Məhkəmə qərarları › İş №2(011)-7127/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7127/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7127/2021 15.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasnda baxaraq müəyyən etdi: "xxxx" X3 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "xxxx" KB ASC-nin xeyrinə 2963 manat əsas, 574.8 manat faiz, 17.63 manat cərimə, cəmi 3555.43 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" KB ASC-nin nümayəndəsi R.T.Əhmədov iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 05.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 25% ödəmək şərtilə 2963 manat məbləğində kredit verilmişdir, tərəflər arasında bağlanmış kredit xətt müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb, lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur, nəticədə cavabdehin kredit müqaviləsi üzrə 27.08.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 2963 manat əsas, 574.8 manat faiz, 17.63 manat cərimə, cəmi 3555.43 manat borcu yaranmışdır, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda R.T.Əhmədov iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir, 2963 manat əsas, 574.8 manat faiz, 17.63 manat cərimə borcu olmaqla, cəmi 3555.43 manat məbləğində borcunun olduğunu etiraf edir. Sonda Cavabdeh deyilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 05.08.2020-ci il tarixli 1564nkSTB2/20 saylı kredit və bank hesabı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən kreditor tərəfindən borcluya 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2963 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan 27.08.2021-ci il tarixli BANK/PİKMD/978675 saylı maliyyə arayışının surətindən görünür ki, cavabdehin iddiaçıya ödənilməmiş 2963 manat əsas, 574.8 manat faiz və 17.63 manat cərimə borcu olmaqla cəmi 3555.43 manat borcu qalmışdır. İş materiallarında olan 1564nkSTB2/20 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 25 faiz dərəcəsi, 6 güzəşt müddəti ilə, aylıq annuitet 134 manat olan 2963 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan Cavabdeh ünvanlanan 09.06.2021-ci il tarixli bildirişdən görünür ki, ona 3 iş günü müddətində borcun ödənilməsi təklif edilmiş və borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 27.08.2021-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında arasında 36 ay müddətinə, illik faiz dərəcəsi 25% olmaqla, 2963 manat məbləğində kredit verilməsini nəzərdə tutan kredit müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda X2 banka ödənilməmiş 2963 manat məbləğində əsas borc, 574,80 manat məbləğində faiz borcu, 17,63 manat cərimə borcu olmaqla, cəmi 3555,43 manat borcu yaranmışdır, cavabdeh iddia tələbini tam qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2963 manat əsas, 574.8 manat faiz, 17.63 manat cərimə borcu olmaqla, cəmi 3555.43 manat borc alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və iddia tələbi təmin edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2963 manat əsas, 574.8 manat faiz, 17.63 manat cərimə borcu olmaqla, cəmi 3555 (üç min beş yüz əlli beş) manat 43 (qırx üç) qəpik borc və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar