Məhkəmə qərarları › İş №2(011)-7150/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7150/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7150/2025 18.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri 36 Saylı Dövlət Notariat Kontoruna qarşı (üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Bakı Şəhəri 36 Saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ-4344 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə üçüncü şəxs "xxxx" ASC arasında “İstehlak kreditinin verilməsi barədə” İK-528951/23 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında "xxxx" ASC tərəfindən iddiaçıya 13.000 (on üç min) manat istehlak krediti verilmişdir. Həmin krediti kredit cədvəlinə uyğun olaraq bu günədək gecikdirmədən ödəyir. Hazırda banka hər hansı gecikən borcu yoxdur. Lakin iddiaçıya məlum olmayan səbəblərdən bank Bakı şəhəri 36 saylı notariat ofisinə müraciət edərək qeyd olunan kredit borcu ilə əlaqədar icra qeydinin yazılaraq icraya yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X5 da xx.xx.2025-ci il tarixdə icra qeydi yazaraq icraya yönəltmişdir. İddiaçının icra qeydi barədə məlumatı Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixdə iddiaçıya göndərdiyi sms-dən əldə etmişdir. Həmin sms-də barəsində “İcraata başlamaq haqqında qərar” qəbul olunduğu qeyd edilmişdir. İddiaçı icra qeydini xx.xx.2025-ci il tarixdə Xətai Rayon İcra Şöbəsinə yaxınlaşaraq əldə etmişdir. Halbuki, iddiaçının belə bir icra qeydinin verilə biləcəyi barədə məlumatı olmamış, nə Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən, nə də üçüncü şəxs "xxxx" ASC tərəfindən iddiaçıya belə bir məlumat verilməmişdir. Cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 8İ-4344 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydi tam əsassız və qanunvericiliyin normaları kobud şəkildə pozulmaqla açılmış və aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. İcra qeydi məhkəmə qaydasında ləğv olunmalıdır. Cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ-4344 nömrəli, xx.xx.2025-ci il tarixli “İcra qeydi” tərtib olunan zaman qanunun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qanunda imperativ qaydada göstərilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin üçüncü şəxs "xxxx" ASC tərəfindən belə bir məktub iddiaçıya göndərilməmiş, onun tərəfindən belə bir məktub qəbul edilməmişdir. Qeyd olunan bildiriş göndərilməməsinə baxmayaraq cavabdeh Bakı şəhəri 36 saylı notarial ofisinin xüsusi notariusu tərəfindən icra qeydi aparılmış, həmçinin icra qeydi tərtib olunan zaman cavabdeh nə poçt, nə də zəng vasitəsilə iddiaçını məlumatlandırmamışdır. Qeyd edilən hal cavabdeh tərəfindən nəzərə alınmamış və bu hallar qanunvericiliyin normalarının pozulması ilə xarakterizə olunmaqdadır. Hazırkı işə münasibətdə cavabdehin icra qeydinin aparılmasını təsdiq etdiyi borc məbləği mübahisəlidir. Həmin krediti kredit cədvəlinə uyğun olaraq bu günədək gecikdirmədən ödəyir. Hazırda banka hər hansı gecikən borcu yoxdur. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz oİduğunu təsdiq edərsə aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduqda icra qeydi aparılmır və bu halda yaranmış mübahisədə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə cavabdeh xüsusi notarius borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız "xxxx" ASC-nin təqdim etdiyi sənədlər üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, bildirişi qəbul etməyib. Bankda müqavilə üzrə yaşadığı ünvan qeyd edilsə də, bildiriş qeydiyyat ünvanına göndərilib. Həmin ünvanda yerləşən evi tanışına satıb. 2020-ci il tarixdə isə Masazıra köçüb və halhazırda da orada yaşayır. Qeydiyyat ünvanında daimi yaşayış mövcud deyil. Cavabdeh Bakı Şəhəri 36 Saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X7 məhkəmə iclas zalında iştirak edərək izahatında bildirmişdir ki, borcluya icra qeydinin aparılacağına dair bildiriş göndərilmişdir. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, İK- 528951/23 saylı kredit müqaviləsi bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, İK-528951/23 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 16 % olmaqla cərimə faizi ödəyir. Müqavilə üzrə əsas borcalan və zaminlər öhdəliyi yerinə yetirmədiyindən tərəflərindən xx.xx.2025-ci il tarixli bildiriş göndərilmiş və bildirişdə qeyd olunmuşdur ki, 20 gün müddətində borc ödənilmədiyi təqdirdə notarius tərəfindən icra qeydi aparılacaqdır. Həmin bildiriş hazırki iş üzrə İddiaçı tərəfindən şəxsən alınmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən "xxxx" ASC tərəfindən iş üzrə icra qeydinin verilməsi üçün aidiyyəti notariat orqanına müraciət olunmuş və borclu İddiaçı barəsində Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixli, 8İ- 4344 № li icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən İddiaçı ümumilikdə 9.119,55 manat məbləğində pulun tutulması tələb olunmuşdur. Notariat orqanı tərəfindən icra qeydi aparılması inzibati-hüquqi xarakterli notariat hərəkəti olmaqla, bu proses yalnız təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması və həmin sənədlər əsasında icra qeydinə dair hüquqi nəticələrin rəsmiləşdirilməsi ilə məhdudlaşır. Mövcud qanunvericiliyə əsasən notariusun borclunun əvvəlcədən məlumatlandırılması və ya bu barədə ona ayrıca bildiriş göndərilməsi kimi hər hansı hüquqi öhdəliyi nəzərdə tutulmamışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-2843/2024 saylı qərarına əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Həmin qərarda qeyd olunmuşdur ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Göründüyü kimi tələbkar "xxxx" ASC tərəfindən qanunun tələblərinə riayət olunmuş və borclu barəsində Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən əsaslı və qanunamüvafiq icra qeydi verilmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”in surətindən görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 9.094,55 manat borcun ödənilməsi ilə bağlı "xxxx" ASC tərəfindən İddiaçı bildiriş ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Şirkətinin surətli poçt xidmətinin 460555 saylı qaiməsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məktub X2 tərəfindən müvafiq olaraq ünvan 2 ünvanında qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, İK-528951/23 saylı kredit üzrə 13.000 manat kredit verilmişdir. xx.xx.2025-ci il tarixinə borcalanın "xxxx" ASC-yə 6.458,68 manat əsas, 79,21 manat faiz və 2.556,66 manat dəbbə pulu olmaqla, cəmi 9.094,55 manat məbləğində ödənilməmiş borcu mövcuddur. İş materiallarında olan xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 3 ünvanlanmış məhkəmə sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində tələbkar "xxxx" ASC tərəfindən “Elektron Notariat” X1 daxil edilmiş Notariat icra qeydi haqqında ərizə və ona əlavə edilmiş sənədlər əsasında həmin gün 8İ-4344 reyestr nömrəsilə borclu İddiaçı barəsində icra qeydi aparılmışdır. İş materiallarında olan "xxxx" ASC (“Borc verən”) ilə İddiaçı (“Borc alan”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İK-528951/23 saylı kredit müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən bank borcalana 36 (otuz altı) ay müddətinə qaytarmaq şərti ilə 13.000 (on üç min) manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür. Kredit istehlak məqsədi üçün götürülmüşdür. Borcalan bu kreditdən istifadəyə görə illik 16 % olmaqla faiz ödəməlidir. İş materiallarında olan icra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, İK-528951/23 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş 6.458,68 manat əsas borc, 79,21 manat faiz borcu, 2.556,66 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ - 9.094,55 manat borcu mövcuddur. Bununla bağlı icra qeydinin verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 36 Saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ- 4344 reyestr saylı icra qeydinə əsasən ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı İK-528951/23 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 6.537 manat 89 qəpik (altı min beş yüz otuz yeddi manat səksən doqquz qəpik) pul tutulmalıdır. Bundan əlavə borcludan İddiaçı 2.556 manat 66 qəpik (iki min beş yüz əlli altı manat altmış altı qəpik) məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu olmaqla cəmi 9.119 manat 55 qəpik (doqquz min yüz on doqquz manat əlli beş qəpik) pul tutulmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2026-cı il tarixli, 4/2048 saylı ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş 460555 nömrəli qaimədə “Alanın soyadı və imzası:” qrafasındakı “Fətullayev” yazısı və həmin yazının üzərindəki imza – İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvaf:q olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş müqavilələrdə icra qeydinin aparılması üçün notariusa aşağıdakı sənədlər təqdim olunmalıdır: 1) notariat qaydasında təsdiq edilmiş müqavilənin əsli; 2) ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. Həmin maddəyə əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 162-ci hissəsinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən, İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin qanunun 38.1-ci maddəsinə əsasən, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borclu İddiaçı “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş” qanunvericilikdə nəzərdə tutulmuş qaydada göndərildiyindən və qeyd olunan müqaviləyə əsasən borc məbləğinin tutulması üçün icra qeydinin verilməsində qanunla müəyyən edilmiş ümumi qaydaların ziddinə yönəlmiş hallar müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mübahisəli kredit müqaviləsi üzrə “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”in İddiaçı rəsmi göndərilməsi iş materiallarına əlavə edilmiş poçt qəbzi ilə təsdiq olunur. Belə olduğu halda, icra qeydinin ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Ekspert rəyi ilə poçt xəbərnaməsində olan imzanın iddiaçıya aid olmadığının müəyyən edilməsi ilə bağlı iddia dəlillərinə dair məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi bildirişin rəsmi göndərilməsi ilə bağlı olduğundan və həmin bildirişin göndərilməsi öz təsdiqini tapdığından, xəbərnamənin iddiaçı və ya sair qohumu tərəfindən imza edilib-edilməməsi icra qeydinin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh Bakı Şəhəri 36 Saylı Dövlət Notariat Kontoruna qarşı (üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontorunun xx.xx.2025-ci il tarixli, 8İ-4344 reyestr saylı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar