Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-694/2023 26.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10136/2017 saylı, 24 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 26 sentyabr 2017-ci il tarixdən hesablanaraq xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 137 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Bu məbləğ uşağın minimum dolanacaq xərclərini ödəmədiyi üçün cavabdeh tərəfindən verilən alimentin artırılması zərurəti yaranmışdır. xx.xx.2017-ci il təvəllüdlü X8 astma xəstəsidir. Onun xəstəliyi ilə bağlı xərcləri təkbaşına ödəmək iddiaçıya çox çətindir. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 10136/2017 saylı, 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment və qızının xəstəliyi ilə bağlı hər ay 200 manat əlavə xərcin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-10136/2017 saylı, 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment və qızının xəstəliyi ilə bağlı hər ay 200 manat əlavə xərcin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, izahatında bildirmişdir ki, hazırda Xaçmaz rayon H.Əliyev adına Mədəniyyət Mərkəzində klub müdiri vəzifəsində işləyir, aylıq əmək haqqı 369 manat təşkil edir. İddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək bildirmişdir ki, oğlu Cavabdeh xəstə insandır, "xxxx" MMC-də mühafizəçi vəzifəsində çalışır, aylıq əmək haqqı 300 manat təşkil edir. Nümayəndə qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı, ******* nömrəli doğum haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X4r . İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli, 2(011)-10136/2017 saylı qətnamənin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilərək, Cavabdeh xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 137 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan arayışla təsdiq edilir ki, Cavabdeh "xxxx" MMC-də mühafizəçi vəzifəsində çalışır, aylıq əmək haqqı 300 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh "xxxx" MMC-də mühafizəçi vəzifəsində çalışır, aylıq əmək haqqı 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi alimentin məbləği uşaqın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olsa da, iddiaçı cavabdehdən tələb etdiyi alimentin ödənilməsi üçün kifayət qədər imkana malik olduğunu təsdiq edən mötəbər sübutları məhkəmə təqdim etmədiyinə görə cavabdehin aylıq əmək haqqı və digər hallar nəzərə alınaraq, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10136/2017 saylı, 24 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 150 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı iddiaçı qızının xəstəliyi ilə bağlı hər ay 200 manat əlavə xərcin tutulmasını tələb etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyinə görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10136/2017 saylı, 24 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 150 manat manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-694/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-694/2023
26.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver