Məhkəmə qərarları › İş №2(011)-7100/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7100/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7100/2021 07.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “nağd pul krediti müqaviləsi üzrə pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor İddiaçı ASC nağd pul krediti müqaviləsi üzrə pul tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 aprel 2016-cı il tarixə banka borclu olduğu 5.673,83 ABŞ dolları məbləğində əsas borcun, 1.049,86 ABŞ dolları məbləğində faizin, 223.20 ABŞ dolları məbləğində cərimənin, cəmi 6.946,89 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 04 may 2016-cı il tarixdə borclu Cavabdeh 5.673,83 ABŞ dolları əsas, 1049,86 ABŞ dolları faiz, 223.20 ABŞ dolları cərimə, cəmi 6.946,89 ABŞ dolları ödəniş gününə qüvvədə olan manata məzənnə ilə və 20 manat dövlət rüsumunun alınaraq kreditor İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. Məhkəmə əmrindən borclu etiraz vermiş və məhkəmənin 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iş materialları iddia icraatına keçirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2014-cü il tarixli 136753-CNS-12365 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən 28 sentyabr 2021-ci il tarixə banka borclu olduğu 1.919,59 ABŞ dolları məbləğində əsas borc, 453.55 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 2.373,14 ABŞ dolları pul məbləğinin və ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 04 noyabr 2014-cü il tarixdə 136753-CNS-12365 saylı nağd pul krediti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən borcluya illik 22 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 6.600 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 28 sentyabr 2021-ci il tarixə 1.919,59 ABŞ dolları məbləğində əsas borcu, 453.55 ABŞ dolları məbləğində faiz borcu, 0 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 2.373,14 ABŞ dolları məbləğində borcu qalmışdır. Yaranmış borcla əlaqədar cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı ASC-yə 1.919,59 ABŞ dolları əsas, 453.55 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə isə 2.373,14 ABŞ dolları borcu mövcuddur. Məhkəmə cavabdehdən tutulmalı olan 1.919,59 ABŞ dolları əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən tutulmalı olan 453.55 ABŞ dolları faiz borcunu araşdıraraq belə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının “ təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı“ Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1.919,59 ABŞ dolları məbləğində əsas borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmən Qanunun 8.3-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən 20 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 20.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 20 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumunun ödənilməmiş qalan 10 manat hissəsi də cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1.919,59 (min doqquz yüz on doqquz dollar əlli doqquz sent) ABŞ dolları məbləğində əsas borc ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manat alınaraq iddiaçı İddiaçı ASC-yə ödənilsin. Cavabdeh əlavə olaraq dövlət rüsumunun kəsrini təşkil edən 10 (on) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar