Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7291/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sky Elektroniks MMC-nin xeyrinə 630 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı "xxxx" MMC Cavabdeh ilə aralarında bağlanmış 17 avqust 2019-cu il tarixli ******* saylı Alğı-satqı müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə ümumi qiyməti 948 manat dəyərində olan Samsung markalı mobil telefon satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən heç bir manat ilkin ödəniş etmədən hər ay üçün 79 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri lazımınca yerinə yetirməyərək qalan 630 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alğı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alğı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə iddiaçının biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: Tərəflər arasında 17 avqust 2019-cu il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, tam və vaxtında ödəniş etməmişdir. Onun iddiaçıya borcu yaranmışdır. Yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq edilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən cavabdeh müqavilə üzrə iddiaçıya 318 manat ödəniş etmiş, 630 manat əsas borcu qalmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 576-cı maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyanın dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 17 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, 630 (altı yüz otuz) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7291/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7291/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver