Məhkəmə qərarları › İş №2(011)-6950/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6950/2024

31.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6950/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “maneələrin aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Masallı rayonu, Xırmandalı kəndində yerləşən 0.66 ha torpaq sahəsindən istifadə etməyinə “Azəriqaz İB” tərəfindən yaradılmış maneələrin cavabdeh tərəfindən aradan qaldırılması və Cavabdeh İB-yə məxsus qaz xəttinin cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin hüdudları daxilindən çıxarılaraq yerinin dəyişdirilməsi və dövlət rüsumuna görə ödənilmiş 100 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının iddia ərizəsində maneələrin aradan qaldırılmasını xahiş etdiyi və qaz xəttinin yerinin dəyişdirilməsini tələb etdiyi torpaq sahəsi Masallı rayonu ərazisində yerləşir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mövcud iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, müstəsna aidiyyətə görə nə qədər ki, hazırkı iddia tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar deyil, sözügedən iddia tələbi üzrə müraciətə məhz daşınmaz əmlakın yerləşdiyi Masallı rayonu ərazisi üzrə Masallı Rayon Məhkəməsində baxılmalıdır. Buna görə də işə onun ərazi aidiyyətinə görə aid olduğu Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Odur ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-yə qarşı “maneələrin aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar