Məhkəmə qərarları › İş №2(011)-7188/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7188/2021

01.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7188/2021 01.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 06.06.2017-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 2020-ci ilin iyun ayının 19 tarixindən ödənilməyən 1020 manat vəsaitin və qətnamə çıxan tarixdən 175 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə 02.05.2017-ci il tarixində rəsmi nikaha daxil olmuşdurlar, nikahları hal-hazırda da davam edir, boşanmamışdırlar, buna baxmayaraq 2020-ci ilin iyun ayının 19-dan faktiki olaraq ayrı yaşayırlar, birgə təsərrüfat aparmırlar, birgə nikahdan 06.06.2017-ci il təvəllüdlü X2 anadan olmuşdur, cavabdeh onu və uşağını atıb getmiş, həmin vaxtdan onlara heç bir maddi köməklik göstərməmişdir, uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir, cavabdehdən aliment istəməyə haqqı vardır, onun özünə də məsələni məhkəmə olmadan həll etmək istədiyini bildirmişdir, özü hazırda işləmir, lakin cavabdeh Moskva Univermağında işləyirdi, pul qazanırdı, gəlirini ona deməmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 01.10.2021-ci il tarixli məhkəmə iclasında 23.09.1960-cı il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirdi ki, iddiaçı onun qızıdır, keçən il iyun ayının 19-u onların evinə-ata evinə gəlmişdir, Xətai rayonu, M.Hadi 45 ünvanında yaşayırlar, həmin mənzil yoldaşının-iddiaçının atasının evidir, cavabdeh rayonda qalır, uşağına baxmır, maddi təminatı üçün köməklik göstərmir, uşağın 4 yaşı vardır, adı Zəhradır. İş materiallarında olan AZ-İİİ 972972 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 06 iyun 2017-ci ildə Bakı şəhərində doğulmuşdur, onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 07.09.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞİH-00359 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində xərc ödəmişdir, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən xəbərdar olunsa da mediasiya sessiyasında iştirak etməmişdir İş materiallarında olan 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 200199 saylı nikahın haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X3 02.05.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, bu barədə akt qeydləri kitabında 02.05.2017-ci il tarixində 1100 № ilə qeyd edilmişdir, nikah bağlandıqdan sonra ərə Zülfüqarov, arvada Zülfüqarova soyadı verilmişdir. İş materiallarında olan 30.07.2020-ci il tarixdə Əli-bəy MTK tərəfindən verilmiş yaşayış yeri haqqında arayışa əsasən, İddiaçı və X2 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 45 saylı evin, 150 nömrəli mənzilində yaşayırlar. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər 02.05.2017-ci il tarixində rəsmi nikaha daxil olmuşdurlar, birgə nikahdan bir yetkinlik yaşına çatmayan uşaqları var, hal-hazırda tərəflər ayrı yaşayırlar, uşaq iddiaçının yanındadır, cavabdeh uşağın saxlanması xərclərində iştirak etmir. Bununla belə, uşağın saxlanılmasına görə cavabdehdən alimentin tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin ailə vəziyyətini, uşağın saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olmasını, hazırda əmək fəaliyyəti ilə məşğul olmamasını, uşağın mənafeyinin müdafiəsi zəruriliyini, uşaqlar üçün yaşayış minimumunu və diqqətəlayiq digər halları nəzərə alaraq alimentin sabit pul məbləğində tutulmasını mümkün hesab edir və bu məqsədlə onun miqdarının hər ay 175 manat müəyyən edilməsini məqsədəmüvafiq sayır. Alimentin tutulması vaxtına münasibətdə məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi ilə 10.09.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti də həmin tarixdən başlanmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehdən 06.06.2017-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 2020-ci ilin iyun ayının 19 tarixindən ödənilməyən 1020 manat vəsaitin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, bu, sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair sübutlar əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-сi il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 06.06.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 10.09.2021-ci il tarixdən hesablanmaqla, hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti olaraq bir il ərzində ödəniləcək alimentin məbləği 500 (beş yüz) manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 (otuz) manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06.06.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 10.09.2021-ci il tarixdən hesablanmaqla, hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar