Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7158/2025 06.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 41614 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 216 manat pul vəsaitinin alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdehlərdən Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixində “Memar Əcəmi” metrosu yaxınlığında yerləşən kafelərin birində işlədiyi vaxtdan tanış olmuşlar, aralarında münasibət olduğundan cavabdeh ondan istifadə edərək müxtəlif vaxtlarda ondan gah loteraya oynamağa, gah digər şəxsi işlərində olan problemlərin həlli üçün pul almışdır. Ümumilikdə ondan ayrı-ayrı vaxtlarda özü və digər cavabdehlər vasitəsi ilə 41614 manat pul borc almışdır, pul vəsaitini cavabdehlərə məxsus bank kartlarına köçürmə yolu etmiş, həmin pul vəsaitlərin az qismini özü təşkil edib versə də, çox bir qismini tanışı diər İddiaçı2 alıb vermişdir. Bununla bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət etmiş, aparılmış təhqiqat araşdırması zamanı onun hazırki cavabdehlərdən tələb etdiyi pul vəsaitlərini göndərməsi öz əksini tapsa da, cinayət xarakterli olmadığından “cinayət işinin başlanmasının rədd olunması” barədə qərar qəbul olunmuşdur. Cavabdehlər özləri pulu verməkdən imtina etməmişlər, lakin hazırda pulu qaytarmağa söz versələr də pulu qaytarmadıqlarından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı1 iddia tələbini müdafiə edərək, pulu iddiaçıya könüllü surətdə vermədiyini, Cavabdeh1 ona hədə-qorxu gəldiyini, ondan abort üçün borc pul istədiyini, vəziyyətinin pis olduğunu bildirdiyini, bu səbəbdən banklardan kredit götürərək cavabdehə verdiyini, eyni zamanda cavabdehin onu mesajları həyat yoldaşına göndərməsiylə bağlı hər dəfə təhdid etdiyini bildirmişdir, həmin pulları cavabdehə borc verdiyini, sonradan isə təhdid edildiyinə görə verdiyini qeyd edərək, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiyini, tərəflər arasında sevgi münasibətləri olduğunu, pulu cavabdehə bu səbəbdən verdiyini, cavabdeh tərəfindən heç bir hədə-qorxu olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddia tələbini müdafiə edərək, İddiaçı1 çoxdan tanıdığını, Turalın ondan pul istədiyini, cavabehlərlə heç bir münasibətinin olmadığını, pulu birbaşa cavabdehlərə vermədiyini, Turala verdiyini, Turalın isə ondan aldığı pulları cavabdehlərə verdiyini, cavabdehlərin polis şöbəsində Turaldan pul aldıqlarını etiraf etdiklərini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı1 və Cavabdeh1 vəkili-nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 4-cü PŞ-nin təhqiqatçısı Aqil Cəfərovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarından görünür ki, İddiaçı1 müraciəti əsasında araşdırılma başlanmış və toplanmış təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı1 təhqiqat zamanı vermiş olduğu izahatından görünür ki, o, Cavabdeh1 ilə cinsi münasibətdə olmuş, həmin münasibətdən hamilə qalaraq abort etdirəcəyini bildirən Cavabdeh1 ondan abort üçün 560 manat pul istəmiş və verməyəcəyi təqdirdə ailəsinə məlumat verəcəyini bildirmişdir, bu səbəbdən məcbur qalaraq həmin pulu Zümrüdə məxsus karta köçürmüşdür, sonradan Cavabdeh1 abort etdirməsi ilə bağlı səhhətinin pisləşdiyini və bu səbəbdən işə çıxıb pul qazana bilmədiyini əsas gətirərək ondan hər ay oynadığı loterayanın pulunu 1387 manat ödəməsini tələb etmişdir, pulu ödəmədiyi təqdirdə ailəsinə, o cümlədən həyat yoldaşına münasibətləri barədə məlumat verəcəyini bildirmiş, ailəsi dağılmasın deyə hər ayın 3-də 400, hər ayın 10-da 300, hər ayın 12-də 87 manat telefon kreditinin ödənişi üçün, hər ayın 20-də 300 manat və hər ayın 30-da 300 manat olmaqla abort olduğu gündən xx.xx.2025-ci il tarixədək Cavabdeh1, anası Cavabdeh2 və bibisi qızı kimi təqdim etdiyi Cavabdeh3 məxsus müxtəlif bank kartlarına ödəmişdir. Cavabdeh1 münasibətləri barədə ailəsinə məlumat verəcəyi barədə təhdidləri əsasında müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə onun və anasının adına olan bank kartlarına pul göndərmişdir, sonra Zümrüdün anası Cavabdeh2 hədə-qorxu gəldiklərinə görə guya borcu olması barədə video çəkərək, 52 saylı notariat ofisinə gedərək 5000 manat borc alması barədə müqavilə bağlamışdır, əslində isə Cavabdeh2 heç bir borc almadığını bildirmiş, müqaviləni ailəsinə məlumat verməsinlər deyə formal olaraq bağlamışdır. Cavabdeh1 təhqiqat zamanı vermiş olduğu izahatından görünür ki, o, İddiaçı1 ilə tanış olduqdan sonra gələcəkdə ailə qurmaq məqsədi ilə onunla cinsi əlaqədə olmuş, lakin ondan bunun müqabilində pul tələb etməmiş, İddiaçı1 özü ona xərclik üçün 100 manat pul vermişdir, xx.xx.2024-cü il tarixdə Turala ondan hamilə qaldığını və hamilə olması barədə test şəklini ona göndərdiyini, sonuncunun bunu bildikdən sonra ailəli olduğunu, ailəsinin bundan xəbər tutduqda ona pis olacağını, hamiləliklə bağlı dölün məhv edilməsi üçün tibb mərkəzində ona təyin edilmiş dərmanların Turalın ozünün alıb gətirdiyini, bütün xərcləri çəkdiyini, sonradan hamiləliyini abortla bitirməsi üçün də məsrəfləri ödədiyini, onun, anasının bibisi qızının bank kartlarına müxtəlif vaxtlarda müxtəlif məbləğlər ödədiyini, abort olduğu müddətdə oynadığı loteraya pulunu, kredit borclarını İddiaçı1 özünün könüllü ödədiyini, anası Cavabdeh2 əvvəlcədən borc aldığını, sonradan notariat ofisində pul vermədən müqavilə bağladıqlarını, həmin müqavilənin ləğv edilməsi üçün onu münasibətdə olduqları zaman çəkilən şəkilləri onun atasına göndərəcəyi ilə hədələdiyini bildirmişdir. 28678 manat pulun İddiaçı1 özünün öz istəyi ilə qeyd olunan kart hesablarına göndərdiyini, ancaq özünün və anasının Turala hədə-qorxu gəlmədiklərini, həmçinin həmin puldan 10000 manatı Turalın özünə qaytardığını bildirmişdir. Cavabdeh2 təhqiqat zamanı vermiş olduğu izahatından görünür ki, qızı Cavabdeh1 ilə İddiaçı1 Oktay oğlunun qızının işlədiyi kafedə tanış olduqlarını, Turalın ailəli olduğunu Zümrüddən gizlədərək onunla qızının razılığı ilə cinsi münasibətdə olduğunu, qızının Turaldan hamilə qalaraq bunu ona deməsini, müayinə üçün tibb mərkəzinə müraciət etdikdə həkimin ona dərman atmaqla dölü məhv etməyin həyatı üçün təhlükəli olduğunu bildirərək, müalicə yazdığını, bununla əlaqədar Turalın Zümrüdün kart hesabına pul göndərdiyini, sonradan qızının hamiləliyinin abortla sonlardığını, bunun üçün Turalın pul göndərdiyini, Zümrüd hamilə olduğu vaxtdan 2025-ci ilin yanvar ayınadək onun bütün xərclərini, loteraya və kreditlərini İddiaçı1 ödədiyini, bunun üçün İddiaçı1 heç bir hədəqorxu gəlmədiyini, aralarında notariatda bağlanmış borc müqaviləsi formal bağlandığını, lakin əvvəlcə Turala pul verdiyini, İddiaçı1 özünün və qızının hədələmədiyini bildirmişdir. Cavabdeh3 təhqiqat zamanı vermiş olduğu izahatından görünür ki, o, Cavabdeh1 onun dayısı qızı olduğunu, 2024-cü ilin yay aylarında Zümrüdün onun yaşadığı ünvanda birlikdə yaşadıqlarını, həmin vaxt bir nəfər tanışının ona pul göndərəcəyini, lakin kartı olmadığını bildirərək onun kartını istədiyini, karta köçürülən pulun hamısının Zümrüd tərəfindən çıxarıldığını bildirmişdir, başqa heç bir məlumatı olmadığını bildirmişdir. Ödəmə qəbzlərindən görünür ki, ****0057, ****3221, ****8510, ****8624, ****8166, ****4890 saylı kart hesablarına müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə İddiaçı1 tərəfindən ödənişlər edilmişdir. İddiaçı1 və Cavabdeh1 arasında baş tutmuş “whatsapp” danışıqlarından görünür ki, tərəflər arasında şəxsi (kişi-qadın) münasibətləri olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: İddiaçı1 ilə Cavabdeh1 arasında şəxsi (kişi-qadın) münasibətlərinin olması, İddiaçı1 tərəfindən Cavabdeh1 birbaşa özünə və digər cavabdehlər vasitəsi ilə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul ödənişləri etməsi işin mübahisəsiz halıdır. Hazırda İddiaçı1 digər İddiaçı2 ilə birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin pulların cavabdehlərdən geri qaytarılmasını tələb edir. Məhkəmə ilk növbədə İddiaçı2 münasibətdə qeyd edir ki, İddiaçı2 məhkəmə iclasında cavabdehlərin heç birinə şəxsən pul vermədiyini, cavabdehlərlə onun arasında borc münasibətlərinin yaranmadığını bildirmiş, iddia ərizəsində qeyd edilən məbləğin bir qisminin onun tərəfindən digər İddiaçı1 verildiyi və İddiaçı1 həmin pulları cavabdehlərə verdiyi üçün birgə iddiaçı kimi iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı2 ilə cavabdehlər arasında hər hansı borc-pul münasibətlərinin mövcud olmadığı təsdiq olunduğundan həmin hissədə iddia əsassızdır və təmin edilə bilməz. İddiaçı1 münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçı1 polis şöbəsinə etdiyi müraciətdə iddia ərizəsində qeyd etdiyi pul məbləğinin cavabdehlər tərəfindən hədə-qorxu ilə ondan tələb edildiyini bildirmiş, lakin yuxarıda qeyd edilən xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Hazırda isə İddiaçı1 həmin məbləğin Cavabdeh1 tərəfindən şəxsən və digər cavabdehlər vasitəsi ilə borc alındığını bildirərək, pulun cavabdehlərdən geri qaytarılmasını tələb edir. Lakin iş materiallarında İddiaçı1 tərəfindən Cavabdeh1 özünə və ya digər cavabdehlər vasitəsi ilə etdiyi ödənişlərin geri qaytarılmaq şərti ilə borc kimi verildiyini təsdiq edən heç bir sübut aşkar edilməmişdir. Məhkəmə ilk növbədə İddiaçı1 tərəfindən məhkəməyə təqdim edilmiş “whatsapp” danışıqlarına münasibətdə qeyd edir ki, həmin danışıqlarda İddiaçı1 Cavabdeh1 borc pul verdiyini təsdiq edən hər hansı ifadə, yazışma mövcud deyil. Ödəniş qəbzlərindən görünür ki, 10 manatdan 3000 manata qədər müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə İddiaçı1 tərəfindən pul köçürmələri həyata keçirilmiş, lakin tərəflər arasında heç vaxt borc müqaviləsi bağlanmamış, iltizam və ya qəbz alınmamış, borcun qaytarılacağı vaxtla bağlı heç bir razılaşma olmamışdır. Əksinə, tərəflərin izahatları və telefon danışıqları ilə təsdiq olunur ki, İddiaçı1 ilə Cavabdeh1 arasında şəxsi (kişiqadın) münasibətləri olmuşdur və yaxın münasibətdə olan şəxslər arasında kömək məqsədilə pul verilməsi mümkündür. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən İddiaçı1 hədə-qorxu ilə pul tələb edilməsi, eləcə də, cavabdehlərlə onun arasında borc münasibətlərinin mövcudluğu faktı təsdiq edilmədiyindən İddiaçı1 adi hissədə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-7158/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7158/2025
06.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver