Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6924/2021 11.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində əsas pulun, 250 manat məbləğində hüquqi xidmətə görə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun – cəmi 3280 manat məbləğində pulun alınıb onaverilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh 2020-ci ilin aprel ayından tanıyır, cavabdeh onun qardaşının gəlinin qohumudur, 2020-ci ilin mart-aprel aylarında oğlu X1 rayonu ərazisində xuliqanlıq etdiyinə görə Binəqədi rayon Polis İdarəsində onun barəsində cinayət işi başlanmışdır, ona oğlunun hüquqlarının müdafiəsi üçün vəkil lazım olmuşdur, qardaşı Vahid ona demişdir ki, onun gəlinin qohumu Cavabdeh vəkildir və ona müraciət edə bilər, o, telefon vasitəsi ilə cavabdeh ilə əlaqə saxlamış və Sumqayıtda öz mənzilində aprel ayında görüşmüşdürlər, cavabdeh özünü vəkil kimi təqdim etmiş və demişdir ki, məhkəmədə oğlu Aydının hüquqlarını müdafiə edib 10 günə kimi azadlığa buraxdıracaqdır, bu məqsədlə ona 3000 manat pul lazımdır, elə həmin gün yoldaşının yanında, kirayə qaldığı evdə cavabdehə polisə görə 3000 manat pul, əlavə olaraq da 250 manat pul vermişdir, lakin cavabdeh onlar üçün heç bir iş görməmiş, oğlunun barəsində obyektiv araşdırma aparılandan sonra təqsiri olmadığına görə azadlığa buraxılmışdır, cavabdeh isə bugünədək onun pulunu qaytarmamışdır, dəfələrlə telefon vasiəsi ilə əlaqə saxlamış, o, söz vermişdir ki, evini satıb onun pulunu qaytaracaqdır, lakin verdiyi sözə bugünədək əməl etməmişdir, faktla bağlı ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir, Sumqayıt Polis İdarəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə mart ayında qərar qəbul edilmişdir, bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, cavabdeh 13.09.2021-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək iddia tələbini qəbul etdiyini bildirmiş, İddiaçı 3000 manat məbləğində əsas borc, hüquqi xidmətə görə 250 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 3280 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə, tərəflərin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 07.03.2020-ci il tarixli Qərar ilə müəyyən olunmuş hallardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibinin olması müəyyən edilməmiş, müraciətdə göstərilənlər mülki xarakterli olmaqla məhkəmə səlahiyyətlərinə aid olduğu üçün cinayət təqibinin başlanması rədd edilməli olduğu göstərilmişdir. İş materiallarında olan 07.03.2021-ci il tarixli Qərar ilə toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan 26.08.2021-ci il tarixli 18220 saylı qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı xidmətlər göstərilməsi adı ilə ümumilikdə 3250 manat pul almışdır, Sumqayıt ŞPİnin 1-ci PB-nin 07.03.2021-ci il tarixli Qərar ilə mübahisədə cinayət tərkibinin olması müəyyən edilmədiyindən və mübahisə mülki xarakterli olmaqla, məhkəmə səlahiyyətlərinə aid olduğundan cinayət təqibinin başlanması rədd edilmişdir, cavabdeh iddia tələbini tam qəbul edir. Bununla belə, cavabdehin mülki hüququ məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “cavabdehdən 3250 manat pul məbləğinin qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh etibardan sui-istifadə edərək heç bir hüquqi əsas olmadan iddiaçıdan 3250 manat pul alması onun əsassız varlanması ilə iddiaçının öz əmlakından məhrum olmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhrum olunduğunu cavabdehdən geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. Həmin Məcəllənin 1092.1.2-ci maddəyə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ümumilikdə 3250 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ümumilikdə 3250 (üç min iki yüz əlli) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6924/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6924/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver