Məhkəmə qərarları › İş №2(011)-7306/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7306/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7306/2024 16.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 10 iyul 2018-ci il tarixində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan X3 adlı övladı dünyaya gəlmişdir. Cavabdehlə nikaha daxil olduqları ilk vaxtlarda münasibətləri normal olmuşdur. Sonradan cavabdehin münasibəti iddiaçıya qarşı dəyişdiyindən aralarında tez-tez mübahisələr yaranmışdır və nikahlarını davam etdirmək mümkünsüz olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli (İş nömrəsi: 2(005)- 809 2020) qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, X3 iddiaçının himayəsində saxlanmışdır, habelə cavabdehin üzərinə aliment qismində 170 manat məbləğin iddiaçıya hər ay ödənməsi qət edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş aliment məbləği cavabdeh tərəfindən ona vaxtında və müntəzəm qaydada ödənmir. Ödəndikdə belə iddiaçının övladının bütün maddi xərclərini qarşılamır. Hazırki inflyasiya şəraiti və artan bazar qiymətləri, övladının getdikcə artan maddi ehtiyacları iddiaçını aliment məbləğinin artırılması üçün müraciət etməyinə səbəb olmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə və digər maddələrinə uyğun olaraq, məhkəmədən öncə mediasiyaya müraciət etmiş və ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh mediasiyada iştirak etməmişdir və iddiaçıya mediasiya arayışı təqdim edilmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh üzərinə iddiaçının himayəsində saxlanmış X1 maddi ehtiyaclarını qarşılamaq üçün hər təqvim ayı üzrə 235 manat məbləğində artırılmış alimentin ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırkı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 809/2020 saylı 13 fevral 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Həsənova gülcan Elçin qızının Cavabdeh qarşı “nikahın pozulması, aliment və uşağın ananın himayəsinə verilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Həsənova (Xıdırova) Gülcan Elçin qızı ilə Cavabdeh arasında xx.xx.2018-ci ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 2244 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X2 (anası) Həsənova (Xıdırova) Gülcan Elçin qızının yanında saxlanılması, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Həsənova (Xıdırova) Gülcan Elçin qızının xeyrinə ödənilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixindən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək, yəni xx.xx.2022-ci ilədək 30 manat miqdarında alimentin tutularaq, Həsənova (Xıdırova) Gülcan Elçin qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5863/2022 saylı 28 oktyabr 2022-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-809/2020 saylı 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 29 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin aylıq əmək haqqısının ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 170 manat aliment miqdarının hansı əsaslara görə artırılmasını iddiasında əsaslandırılmamışdır. Belə ki, cavabdehin gəlirində hər-hansı bir artım olmamışdır və iddiaçı bununla bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Cavabdehin 2020-ci ildən bugünə qədər gəlirində hər-hansı bir artım olmamışdır. Belə ki, cavabdehin işlədiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli arayışa əsasən, 2023-cü ilin may ayından hal-hazıra qədər cavabdehə hesablanan 769,60 manat əmək haqqından vergi və sosial sığorta ödənişləri çıxıldıqdan sonra 499,88 manat əmək haqqı kart hesabına köçürülür. Cavabdehin bundan başqa gəliri yoxdur. Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, idarənin taqım komandiri, polis baş leytenantı Cavabdeh Xətai Rayon Məhkəməsinin 2(011)-5863/2022- 012 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən 2023-cü ilin aprel ayından etibarən hər ay əmək haqqından 25% aliment üçün tutulur. 2023-cü ilin may ayından hal-hazıra qədər Cavabdeh hesablanan 769,60 manat əmək haqqından 48,16 manat gəlir vergisinə, 14,11 manat tibbu sığortaya, 23,09 manat sosial sığortaya, 4 manat xeyriyyə fonduna, 180,36 manat alimentə, cəmi 269,72 manat tutulduqdan sonra 499,88 manat kart hesabına köçürülür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğundan iddia təmin edilməli Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5863/2022 saylı 28 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən 29 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5863/2022 saylı 28 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən 29 avqust 20 19-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar