Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7083/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 20 sentyabr 2021-ci il tarixdə 1 (bir) il müddətinə icarə müqaviləsi bağlamışlar və Bakı şəhəri 38 saylı Notariat Ofisində müqavilə təsdiq olunmuşdur. Müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsində yerləşən 134 saylı fərdi yaşayış evi icarəyə verilmişdir. İcarə müqaviləsinin 4-cü maddəsinə əsasən icarəçi icarə verənə hər ay 500 manat icarə haqqı ödəməli idi. Cavabdeh həmin evi obyekt kimi işlədirmiş və birinci ay üçün 500 manat icarə haqqı ödəmişdir, lakin ikinci aydan sonra hər gün sabah-sabah deyə-deyə icarə haqqını verməkdən boyun qaçırırmış, 2-3 ay keçdikdən sonra isə pulu ödəməmiş, obyekti boşaldıb tərk etmişdir. Cavabdeh evdən çıxdıqdan sonra onunla əlaqə saxlaya bilməmiş, telefonları söndürmüş və o, onunla əlaqə saxlaya bilməmişdir. Halhazırda o, həmin evi başqa şəxslə müqavilə bağlayaraq icarəyə vermək istəyir, lakin halhazırda həmin evi obyekt kimi işlətmək mümkün deyil, çünki o, Cavabdehla icarə müqaviləsi bağlayandan sonra Bakı şəhəri X3 Departamentinə müraciət etmiş, obyektə dair kod almış və icarə müqaviləsinin müddəti bitmədən, həmin obyektə yeni kod verilə bilməz. Bu səbəbdən həmin obyekti başqa icarəçiyə verə bilmir. Cavabdeh aylardı icarə haqqı ödəməkdən boyun qaçırır, onu xəbərdar etmədən obyekti boşaldaraq tərk etmişdir. Bu səbəbdən də, icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı göstərilənləri nəzərə alaraq, 20 sentyabr 2021-ci il tarixdə onunla Cavabdeh arasında bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi ev 134 ünvanında yerləşən ümumi sahəsi 237.8 kv/m.olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə on(lar)a məxsus hissəsindən müqavilədə göstərilən hissəsinin xx.xx.2022-ci il tarixədək Cavabdeh icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmış, icarə müddəti 20 sentyabr 2022-ci il tarixədək müəyyən edilmiş, icarə haqqı aylıq 500 manat müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 iddiaçının qaynı olmaqla yanaşı, Cavabdeh icarə müqaviləsi bağlandıqdan 1 ay sonra qaçıb getdiyi bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. (Maddə 700.1.) Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. (Maddə 700.3.) Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: (Maddə 685.2.) 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. (423.2-ci maddə) Beləliklə, mülki işin materiallarında olan sübutlarla təsdiq edilir ki, İddiaçı ilə Cavabdeh arasında 20 sentyabr 2021-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi ev 134 ünvanında yerləşən ümumi sahəsi 237.8 kv/m. olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixədək Cavabdeh icarəyə verilmişdir. İcarə haqqı aylıq 500 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən həmin fərdi yaşayış sahəsindən ümumilikdə 01 (bir) ay istifadə edilmiş, lakin icarə haqqı ödənilməmiş, icarə obyekti boşaldılmışdır. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 20 sentyabr 2021-ci il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilməlidir. İş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 20 sentyabr 2021-ci il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7083/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7083/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver