Məhkəmə qərarları › İş №2(011)-692/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-692/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-692/2024 03.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər 40 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı icra qeydinin ləğvi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İddia tələbi: İddiaçı cavabdehlər 40 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə 40 saylı Notariat Ofisinin İcra qeydinin ləğv edilməsi, əsassız və qanunsuz hesablanmış 15120 manat məbləğində dəbbə pulunun silinməsi, eləcə də iddiaçıya məxsus olan Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 18 ünvanında yerləşən 71 nömrəli mənzillə bağlı qiymətləndirmə bazar qiymətindən aşağı hesablandığı üçün pozulmuş hüququnun bərpası məqsədi ilə "xxxx" MMC tərəfindən verilmiş qanunsuz qiymətləndirmə rəyinin ləğv edilərək yenidən qiymətləndirmənin aparılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən 40 saylı Notariat Ofisinin icra qeydinin ləğv edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, xx.xx.2021-ci il tarixli 2021/000832 nömrəli İstehlak kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC tərəfindən iddiaçıya illik 30 faiz 24 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin öhdəliyinin təminatı olaraq iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 18 ünvanında yerləşən 4 otaqlı 71 nömrəli mənzil xx.xx.2021-ci il tarixli 2019/00581 nömrəli Sonrakı İpoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri ipoteka müqaviləsi ilə 70000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəlinə əsasən iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixinədək ödənişlər mütəmadi olaraq həyata keçirilmişdir. Daha sonra maddi vəziyyətindən irəli gələrək növbəti ödənişləri həyata keçirə bilməmişdir. Belə ki, BOKT-un xx.xx.2022-ci il tarixli bildirişinə əsasən əsas borcu 30533,61 manat məbləğində, ona hesablanmış 6036,12 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 15120,00 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 51688,88 manat məbləğində borc yaranmışdır. Qeyd edilən BOKT-un müraciəti əsasında xx.xx.2022-ci il tarixdə 40 saylı Notariat Ofisinin xüsusi notariusu Hüseynova Şəhla tərəfindən öhdəliyi müəyyən edilmiş və ödənilməmiş göstərilən məbləğdə borcun əmlaka yönəldilməsi üçün reyestrdə 8i-3427 nömrəli ilə icra qeydi verilmişdir. xx.xx.2023-cü il tarixdə 5000 manat ödəniş etmiş, müqavilə üzrə tərtib edilmiş cədvələ uyğun ödəniş etmək və normal faizdən başqa dəbbə pulunun silinməsi ilə bağlı müraciət etsə də, müsbət cavab verilməmişdir. Ümumi olaraq BOKT-a 21817 manat məbləğində ödəniş etmişdir. Müqavilə bağlanan zaman 40000 manat rəsmiləşdirilsə də, BOKT həmin puldan 5000 manat müqavilə bağlamağı müqabilində iddiaçıdan almış və aldıqları pulu həm faiz, həm dəbbə pulunun hazırkı vaxtadək götürdüyü məbləğin üstünə qanunsuz olaraq hesablamışdırlar. İddiaçı əsas borca hesablanmış dəbbə pulunu düzgün hesablanmadığını hesab edirək bu məbləğin tənassübsüz və şişirdilmiş sürətdə yüksən olduğunu bildirdi. Belə olan halda, dəbbə pulunun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın rəyi vacibdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Etirazın dəlilləri Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. İşin halları Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu Şəhla Hüseynova tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi ( öhdəliyi müəyyən edən 2021/00832 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməyən 30533,61 manat əsas, 6036,12 manat faiz borcu, 15120 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 51689,73 manat təşkil edir) barədə xx.xx.2022-ci il tarixində icra qeydi vermişdir. İcra qeydi reyestrdə 8i-3427 nömrə ilə qeyd edilmişdir. Məhkəmə sorğusu üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixində aparılmış icra qeydinin və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədi, maliyyə arayışını, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildiriş, bildirişin surətinin İddiaçı göndərilməsi barədə sənəd təqdim edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən bildiriş xx.xx.2022-ci il tarixində İddiaçı təqdim edilmişdir. İddiaçı ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddia tələbinin hüquqi əsası: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 37. İpoteka predmetinə tutmanın yönəldilməsi zamanı məhkəmə müdafiə tədbirləri 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.[267] Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. ...İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169- 1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”

1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, notarius tərəfindən icra qeydi qanunvericiliyin tələblərinə uyğun aparılmış, icra qeydinin aparılması üçün qanunvericiliklə müəyyən edilmiş sənədlər notariusa təqdim edilmiş, borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş vaxtında göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri 40 saylı Dövlət Notariat Ofisinin notariusu tərəfindən İddiaçı barəsində aparılmış 8i-3427 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış, icra qeydinin ləğvi üçün hər hansı əsas yoxdur. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər 40 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı 8i-3427 reyestr nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər 40 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı 8i-3427 reyestr nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar