hesab edilən bağ sahəsinə giriş qapısının üzərində olan qıfılı sındırıb içəriyə qanunsuz daxil olaraq onların cinayətkar niyyətindən xəbəri olmayan X1 idarə etdiyi və sonuncunun adına olan **-RT-*** nömrəli «VAZ 2104» markalı avtomobilə 1 ədədi 80 manat olan, 5 ədəd dəmir listi, 100 manat qiymətində hamam vannası, 1 ədədi 350 manat qiymətində 2 ədəd dəmir çərçivələri, 1 metri 2 manat qiymətində 30 metr ölçüdə qaz borusunu və 1 metri 3 manat qiymətində, 150 metr ölçüdə su borusunu yükləyib aparmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1710 manat zərər vurmaqla oğurluq etmişlər. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(103)- 1049/2020 saylı Qərarından görünür ki, müdafiəçi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 172.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-193/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli hökmü müdafiəçi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus bağ sahəsindən oğurluq etməklə ona 1710 manat məbləğində maddi zərər vurmuşlar, məhkəmə qərarı ilə bu cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar, törətdikləri əmələ görə onlar barəsinə çıxarılmış məhkəmə hökmü qanuni qüvvəyə minmişdir. Lakin cavbdehlər vurduqları zərərin əvəzini ödəməmişdir. Bununla belə, cavabdehlərin borc öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin hüquqazidd əməlləri nəticəsində ona dəymiş maddi ziyanı tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 1710 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehlərin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, İddiaçı tərəfindən ödənilmiş 37,10 manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı dəymiş maddi zərərə görə 1710 (min yeddi yüz on) manat və dövlət rüsumu qismində ödənilmiş 37 (otuz yeddi) manat 10 (on) qəpik məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6830/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6830/2023
17.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver