Məhkəmə qərarları › İş №2(011)-6890/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6890/2021

30.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6890/2021 30.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” ilkin, iddiaçı Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi və əsassız alınmış pul vəsaitinin qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş 482 manat zərərin və ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 502 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsiı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də ən son olaraq 18.10.2018-ci il tarixində «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və 'Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacının giriş yivli birləşməsini gövdənin üzərindən qoparmaqla, habelə çıxış plastmas borusunu oturacaqdan aralamaqla təbii qazı talamışdır. İddiaçı İB-nın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin evinə çəkilmiş qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Belə ki, 05.10.2018-ci il tarixində tərtib edilmiş ******* nömrəli aktdan cavabdehin mənzilinə çəkilmiş qaz xətti üzərində yerləşən G-4 markalı ******* nömrəli qaz sayğacının giriş və çıxış yivli birləşmələrinin yararsız hala düşmüş olması faktı müəyyən edilmişdir. Aşkar edilmiş faktla əlaqədar qaz sayğacı yenisi ilə əvəzlənmiş, daha sonra qaz xətti üzərindən çıxarılmış qaz sayğacı yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. 11.12.2018-ci il tarixli MSK-29/1710-1852-2 nömrəli laboratoriya rəyinə əsasən «qaz sayğacının giriş yivli birləşməsinin gövdənin üzərindən qoparılması, çıxış plastmas borusunun oturacaqdan aralanmış olması» müəyyən olunmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə 28.12.2018-ci il tarixində itirilmiş təbi qazın dəyəri hesablanaraq 486 manat məbləğində müəyyən olunmuşdur. Hazırda həmin borcdan geridə ödənilməmiş 482 manat məbləğində borc qalıb. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Prosesin gedişində Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi və əsassız alınmış pul vəsaitinin qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri Sabunçu rayonu, Vişnovka bağ sahəsində yerləşən 543B saylı bağ evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 486 manat borcun silinməsi və qaz sayğacının dəyərinə görə alınmış 91,21 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Vişnovka bağ sahəsində yerləşən 543B saylı bağ evində 07.08.2018-ci il tarixindən öz ailə üzvləri ilə birlikdə yaşayır. Vaxtı-vaxtında qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı adına rəsmiləşdirilmişdir. Fərdi yaşayış evi mülkiyyətinə X4 ilə aralarında bağlanmış 07.08.2018-ci il tarixli, 4Ə-189 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında keçmişdir. Ev sahibliyinə keçdikdən sonra həmin ünvanda quraşdırılmış qaz sayğacının yarasız vəziyyətdə olması ilə bağlı İddiaçı İB-nə müraciət etmiş, İB-nin əməkdaşları həmin ünvana gəlmiş, bu ünvanda quraşdırılmış qaz sayğacı ilə bağlı 03.09.2018-ci il və 13.09.2018-ci il tarixli aktlar tərtib etmiş və sayğacı laborator yoxlanmasına göndərilmişdir. Sonradan həmin ünvanda yeni qaz sayğacının quraşdırılması məqsədi ilə ondan əsassız olaraq 91,21 manat pul alınmışdır. 06.05.2021-ci tarixdə ona məlum olmuşdur ki, ev sahibliyinə keçənədək quraşdırılmış qaz sayğacında müəyyən nasazlıqların olması, düzgün işləməməsi əsas gətirilərək akt tərtib olunmuş və ona itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə 486 manat məbləğində əsassız borc yazılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacında yaranmış nasazlıqlar əmlak onun sahibliyinə keçdikdən əvvəl baş vermişdir. Ona görə də həmin nasazlıqlara görə heç bir halda cavabdehlik daşımamalıdır. Məhkəmə iclasında çıxış edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X3 ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq edərək təmin olunmasını, ilkin iddia tələblərinin əsassız olduğuna görə rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, İş materiallarında olan Azəriqaz İB ilə Cavabdeh arasında bağlanmış 18.10.2018-ci il tarixli, AKX-0036323/10-2018 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən qazın qiyməti hər 1 kub metr üçün 0,10 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan X1 əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.12.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu, Vişnovka bağ sahəsində yerləşən 543B saylı bağ evində qaz sayğacına müdaxilə olunduğu, nəticədə qaz itkisi yaranması müəyyən edilmiş, dəymiş ziyanın hesablanması qərara alınmışdır. Akt istehlakçı tərəfindən imzalamamışdır. X1 Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28.12.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 4860 m3 (4860 m3 x 0,10 AZN = 486 AZN) qazın dəyərinin ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 28.12.2018-ci il tarixli ******* saylı akt olmuşdur. “Qazdan istifadə Qaydaları”nın 4.9 bəndinin tələblərinə əsasən (istehlakçının vəsaiti hesabına) sərfiyyata uyğun yeni qaz sayğacının quraşdırılması qərara alınmışdır. Azəriqaz İB ilə Cavabdeh arasında bağlanmış 04.10.2018-ci il tarixli, 019943 saylı müqavilədən və əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, yeni qaz sayğacı istehlakçının vəsaiti hesabına quraşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində ona 486 manat zərərin dəydiyini iddia etsə də, iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilməmişdir. Həmçinin, işin araşdırılmış halları ilə qarşılıqlı iddia üzrə iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək qarşılıqlı iddia üzrə cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul vəsaiti tələb etməsi tam olaraq təsdiq edilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” ilkin iddia ərizəsi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia ərizəsi əsaslı olduğundan təmin edilərək, iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu, Vişnovka bağ sahəsində yerləşən 543B saylı bağ evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 486 manat borc silinməli və qaz sayğacının dəyərinə görə alınmış 91,21 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” ilkin iddiası təmin edilməsin. İlkin iddianın verilməsi ilə əlaqədar ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu, Vişnovka bağ sahəsində yerləşən 543B saylı bağ evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 486 (dörd yüz səksən altı) manat borc silinsin və qaz sayğacının dəyərinə görə alınmış 91,21 (doxsan bir manat 21 qəpik) manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar