Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6960/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahından bir övladları, xx.xx.2020-ci il təvəllüdlü X2 doğulmuşdur.
2. Tərəflərin nikahı Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 7600/2021 nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahından doğulmuş uşağın iddiaçının himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qazancının (başqa gəlirlərinin) ¼ hissəsi mqidarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
3. İddiaçı Gədəbəy rayon Təhsil Şöbəsində psixoloq vəzifəsində işləyir və aylıq əmək haqqı 432 manatdır.
4. Cavabdeh birinci nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 adlı daha bir övladı var. Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və onun aylıq əmək haqqı 670 manat təşkil edir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı xx.xx.2020-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-7600/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş, cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin hər ay sabit pul məbləğində 300 manat miqdarında müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə rəsmi ailə həyatı qurmuş, birgə nikahdan 1 övladları olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. Uşaq hal-hazırda onun himayəsində yaşayır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 7600/2021 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulub ona verilməsi qət edilmişdir. Hal-hazırda cavabdeh rəsmi olaraq heç bir yeridə işləməsə də, aylıq gəliri kifayət qədər çoxdur. Belə ki, onun Bakı şəhərində 6 evi vardır ki, o, həmin evlərdən beşini kirayə vermiş, hər həmin evlərin kirayəsindən hər ay ən azı 2270 manat alır. Belə ki, cavabdeh həmin evlərdən birini 600 manata, ikincisini 380 manat, üçüncüsünü 500 manata, dördüncüsünü 340 manata, beşincisini isə 450 manata kirayə vermişdir. Bundan başqa cavabdeh Bakı şəhərində qeyri-rəsmi olaraq taksi fəaliyyəti ilə məşğul olur və hər ay 1500 manat pul qazanır. Lakin cavabdeh evlərin kirayəsini də qeyri-rəsmi təşkil etdiyinə görə həmin məbləğlər onu rəsmi qazancı kimi qeydə alınmır və həmin qazancın ¼ hissəsinə aliment yönəltmək olmur. Bu isə alimentin cavabdehin qazancının ¼ hissəsi miqdarında tutulmasında çətinlik törədir. Odur ki, o, alimentin cavabdehdən hər ay sabit pul məbləğində tutulmasını istəyir.
a) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh iddia ərizəsinə yazılı etirazı məhkməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehin bir neçə evi var, onları kirayə verir, lakin evlər rəsmi olaraq cavabdehə məxsus deyil. Cavabdeh əvvəl də başqası ilə nikaha daxil olub, sonra boşanıblar və həmin nikahdan olan uşağına da təxminən 200-270 manat məbləğində aliment ödəyir. O, Gədəbəy rayonunda mediator kimi fəaliyyət göstərir.
7. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının dedikləri yalandır, əvvəlki nikahından doğulmuş uşağına görə hər ay 220 manat məbləğində aliment ödəyir. O, 600-650 manat məbləğində maaş alır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
8. Maddə 17.İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
9. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
10. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
11. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
12. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
13. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
14. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
16. Maddə 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə cavabdehin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
19. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini başlıca olaraq, uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.
20. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir.
21. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər.
22. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün tutulan aliment cavabdehdən əmək haqqının 1/4-i nisəbətində tutulmuşdur. Nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixində tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün cavabdehin qazancının ¼ hissəsi miqdarında aliment tutulduqdan sonra cavabdehin əmək haqqı məbləğində dəyişiklik olmuşdur. Cavabdehin əmək haqqısının məbləğinin dəyişilməsi uşaqların saxlanılması üçün tutulmalı əmək haqqının ¼ hissəsinin də miqdarının azalmasına səbəb olmuşdur. Belə ki, cavabdeh əmək haqqı məbləği dəyidirilməzdən əvvəl iddiaçıya təqribən 200-270 manat məbləğində aliment ödədiyi halda, hazırda əmək haqqı məbləği azaldıqdan sonra 170 manat məbləğində aliment ödəməli olur. Lakin, məhkəmə qeyd edir ki, cavabdehin əmək haqqı məbləğinin dəyişdirilməsi uşaqların əvvəlki təminatına və qanuni maraqların mənfi təsir göstərməməli, onların əvvəlki maddi təminat səviyyəsi saxlanılmalıdır. AMnin 78.2-ci maddəsi də tələb edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır.
23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. Lakin, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, cavabdehin də maddi vəziyyəti nəzərə alınmalıdır. Belə ki, cavabdehin gəlir məlumatları barədə “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilir ki, o, "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və əmək haqqı 670 manat təşkil edir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh birinci nikahından doğulmuş uşağın saxlanılması üçüçn hər ay 220 manat məbləğində aliment ödəyir. Həmçinin, gəlir məlumatları barədə “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlar əsasında o da müəyyən edilir ki, iddiaçı AR Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsində psixoloq vəzifəsində işləyir və aylıq əmək haqqı 596 manat təşkil edir.
25. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay 300 manat miqdarında alimentin tutulması onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra bilər, belə ki, cavabdehin maddi imkanı göstərilən həcmdə aliment ödəməsinə imkan vermir. İddiaçı iddia ərizəsində cavabdehin tələb etdiyi alimenti ödəmək üçün kifayət qədər maddi imkanı olduğunu qeyd etsə də, bu dəlilərini, eləcə də, cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehdən tutulacaq alimentin artırılaraq hər ay 220 manat müəyyən edilməsini daha məqsədə uyğun hesab edir.
26. Məhkəmə bu qənaətə gələrkən iddiaçının da işlədiyini və qazanc əldə etdiyini nəzərə alır. Məhkəmə qeyd edir ki, qanun uşaqlarla bağlı hər bir valideynin bərabər hüquq və vəzifələrə malik olmasını müəyyən etmişdir. Bu mənada, maddi durumu imkanı verdiyi halda, uşağın maddi ehtiyaclarını ödəmək vəzifəsi həm də, uşaq yanında qalan valideynin üzərinə düşür.
27. Alimentin tutulma müddətinə gəldikdə isə mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
28. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə əvvəl cavabdehdən tutulan alimentin miqdarı dəqiq müəyyən olunmadığından məhkəmə cavabdeh tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləğinin 30 manat məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-7600/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı