Məhkəmə qərarları › İş №2(011)-7068/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7068/2023

24.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7068/2023 24.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3260/2022 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında olan birgə nikaha Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3260/2022 saylı qətnaməsi ilə xitam edilmiş, birgə nikahdan olan 07 iyul 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması ilə bağlı hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.

2. Hal-hazırda bu məbləğ uşağın saxlanması üçün nəzərdə tutulan xərcləri ödəmir. Bu səbəbdən aliment məbləğinin artırılması ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

İddiaçının tələbi:

3. 07 iyul 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı Rasəddin qızının xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment və ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün ödənilmiş 55 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

4. Cavabdeh tərəfindən heç bir yazılı etiraz və ya sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə xx.xx.2023cü il tarixli ərizə göndərərək gələcəkdə bütün məhkəmə iclalarını özünün- İddiaçı iştirakı olmadan keçirilib qətnamə qəbul edilməyini xahiş etmişdir.

6. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, cavabehin iddiası sadəcə prinsip məsələsidir. Boşanma səbəbimiz iddiaçının anası olmuş, ona görə boşamışıq. Cavabdeh qeyd edir ki, uşağın sxlanması ilə bağlı öhdəliyini yerinə yetirərək hər ay aliment ödəyir, lakin iddiaçının saxlanması üçün özü öhdəlik daşımır. Bundan başqa polisdə işləri var çünki iddiçının cehizləri hələ də öz evlərində qalmış, buna görə dəfələrlə evlərinə basqın etmişdirlər. Hal-hazırda saç ustası işləyir buna görə də gündəlik qazancı azdır.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. AZ-İV № 323219 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2019-cu il tarixində doğulmuşdur və onun atası Cavabdeh, anası isə İddiaçıdır.

8. Bakı şəhəri 8 saylı Mediasiya təşkilatının MŞB/8/2023-01019 nömrəli xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən aliment məbləğinin artırılması tələbinə dair mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 55 manat mediasiya xərcini ödəmişdir.

9. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3260/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 21 iyun 2018-ci il tarixdə 1298 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan olan 07 iyul 2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmış, X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

10. İş materiallarına əlavə edilmiş “X2” AQİS-dən verilmiş çıxarışa əsasən, Cavabdeh və İddiaçı arasında nikahın pozulması ilə bağlı Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 337 nömrəli, xx.xx.2022-ci il tarixli akt qeydi aparılmış, AZ-İ seriyalı, 456764 nömrəli, xx.xx.2023 tarixli şəhadətnamə verilmişdir.

11. Xətai rayonu 248 saylı körpələr evi-uşaq bağçası tərəfindən verilmiş çıxarışa əsasən, X4 həqiqətən də 248 saylı körpələr evi-uşaq bağçasında oxuyur. 12.İş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası:

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

14. xx.xx.1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiya:

3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

15. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya:

8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanun:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

20. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

25. Belə ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§16). Qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur.

26. Məhkəmə qeyd edir ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. (§23)

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (§22).

28. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§14). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§15), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.

29. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı Şəhər Xətai məhkəməsinin 2(011)-3260/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 193 manat aliment miqdarı artırılaraq hər ay 220 manat olmaqla, sabit pul məbləğində aliment xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

30. Məhkəmə hesab edir ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında məhkəmələrə izah edilmişdir ki , məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. (§23)

Məhkəmə xərcləri:

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq (MPM-in 112.1.3-cü maddəsinə əsasən 220-193=27; 27x12=324), yəni 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. O cümlədən, Cavabdeh 55 (əlli beş) manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3260/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 193 manat aliment miqdarı artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin.

3. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın.

4. Cavabdeh 55 (əlli beş) manat İlkin mediasiya sessiyası xərci tutularaq İddiaçı verilsin.

5. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar