Məhkəmə qərarları › İş №2(011)-7283/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7283/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7283/2021 29.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqavilənin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 5435,76 manat məbləğində əsas borcun, 3,03 manat məbləğində faiz borcunun, cəmi 5438,79 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.A.Həsənova iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 5963,99 manat məbləğində kredit verilmişdir, hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir, kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər, iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən banka müvafiq kredit müqaviləsi üzrə ödəniş edilmişdir, buna görə də, məhkəməyə onun son təqdim etdikləri 28.10.2021-ci il tarixli maliyyə arayışına müvafiq olaraq 5422,07 manat əsas, 5.75 manat faiz borcu mövcuddur. Sonda iddiaçının nümayəndəsi V.Həsənova iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15.08.2019-cu il tarixli FR/78487/70 saylı güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, Cavabdeh İddiaçı ASC tərəfindən illik 1 % olmaqla 60 ay müddətinə 5963,99 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan MXD-78487A70C-1 15.08.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, 5963,99 manat Cavabdeh ödənilmişdir. İş materiallarında olan 28.10.2021-ci il tarixli arayışdan görünür ki, 15.08.2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh İddiaçı ASC–yə 5422,07 manat əsas, 5,75 manat faiz borcu vardır. İş materiallarında olan 02.08.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 15.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, yaranmış 5474,67 manat əsas, 9,18 manat faiz və 0 manat cərimə borcunun 3 gün ərzində İddiaçı ASC-yə ödənilməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 01.07.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 60 ay müddətinə, illik faiz dərəcəsi 1% olmaqla, 5963,99 manat məbləğində kredit verilməsini nəzərdə tutan güzəştli kredit müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmişdir, hazırda Cavabdeh banka ödənilməmiş 5422,07 manat məbləğində əsas borc, 5,75 manat məbləğində faiz borcu yaranmışdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının cavabdehin borc məbləği barədə etiraflarını, o cümlədən, məhkəmə iclasında məhkəməyə təqdim edilən maliyyə arayışını nəzərə alaraq, əsas və faiz borc məbləğini iddia tələbində göstərilən məbləğə uyğun olaraq deyil, 28.10.2021-ci il tarixli maliyyə arayışında göstərilən məbləğ həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, Cavabdeh 5422,07 manat məbləğində əsas borc, 5,75 manat məbləğində faiz borcu, cəmi 5427,82 manat məbləğində borc alınaraq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlətv rüsumu ödənilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 15.08.2019-cu il tarixli FR/78487/70 saylı müqavilə ləğv edilsin. Cavabdeh əsas borc kimi 5422,07 manat, faiz borcu kimi 5,75 manat, cəmi 5427 (beş min dörd yüz iyirmi yeddi) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar