Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7315/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 19180 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-2021-ci il tarixlərdə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19180 manat pul göndərilmişdir. Bundan sonra cavabdehlərdən 19180 manatın qaytarılmasını tələb etsə də, bu günədək həmin pulları onlardan ala bilməmişdir. Cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirirlər və pulu qaytarmaqdan yayınırlar. Bir sözlə onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onu aldatmış və nəticədə ziyan vurmuşdurlar. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı X4 nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə X2 nikahları Xətai Rayon Məhkəməsinin 27.03.2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin vaxtdan 1 neçə il keçdikdən sonra iddiaçı ölkə hüdudlarından kənarda olduğundan telefonla əlaqə saxlamağa başlamışlar. Əlaqə saxladıqları zaman, cavabdeh A.Sevdimalıyeva iddiaçının qazandığı pulları saxlaya bilmədiyini, ona görə də iddiaçının özü üçün ev alması üçün ona pul göndərməsini və onun üçün pul yığacağını bildirmiş, iddiaçını pul göndərməyə razı salmışdır. İddiaçı Rusiya Federasiyasında olduğundan, ona bank vasitəsilə pul göndərməyə razı salmışdır. İddiaçı 2020-2021-ci illərdə müxtəlif məbləğlərdə pul vəsaitini, ümumilikdə 22.838,65 manat məbləğində pulu cavabdehlər Aynur Sevdimalıyevanın və Qəlbinaz Sevdimalıyevanm kart hesabına köçürmüşdür. İddiaçı tərəfdən cavabdehlərin hesabına köçürülən pul vəsaitlərinin ev alınması üçün göndərilməsini iddiaçı ilə cavabdeh Aynur Sevdimalıyevanın arasında olan whatsapp yazışmaları da təsdiq edir. Həmin yazışmalarda cavabdeh iddiaçıdan ev alınması üçün pulun göndərilməsini istəyir, bəzən isə ev pulunun üstündən götürərək işlətdiyini bildirmişdir. Whatsapp yazışmaları qanunu pozmaqla əldə edilmədiyindən sübut növü kimi istifadə edilməlidir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsinin 12.04.2021-ci il tarixli Qərarında da göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Bundan başqa, cavabdehlər 19.10.2021 -ci il tarixli məhkəmə iclasında verdikləri izahatlarında da İddiaçı tərəfindən onlara pul göndərilməsini etiraf etmişlər. Cavabdehlər pulu onların özləri üçün, uşaq üçün göndərilməsini göstərəsələr də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişlər. Sözgedən pulların xərclənməsi ilə də bağlı məhkəməyə sübut təqdim etməmişlər. Halbuki, iddiaçı öz övladına qarşı valideyn öhdəliklərini icra edərək övladına aliment ödəyir. Bununla bağlı, qəbzləri də elektron məhkəmə sistemi ilə məhkəməyə göndərmişdir. İddiaçı övladı qarşısında hazırda başqa öhdəlik daşımır. Təbii ki, övladı gələcəkdə onun varisidir, ona məxsus olan əmlak sonradan övladına keçəcək. Lakin hazırda isə övladına ev almaq öhdəliyi daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı ilə birgə nikahlarından 10 yaşında oğulları var. İddiaçı ona zəng edəndə bildirirdi ki, oğlu üçün nə istəsə edəcəkdəir. Sırf ev alınması üçün ona pul göndərməyib. Hazırda da aliment borcu var. Əvvəl ev almaq üçün pul göndərəcəyini desə də, sonradan Bakıya gələndə özü alacağını demişdir. Hətta düyirdi “işdən çıx, maaşının 2 mislini ödəyəcəm sənə.” Daha sonra peşman olduğunu demiş, uşağa görə barışmaq istədiyini bildirmişdir. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı onun qızının keçmiş həyat yoldaşıdır. Uşağı üçün hər şey edəcəyini demiş, Rusiyadan onun saxlanması üşün pul göndərmişdir. Məqsədi qızı ilə barışmaq olmuşdur. Lakin qızı onunla barışmamışdır. İddiçı uşağın saxlanması üçün onun hesabına da pul göndərmişdir. iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.02.2013-cü il tarixli, 2(011)-617/2013 saylı qətnaməsindən görünür ki, ilə İddiaçı Cavabdeh1 qarşı nikahın pozulması tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında 14.01.2011-ci il tarixdə tarixdə bağlanmış nikahın pozulması, 24.05.2011-ci il təvəllüdlü X7 anasının yanında qalması və İddiaçı onun yetkinlik yaşıa çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əməliyyat üzrə çeklərin təsdiqlənməmiş surətlərinə əsasən İddiaçı tərəfindən X1 hesabına 06.04.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat), 06.05.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat), 23.05.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat), 14.06.2020-ci il tarixdə - 7000 rubl (167 manat), 22.07.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat), 28.07.2020-ci il tarixdə - 1000 rubl (23,86 manat), 12.08.2020-ci il tarixdə - 12000 rubl (286,29 manat), 13.08.2020-ci il tarixdə - 10000 rubl (238,57 manat), 9. 25.08.2020-ci il tarixdə - 22500 rubl (536,79 manat), 10.03.09.2020-ci il tarixdə - 5000 rubl (119,29 manat), 12.09.2020-ci il tarixdə- 10000 rubl (238,57 manat), 16.11.2020-ci il tarixdə - 10000 rubl (238,57 manat), 30.11.2020-ci il tarixdə - 10000 rubl (238,57 manat), 28.12.2020-ci il tarixdə- 10000 rubl (238,57 manat), 15.01.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat), 08.02.2021-ci il tarixdə - 12000 rubl (286,29 manat), 15.02.2021-ci il tarixdə - 2500 rubl (59,64 manat), 26.02.2021-ci il tarixdə - 12000 rubl (286,29 manat), 08.03.2021-ci il tarixdə - 5000 rubl (119,29 manat), 13.03.2021-ci il tarixdə - 15000 rubl (357,86 manat), 01.05.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat), 29.05.2021-ci il tarixdə - 14000 rubl (334 manat), 12.06.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat), 29.06.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat), 16.07.2021-ci il tarixdə - 10000 rubl (238,57 manat), 26.06.08.2021-ci il tarixdə - 9000 rubl (214,71 manat) 27.65000 rubl (1550,72 manat), tarixsiz, nömrəsiz sənədlərə əsasən 28.300000 rubl (7157,15 manat), 29.771 manat pul vəsaiti köçürülmüşdür. Bundan başqa, tarixsiz, nömrəsiz sənədlərə əsasən digər cavabdeh Qəlbinaz Sevdimalıyevanın hesabına 4400 manat, 2785 manat, 300 manat, 210 manat pul vəsaiti köçürülmüşdür. Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin Cavabdeh1 ünvanlanmış 147212 saylı, 21.09.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı aliment borcu bir uşağın saxlanması üçün 21 ərzində sentyabr 2021-ci il daxil olmaqla 3234 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsində isə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətlər, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ- hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Həmçinin, Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ev alınması üçün 19180 manat göndərdiyini iddia etsə də, bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iş üzrə təqdim olunmuş, iddiaçının tələbinin əsası kimi istinad etdiyi Whatsapp yazışmalarından da tərəflər arasında ev alınmasına dair tapşırıq müqaviləsinin bağlanması müəyyən olunmur. Əksinə, məhkəmə hesab edir ki, iddiaçının işlətdiyi ifadələr onun Cavabdeh1 ilə barışmaq cəhdi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cavabdehlərdən müştərək qaydada 19180 manat pulun tutularaq ona verilməsi barədə iddiası təmin edilməsin. İddia tələbi təmin olunmadığına görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-7315/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7315/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver