Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7205/2025 14.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Сavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4480 manat, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 65 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi: “mən Qobustan rayon, Qobustan şəhəri yeni massiv küçəsində yaşamaqla istifadəmdə olan özümə məxsuz new Holland markalı traktorum var. Həmin traktorla fərdi əmək fəaliyyəti ilə məşqul oluram. 2024-ci ilin sentyabr ayında traktorçu tanışların vasitəsi ilə öyrəndim ki, Laçın rayonunda şum işləri gedir, maddi durumum zəif olduğundan qərara gəldim ki, orada işləyim, ona görə də 22 sentiyabr 2024-ci ildə Laçın rayonuna traktorumla işləməyə getdim "xxxx" MMC icraçı direktoru Cavabdeh sifarişi əsasında bir hektarı 35 manat olmaqla 200 hektar şum işləri görmuş və 7000 (yeddi min) manat pul işləmişdim. Bu məbləğdən yemək, ehtiyat hissələri və yanacaq xərclərini cıxdiqdan sonra Seymur Məhhərəmov, mən Laçın rayonunda olarkən mənə təxminən işlədiyim müddətdə bir ay sonra yeddi yüz manat 700 manat və evimə qayitdıqdan sonra 1000 (min) manat pul ödəyib. Xərcləri və bu min yeddi yüz manatı çıxdıqdan sonra Cavabdeh mənə əlavə olaraq 4480 (dört min dört yüz səksən) manat pul ödəməli idi, ancaq bu on bir ay ərzində dəfələrlə pul ödəməsi barədə vədlər versə də heç bir ödəmə olmamışdır. Və onu da sizə bildirim ki, mən İ qarabağ müharibəsi veteranıyam. 3 oğlum var üçünün də dişlərində anomaliya problemləri mövcuddur. İki böyük oğlum hərəsi iki dəfə cərahiyyə əmaliyyatı olunub, ən kiçiyinin də bu əməliyyata ehtiyacı var. Bu durumu Cavabdeh da bilir. Mən bu cǝrahiyyə xərclərinə ehdiyacım olduğu üçün Laçın rayonuna işləməyə getmǝyǝ məcbur olmuşdum. Bildirirəm ki, pulun alınması ilə əlaqədar Seymur Məhhǝrǝmovun hərəkətləri barədə Azərbaycan Respublikasının DİN-nin 102 qaynar xəttinə müraciət etdikdən sonra Laçın rayon polis şöbəsinin tədqiqat qrupunun tədqiqatçısı Seymur Məhhərəmovu dindirərkən mənə olan borcunu izahatında tamamı ilə etiraf etmiş, lakin buna baxmayaraq yenə də mənə olan borcunu verməmişdir (Laçın rayon tədqiqat qrupunun qərarını surətini işə əlavə edirəm) ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindəyəm”. Sonda İddiaçı idddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsinə uyğun izahat verərək iddia tələbini qismən qəbul etdiyini, həqiqətən də iddiaçıya borcu olduğunu etiraf etmiş, lakin iddiaçının qeyd etdiyi 4480 manat məbləğində deyil, 3471 manat məbləğində borcu olduğunu, işləri tez bir zamanda qaydaya düşəndən sonra borcunu ödəyəcəyini bildirərək, qeyd etdiklərinin nəzərə alıaraq iddia tələbinin qismən qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan Laçın rayon Polis Şöbsinin xx.xx.2025-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı qeyd olunan xüsusatla bağlı mülki qaydada məhkəməyə müraciət etmə hüququnun olması izah edilməsi qərara alınmışdır. Həmin Qərar ilə işin müəyyən olunmuş hallarından görünür ki, izahatı alınmış "xxxx" MMC-nin icraçı direktoru Cavabdeh bildirmişdir ki, “İddiaçı özünə məxsus şəxsu traktoru ilə onun sifarişi əsasında 2024-cü ilin sonlarında Laçın rayonu ərazisində şum işləri aparsa da, ona müəyyən məbləğdə pul ödəsə də, İddiaçı şəxsi traktoru ilə onun sifarişi əsasında görmüş olduğu şum işlərinə görə sonuncuya pul borclu olmasını və həmin pulu qısa zaman ərzində ödəyəcəyini izahatında bildirmişdir”. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddia tələbi cavabdehdən 4480 manat pul məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədədir, iddiaçı, ona məxsus traktorla cavabdehin sifarişi əsasında müxtəlif şumlama işləri gördüyünü, xidmət haqqı kimi cavabdehin ona 4480 manat borcu qaldığını bildirir, cavabdeh iddia tələbini qismən, yəni 3471 manat həddində qəbul edir. Bununla belə, cavabdehin borc öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının cavabdeh tərəfindən 4480 manat borcun olması barədə arqumentlərinə münasibətdə qeyd edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçının tələb etdiyi pul məbləği ilə bağlı tərəflər arasında hər hansı yazılı bir əqdin (müqavilənin) olmadığı bir vəziyyətdə, iddiaçının, cavabdehin ona məhz 4480 manat borcu qalması hallarına dair sübutetmə vəzifəsi yaranır. Lakin iş materriallarından da göründüyü kimi iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamış, cavabdeh isə iddiaçıya olan borc məbləğini 3471 manat həddində təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və ona görə qismən təmin olunmalı, cavabdeh tərəfindən 3471 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 65 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi iddia tələbinin təmin edilmiş hissəsi həddində müəyyən edilməli, beləliklə ödənilmiş 55 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3471 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilmiş hissəsi (3471 manat) nəzərə alınmalı, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3471 (üç min dörd yüz yetmiş bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 (əlli beş) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7205/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7205/2025
14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver