Məhkəmə qərarları › İş №2(011)-6870/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6870/2024

02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6870/2024 02.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 12 sentyabr 2013-cü il tarixdə rəsmi nikahlarını qeyd etdirməklə evlənmişdir. Onların birgə nikahından 6 avqust 2014-cü ildə anadan olmuş Aişa, 9 noyabr 2019-cu ildə anadan olmuş Fateh adlı iki övladları vardır. Cavabdehin iddiasına əsasən Ağdam Rayon Məhkəməsinin 05 may 2022ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar ananın himayəsində qalmaqla hər uşaq üçün 193 manat alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmış və hər uşaq üçün 220 manat tutulması qət edilmişdir. Cavabdeh əlavə xərclərə cəlb olunmamış və uşaqları saxlamaq iddiaçı üçün ciddi maddi çətinliklər yaratmışdır. İddiaçı heç yerdə işləmir. Ona görə də, alimentin miqdarı artırılaraq hər uşaq üçün 235 manat tutulmasə qət olunmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 06 avqust 2014-cü il təvəllüdlü qızı Aişanın və 09 noyabr 2019-cu il təvəllüdlü oğlu Fatehin yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat və əlavə xərclərə cəlb olunmaqla hər ay hər uşaq üçün 200 manat olmaqla, 400 manat (cəmi 870 manat) pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırkı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasına etiraz etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etməklə yanaşı, məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, hər uşağa görə 235 manat məbləğində alimentin tutulmasına etirazı yoxdur. Məhkəmə cavabdehin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 428392 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2022-ci ilin iyul ayının 05 günündə 75 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3509/2023 saylı, 19 iyun 2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 06 avqust 2014-cü il təvəllüdlü X2 və 09 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentin məbləği uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu, həmçinin cavabdeh həmin məbləğdə alimentin ödənilməsinə etiraz etmədiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 06 avqust 2014-cü il təvəllüdlü X2 və 09 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə iddia tələbinin cavabdehin əlavə xərclərə cəlb edilməsi və hər ay hər uşaq üçün 200 manat pulun cavabdehdən tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslandırılmadığından, eləcə də iddiaçı cavabdehin qazancı ilə bağlı zəruri sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3509/2023 saylı, 19 iyun 2023cü il tarixli qətnaməsinə əsasən 06 avqust 2014-cü il təvəllüdlü X2 və 09 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar