Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6839/2021 28.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan 2018-ci ildən borc adı ilə almış olduğu 20.000 ABŞ dolları, yəni 34.000 manat ekvivalentində pulun alınaraq qaytarılması, həmin müddət ərzində pul vəsaitindən səmərəli istifadə edə bilmədiyinə görə iddiaçıya vurulmuş 5.000 manat ziyanın, 150 manat vəkil ödənişinin və 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər Xətai rayonu ərazisində Xudu Məmmədov küçəsində yaşamışdır. Cavabdeh iddiaçının əri Nasirlə uzun illər tanışlığı və səmimi münasibətləri olmuşdur. O, 2018-ci ildə Xətai rayonunda Xudu Məmmədov küçəsində yaşayan zaman iddiaçının əri ilə iş fəaliyyətini genişləndirmək üçün 20.000 ABŞ dolları pul vəsaiti lazım olduğunu və həmin pul vəsaitini 5-6 ay ərzində qaytaracağını bildirmişdir. İddiaçı cavabdehin əri ilə yaxşı münasibətləri olduğundan ona inanaraq etibar etməklə 20.000 ABŞ dolları pul vəsaitini 5-6 ay ərzində qaytarmaq şərtilə cavabdehə vermişdir. Lakin cavabdeh indiyə qədər həmin pulu qaytarmamışdır. Daha sonra iddiaçı cavabdehə onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirmiş, cavabdeh ona 26 avqust 2019-cu il tarixdə yazılı qəbz vermişdir. Həmin qəbzdə aldığı 20.000 ABŞ dolları pul vəsaitini hər ay 2.000 ABŞ dolları olmaqla hissə-hissə ödəyəcəyini göstərmişdir. Lakin cavabdeh bu vədinə də əməl etməmişdir. Məhkəmə iclasında iddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək onun qismən təmin edilməsini xahiş etdi. O, izahatında iddiaçının ondan tələb etdiyi 20.000 ABŞ dolları pul vəsaitini qəbul etdiyini və ödəməyə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ilin dekabr ayında tanışı Cavabdeh Xudu Məmmədov küçəsi 39, 3 saylı mənzildə 20.000 ABŞ dolları pulu borca vermişdir. Məhkəmə cavabdeh tərəfindən məhkəmə iclasında verilmiş izahata qiymət verərək belə hesab edir ki, cavabdeh məhkəmə iclasında iddiaçıdan 20.000 ABŞ dolları pul vəsaitini aldığını özü etiraf etmişdir və həmin pulu geri qaytarmağı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıdan 20.000 ABŞ dolları pul vəsaitini aldığını özü etiraf etmişdir və həmin pulu geri qaytarmağı qəbul etmişdir. Belə olan halda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh borc məbləğini almaq hüququna malik olduğu kimi yaranmış borcu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə istinad edərək, cavabdehin iddia tələbini həmin hissədə qəbul etməsini də nəzərə alaraq iddia tələbinin həmin hissədə təmin olunmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 20.000 ABŞ dolları alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının həmin müddət ərzində pul vəsaitindən səmərəli istifadə edə bilmədiyinə görə ona vurulmuş 5.000 manat ziyanın cavabdehdən tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehin borcunu qaytarmamasına görə ona 5.000 manat ziyan vurulduğunu qeyd etsə də, qeyd olunan ziyanı sübuta yetirəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə iddia tələbinin 150 manat vəkil ödənişinin cavabdehdən tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassız olmaqla rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdən 150 manat hüquqi xidmət xərcini tələb etsə də, hüquqi xidmətə görə çəkilmiş xərcinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bu hal məhkəmə iclasında işin hər hansı halı ilə aşkarlanmamışdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20.000 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6839/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6839/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver