Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7071/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbimin təmin edilməsi, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 minimal aylıq xərclərinin ödənilməsi üçün hər uşağa 220 manat aliment müəyyən edilməklə, alimentin ümumi məbləğinin artırılaraq 660 manat müəyyən edilməsi və Mediasiya üçün ödənilmiş xərcin 25 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-7113/2022 saylı xx.xx.2022-ci il qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qeydiyyat şöbəsində 797 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalması, Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2010cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulması xx.xx.2022-ci tərixdən başlanılması qət edilmişdir. Halhazırda Xətai rayon Məhkəməsi tərəfindən qətnamədə qeyd olunmuş aliment məbləği üç uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Qətnamə üzrə qət edilən məbləğ məktəbli uşaqların tədris ləvazimatlarının alınmasına, geyim, çanta, iş dəftəri həmçinin uşaqların saxlanılması xərclərinə yetmir. Uşağın bütün qayğı və ehtiyaclarını tamamilə özü çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat olmasına baxmayaraq, atası onlara qarşı heç bir diqqət, qayğı və nəvaziş göstərmir. Üç uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın kimi ona çox ağır gəlir. Məhkəmə qətnaməsi qəbul edildiyi tarixdə o iki işdə işləyirdi, indi isə ancaq bir işdə işləyir və onun gəliri nəinki üç uşağın, heç təkbaşına bir adamın yaşam xərcləri üçün olduqca azdır. Cavabdehin isə imkanı var, maşın alveri ilə məşğuldur, uşaqlar da deyir ki, telefonunu dəyişib, həmçinin cip sürür. Buna görə də hesab edir ki, cavabdeh X3 xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 minimal aylıq xərclərinin ödənilməsi üçün minimum hər uşağa 220 manat aliment müəyyən edilməklə, alimentin ümumi məbləği artırılaraq 660 manat müəyyən edilməlidir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, alimentin artırılmasına maddi imkanı yoxdur, maşın alveri ilə əvvəllər məşğul olub, indi isə günə 20-30 manat pul qazanır, yük maşınına kömək edir, bir tıra 40 manat alır, maşını yoxdur, o, işsiz kimi qeydiyyatda olmağına baxmayarq hər ay 480 manat aliment ödəyir. xx.xx.2022-ci ildə 2(011)-7113/2022 saylı Xətai rayon məhkəməsinin qətnaməsi ilə işləmədiyi halda 480 manat aliment tutulması haqqında qətnamə çıxarılmışdır. İddiaçı müəllimə, repitetor işləyir və digər hüquq şirkətlərinə fəaliyyət göstərir, aylıq qazancı qeyri rəsmi 3000 manatı keçir, nikahda olduqları vaxt ayda 600-700 manat xərcləyirdi, 2(011)- 1538/2023-cü il tarixli məhkəmə qərarı ilə öz anasından qalan mənzilini sataraq ona 80000 manat pul ödəyib, hazırda işsiz və evsizdir, maddi durumunda hansı dəyişiklik olub ki, ondan 6 aydan sonra alimentin artırlımasını istəyir. Anası 2-ci qrup əlildir, onunla kirayələrdə yaşayır. Uşaqlarla 10 gündən bir görüşür, hər dəfə də 40-45 manat pul xərcləyir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehin izahatına uyğun izahat verərək bildirdi ki, cavabdehin aylıq gəliri cəmi 300 manat təşkil edir, imkanı olduqca da uşaqların saxlanılmasına köməklik göstərir, iddiaçı aliment məbləğinin artırılmasını tələb etsə də, heç bir əsas irəli sürməmiş, maddi vəziyyətində nə kimi mənfi dəyişiklik olduğunu göstərməmişdir. Sonda Vəkil qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-7113/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 797 nömrə ilə qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2010cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 51 (əlli bir) manat dövlət rüsumu, 50 (əlli) manat mediasiya xərci, 10 (on) manat poçt və kargüzarlıq xərcinin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-1538/2023 saylı qərardadından görünür ki, İddiaçı və Cavabdeh arasında 17 aprel 2023- cü il tarixində bağlanmış aşağıdakı məzmunlu “Barışıq sazişi” təsdiq edilmişdir: X12 imzalamaqla İddiaçı Cavabdeh qarşı “birgə nikah əmlakında payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində yerləşən 12 saylı evin, 25 nömrəli mənzilinə birgə nikah dövründə qazanılmış mənzil payının ½ hissəsinə və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0.03 ha həyətyani torpaq sahəsinə birgə nikah dövründə qazanılmış payının ½ hissəsinə İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi dair iddia tələbindən qarşı tərəfin hazırki iş üzrə cavabdehin ona razılaşdıqları 80 000 (səksən min) manat pul ödəməyi öhdəsinə götürmək şərti ilə imtina edir və gələcəkdə bununla bağlı heç bir iddia tələbininn olmayacağını, mübahisə yaratmaycağını öhdəsinə götürür. “Cavabdeh” “Cavabdeh” isə bu “Barışıq Sazişinin” məhkəmə tərəfindən qəbul edilməsinə dair qərardadı qanuni qüvvəsini alanadək iddiaçı ilə birgə məhkəmə çəkişməsi mərhələsində razılaşdırılmış 80 000 (səksən min) manat məbləğində pulu “iddiaçı” adlanacaq İddiaçı məxsus istənilən bank hesabına köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür, “iddiaçı” “İddiaçı” isə həmin 80 000 (səksən min) manat məbləğində pulu qəbul etdikdən 1 ay sonra mübahisə predmeti olan əmlaklardan çıxmağı, əmlakları boşaltmağı, boşaldılmış vəziyyətdə hazırki iş üzrə “cavabdeh” adlanacaq “Cavabdeh” oğluna mənzili təhvil verməyi və hazırki iş üzrə mübahisə predmeti olan əmlaklara dair gələcəkdə heç bir iddia qaldırmayacağını öz öhdəsinə götürür. İş materiallarında olan 2 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 296911 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 1 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 639394 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 560571 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 50 manat məbləğində mediasiya xərci və 5 manat poçt-kargüzarlıq xərci ödəmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Cavabdeh “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsində müəllim işləyir, əmək haqqı 329,33 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı üç yetkinlik yaşına çatmayan uşaqları var, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-7113/2022 saylı Qətnaməsi ilə nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında saxlanılmışdır və hal-hazırda da onun yanındadırlar, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsinə əsasən, iddiaçının xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 480 manat miqdarında aliment məbləği tutulması qət edilmişdir, cavabdehin rəsmi iş yeri yoxdur, iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsində müəllim işləyir, əmək haqqı 329,33 manatdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 7113/2022 saylı Qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçı tərəfindən, alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik (yaxşılaşma) olması barədə sübutların təqdim edilməməsini, habelə buna dair halların məhkəmə tərəfindən də müəyyən olunmamasını, bununla belə, uşaqların yaş həddini, onların təhsilini, 2023-cü il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun həddini, uşaqların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları nəzərə alaraq, onların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu nəzərə alınmaqla cavabdehdən dövlət mədaxilinə 92 manat məbləğində dövlət rüsumu alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 25 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-7113/2022 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 92 (doxsan iki) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 25 (iyirmi beş) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7071/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7071/2023
04.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver