Məhkəmə qərarları › İş №2(011)-6920/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6920/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6920/2021 19.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 7.228,38 manat məbləğində əsas borcu, 2.258,03 manat faiz borcu olmaqla, cəmi 9.486,41 manat və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 12 aprel 2019-cu il tarixli, 200840-324365/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 12.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdehlər-Cavabdeh2 arasında 12 aprel 2019-cu il tarixli, 200840-324365/2 nömrəli, Cavabdeh3 arasında 12 aprel 2019-cu il tarixli, 200840-324365/2/2 nömrəli və Cavabdeh4 arasında 12 aprel 2019cu il tarixli, 200840-324365/2/3 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. 26 avqust 2021-ci il tarixinə cavabdehin müqavilə üzrə cəmi 9.486,41 manat məbləğində borcu yaranmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 7.228,38 manat əsas borc, 1.590,37 manat faiz borcu, kredit müqaviləsinin bitdiyi tarixdən sonra hesablanmış 187.74 manat faiz borcu olmaqla, cəmi 9.006,49 manat borcun və 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlərr. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 12 aprel 2019-cu il tarixli, 200840-324365/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 12.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdehlər- Cavabdeh2 arasında 12 aprel 2019-cu il tarixli, 200840-324365/2 nömrəli, Cavabdeh3 arasında 12 aprel 2019-cu il tarixli, 200840-324365/2/2 nömrəli və Cavabdeh4 arasında 12 aprel 2019-cu il tarixli, 200840-324365/2/3 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcla bağlı cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 19 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 7.228,38 manat əsas borcu, 1.590,37 manat faiz borcu, kredit müqaviləsinin bitdiyi tarixdən sonra hesablanmış 187.74 manat faiz borcu olmaqla, cəmi 9.006,49 manat manat kredit borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə digər cavabdehlərin (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 İddiaçı ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 isə zaminlik müqavilələri əsasında Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Məhkəmə, cavabdehlərdən tutulmalı olan əsas borcun və faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra 12 aprel 2021-ci il tarixdən 19 oktyabr 2021-ci il tarixədək illik 5% olmaqla hesablanmış 187.74 manat pul tələb edilməsi hissəsinə qiymət verərək hesab edir ki, məhz kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə bank bu məbləği tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 7.228,38 manat əsas borc, 1.590,37 manat faiz borcu, kredit müqaviləsinin bitdiyi tarixdən sonra hesablanmış 187.74 manat faiz borcu olmaqla, cəmi 9.006,49 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30.40 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual-Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 7.228,38 (yeddi min iki yüz iyirmi səkkiz) manat əsas borc, 1.590,37 (min beş yüz doxsan manat otuz yeddi qəpik) manat faiz borcu, kredit müqaviləsinin bitdiyi tarixdən sonra hesablanmış 187.74 (yüz səksən yeddi manat yetmiş dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 9.006,49 (doqquz min altı manat qırx doqquz qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar