Məhkəmə qərarları › İş №2(011)-722/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-722/2022

14.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-722/2022 14.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 1205.42 (bir min iki yüz beş manat qırx iki qəpik) manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 (üç yüz) manat xərcin və iddiaçı tərəfindən 32.06 (otuz iki manat altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1537.48 (bir min beş yüz otuz yeddi manat qırx səkkiz qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı Azərbaycan X1 şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də 26.10.2018-ci il tarixində AKX-0038646/10-2018 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X2 Departamenti tərəfindən **********30000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin ( Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında Qanunun”un 6.2-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aklaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto şəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 1004.10 manat məbləğində borc müəyyən olunmuşdur. Cavabdehin GASREPORT proqramından göründüyü kimi, aylıq sərfiyyat, ödəmələri və borca görə tutulmaları nəticəsində 11/2012-ci il tarixli 545.30 manat borcu 201.02 manatadək azalmışdır. Nəticədə cavabdeh tərəfindən İddiaçınə ödənilməli borc məbləği (itirilmiş təbii qazın əyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 1205.42 manat təşkil etməkdədir. (1104.40 manat + 201.02 manat cari borc = 1205.42 manat) Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçınə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasın iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin yaşadığı ünvanda qaz sayğacına baxış keçirilməsi zamanı İddiaçı əməkdaşları tərəfindən 31.10.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilmiş, həmin aktda qeyd edilmişdir ki, 30.10.2018-ci il tarixli, QSN – 29/1710-02023/1-46 saylı akta əsasən sayğaca baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Bundan sonra İddiaçı tərəfindən mövcud sayğac qaz təsərrüfatının layihəsmeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1004.40 (bir min dörd manat qırx qəpik) manat məbləğində borc cavabdehdən tələb edilmişdir. İş materiallarında olan, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1671/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsinin sürədindən görünür ki, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh **********30000 saylı abunə koduna hesablanmış 1.004 (min dörd) manat məbləğində borcun silinməsi, cavabdeh İddiaçı tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 236.5 (iki yüz otuz altı manat əlli qəpik) manat məbləğində pulun iddiaçıya geri qaytarılması və cavabdeh İddiaçındən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 722/2022 nömrəli 14.03.2022-ci il tarixli qərardadına əsasən hazırkı iddianın İddiaçınə vurulmuş maddi ziyana görə 1004,40 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iddiaya, iddiaçıya dəymiş maddi ziyana görə 201,02 manat, pozulmuş hüquqların bərpası üçün iddiaçının çəkdiyi 300 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək, hesab edir ki, iddia bu hissələrdə sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin 2012-ci ildə İddiaçınə məxsus qaz xəttinə qanunsuz qoşulduğunu, həmçinin hüquqların bərpası məqsədi ilə çəkdiyi xərci təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 32,06 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qalan hissədə rədd edildiyinə görə ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 201,02 (iki yüz bir manat iki qəpik) manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 (üç yüz) manat xərcin və iddiaçı tərəfindən 32.06 (otuz iki manat altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 533.08 (beş yüz otuz üç manat səkkiz qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar