Məhkəmə qərarları › İş №2(011)-6840/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6840/2024

11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6840/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2927 manat 99 qəpik pulun ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 1800 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh xx.xx.2024-ci il tarixində Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi prospekti üzrə **-HT-*** dövlət qeydiyyat nişanlı "Hyundai Accent" markalı avtomobilində hərəkət edərkən ona məxsus olan və idarə etdiyi **-LD-*** dövlət qeydiyyat nişanlı "Ford Fiesta" markalı avtomobilinə arxadan güclü zərbə vuraraq yol qəzası törətmişdir. Həmin gün qəza yerinə gələn Bakı Dövlət Yol Polisi əməkdaşları tərəfindən yol qəzası qeydə alınmış, və qəzaya aid müvafiq protokol tərtib edilmişdir. Zərbənin çox güclü olduğu üçün salonda hətta təhlükəsizlik yastıqları açılmışdır. Qəza zamanı burun körpü nahiyəsindən və sol əlinin biləyindən qanayan xəsarətlər almağına baxmayaraq, bununla bağlı cavabdeha qarşı heç bir iddia sürməmişdir. Qəza ilə bağlı daha ətraflı məlumat məktuba əlavə edilən inzibati xəta haqqında protokolun surətində qeyd olunub. Avtonəqliyyat vasitəsinə dəyən zərəri "xxxx" 7239 manat 30 qəpik məbləğində qiymətləndirmişdir. Qeyd olunan məbləğin yalnız 4311 manat 31 qəpik həcmində olan hissəsi "xxxx" tərəfindən ona ödənilmişdir. Hazırda 1800 manat məbləğində olan pulun cavabdeh tərəfindən ödənilməsinə dair qərarın qəbul edilməsini istəyir. Sonda İddiaçı iddia tələbinn təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh ərizəsinə uyğun izahat verərək bildirdi ki, hazırda İddiaçı 1800 (min səkkiz yüz) manat borcu qalmışdır, borcu olduğunu etiraf edir qaytaracaqdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati Xəta haqqında protokolun TP ******* saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli “avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə” dair hesabatından görünür ki, İddiaçı məxsus **-LD-*** dövlət qeydiyyat nişanlı "Ford Fiesta" markalı avtomobilinə yekun məbləğ 7239 manat 30 qəpik dəyərində ziyan dəymiş, qeyd olunan məbləğin yalnız 4311 manat 31 qəpik həcmində olan hissəsi "xxxx" tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Ərizədən görünür ki, Cavabdeh iddia tələbini qəbul edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında olan razılaşmaya əsasən, avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 1800 manat məbləğində pulu ödəməyə razıdır. Cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının avtomobilinə dəyən zərərə görə, cavabdehin bununla bağlı iddiaçıya 2927 manat 99 qəpik borcunun qalması, lakin iddiaçıya olan borcunu qaytarmaması, sonuncunun hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1800 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumuna görə ödənilmiş 38 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1800 (min səkkiz yüz ) manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 38 (otuz səkkiz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar