Məhkəmə qərarları › İş №2(011)-6928/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6928/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6928/2021 10.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X9 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23449,87 manat əsas borc pulun, 28.500 manat məbləğində cərimə pulun, 25000 manat məbləğində icarə haqqın və dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi B.V.Cumayev izahat verərək bildirdi ki, "xxxx" MMC 17.03.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir, onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır, X3 mülkiyyətində olan “Hyundai İX35” minik markalı, 2010-cu il buraxılışlı, universal tipli, KMHJU81BDBU116013 şassi nömrəli, ağ rəngli, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28.02.2019-ci il tarixli, 2206 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, ilkin ödəniş 2500 manat, 36 ay müddətinə, hər ay 869 manat ödəniş etməklə, 33.770,87 manata satılmışdır, bu faizlə birlikdə olan qiymətdir, müqavilədə illik faiz qeyd olunmayıb, ümumi qiymət qeyd olunub, müqavilə Okean Avto MMC adından bağlanıb, Qubadov Elxan isə maşınların sahibidir, onun maşınları necə aldığını bilmir, E.Qubadov tərəfindən verilmiş etibarnamə əsasında onun maşının alqı-satqısı həyata keçirilmişdir, əmlakın sahibi odur, satıcı isə Okean Avto-dur, direktor Səbuhi Məmmədovdur, bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsidir, lizing müqaviləsi deyil, cavabdeh müqaviləyə əsasən, ilkin ödəniş 2500 manat, kasko və digər xərclər üçün 3000 manat olmaqla, cavabdeh 5500 manat pul ödəmişdir, 28.11.2019-cu il tarixdək hər ay üzrə 869 manat ödəniş etdikdən sonra heç bir ödəniş etməmişdir, o, 28.11.2019-cu il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 23.449,87 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir, müqavilənin 4.5-ci bəndinə əsasən, hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı ödənilməlidir, belə ki, cavabdeh avtomobilin ödənişini 28.11.2019-cu il tarixdən iddia verildiyi günədək 500 gün istifadə edərək təhvil verilmədiyindən, gecikdirildiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı hesablanmaqla, cəmi 25000 manat icarə pulu hesablanmışdır Bu Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%i məbləğində cərimə ödənilməlidir və cavabdeh avtomobilin ödənişini 28.11.2019-cu il tarixdən iddia verildiyi günədək, 500 gün istifadə edərək ödəniş etmədiyindən, gecikdirildiyi hər gün üçün ödəməli olduğu 869 manat pul ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 38557,53 manat məbləğində cərimə pulu hesablanmışdır, lakin pandemiya səbəbindən iddia ərizəsində həmin məbləğ azaldılmışdır, təmin olunmasını məhkəmənin mülahizəinə buraxır, müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə cavadehə dəfələrlə şifahi və 17.03.2021-ci il tarixdə yazılı surətdə xəbərdar edilsə də o, kredit borcunu ödəməkdən yayınmışdır, mübahisəli maşın iddiaçıya təhvil verilməmişdir, əgər verilsə idi hesablanmış cərimələr, faizlər dayanardı. Sonda B.V.Cumayev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Vəkil iddia tələbini qəbul etməyərk izahatında bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə lizinq müqaviləsi olmuş, lakin onu pərdələmişdirlər, tərəfin niyyəti də daxili lizinq müqaviləsi bağlamaq olmuşdur, maşının həmin dövrdə bazar qiymətinin müəyyən olunması zəruri olduğu üçün 2010-cu ildə Hyundai İX35 markalı maşına 33 min qiymət qoyulmuşdur, hal-hazırda Turbo.Az saytında onun qiyməti həmin dövr üçün 21-22 min manatdır, arada 1-2 min manat fərq ola bilər, lakin bu qədər fərq olması düzgün deyildir, müqavilə şişirdilmiş qiymətlə bağlanıb, tərəf maşını 23000 manata almışdır, üzərinə də 30 faiz əlavə olunmuş, nəticədə cəmi məbləğ 33000 olmuşdur, həmin məbləği də aylara bölmüşlər, müqavilədə ziddiyət çoxdur, 25.000 manat icraə haqqı müqavilədə göstərilməmiş, cərimə kimi yazılmışdır, etibarsızlıqla bağlı məsələ qaldırmağa zərurət yoxdur çünkı, bağlanmış əqd əhəmiyyətsiz əqddir, həmçinin satıcı kimi onlar özlərini qeyd etsələr də, məhkəməyə iddia ilə müraciət etmək hüququ Qubadov Elxandadır, belə ki həmin maşının mülkiyyətçisi odur, hazırki iddiaçının subyektiv hüququ yoxdur. Sonda Vəkil qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan 27.02.2019-cu il tarixdə verilmiş AD 431292 nömrəli X1 şəhadətnaməsinin surətindən görünür ki, HYUNDAİ İX35 markalı, 90XC984 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İş materiallarında olan 27.02.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X6 İddiaçı MMC-yə 31.01.2024-cü il tarixədək qüvvədə olan HYUNDAİ İX35 markalı, 90XC984 dövlət qeydiyyat nişanlı avtomobil barədə etibarnamə vermişdir. Etibarnamə üzrə verilən səlahiyyət nəqliyyat vasitəsini idarə etməkdir. İş materiallarında olan əşyanın alqı-satqısı barədə 2206 saylı müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, İddiaçı MMC-nin direktoru X5 ilə Cavabdeh arasında HYUNDAİ İX35 markalı 1 ədəd minik avtmobilinin alqı-satqısı barədə müqavilə bağlanmışdır, avtomobilin dəyəri tərəflərin razılaşmasına əsasən, 33770,87 manat müəyyən edilmişdir. İş materiallarında olan 28.02.2019-cu il tarixli kredit ödəniş cədvəlindən görünür ki, HYUNDAİ İX35 markalı malın nisyə dəyəri 33770,87 manat, ilkin ödəniş 2500 manat, əlavə xərc 3000 manat, kredit müddəti 36 aydır, alıcı alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə ilk bir ay ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1%-i həcmində cərimə ödəməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış HYUNDAİ İX35 markalı, 90XC984 dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil dəyən zərərin ödənilməsi barədə Müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən, hadisə baş verdikdə dəymiş zərər 1000 AZN-ə qədər olduqda alıcı təmiri öz öhdəliyinə götürür, hadisə baş verdikdə avtomobilə və yol hərəkəti digər iştirakçısına və ya digər nəqliyyat vasitəsinə dəyən zərərin, əgər hansı bir yol hərəkəti qaydalarının pozduğu halda və ya İddiaçı MMC tərəfindən verilən etibarnamə olmadıqda və ya etibarnamənin müddəti bitdiyi zaman baş veribsə, bütün təmir xərci alıcı tərəfindən satıcıya təmir üçün ödənilməlidir, hadisə zamanı sürücü sərxoş halda avtomobili idarə etməyibsə, işıqforun sarı və qırmızı işığında keçməyibsə, sürət həddini aşmayıbsa və digər heç bir yol hərəkəti qaydalarını pozmayıbsa, yalnız X11 avtomobilin təmir olunması üçün 1000 AZ alıcı, dəyən zərərin qalan hissəsi satıcı tərəfindən ödənilməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh avtomobil üçün 2500 manat və 9 ay, hər ay zrə 869 manat ödəniş etməklə, cəmi 10,321 manat ödəniş etmişdir, o, 28.11.2019-cu il tarixdən İddiaçı MMC-ə heç bir ödəniş etməyərk 23449,87 manat məbləğində əsas borc qalaraq ödənilməmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş cərimənin hesablanması üzrə cədvəldən görünür ki, iddia verilən günə cərimənin miqdarı 500 gün= 38557,53 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “HYUNDAİ İX35” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4r, hazırki iş üzrə iddiaçı "xxxx" MMC, cavabdeh isə Cavabdehdur, mübahisəli avtomobilin alqı-satqısı barədə mülkiyyətçi X6 ilə cavabdeh arasında müqavilə vardır, müqavilə X3 adından etibarnamə əsasında iddiaçı bağlamışdır, iddia tələbi müqavilə üzrə borcun cavabdehdən tutularaq iddiaçıya ("xxxx" MMC) ödəniməsi barədədir. Bununla belə iddiaçının mübahisəli əmlaka mülkiyyət hüquqlarına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə yaranmış mübahisə müqavilə öhdəliyi ilə bağlıdır, lakin iddiaçı mübahisələndirilən müqavilənin tərəfi olmadığından həmin müqavilə üzrə də öhdəliklərə görə iddia tələbi irəli sürmək kimi subyektiv hüquqa malik deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC subyektiv hüquqa malik olmadığından iddia tələbi də əsassızdır və məhkəmə tərəfindən təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “23449,87 manat əsas borc pulun, 28.500 manat məbləğində cərimə pulun, 25000 manat məbləğində icarə haqqın və dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “23449,87 manat əsas borc pulun, 28.500 manat məbləğində cərimə pulun, 25000 manat məbləğində icarə haqqın və dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar