Məhkəmə qərarları › İş №2(011)-7326/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7326/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7326/2021 18.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X4 katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.822,57 manat əsas borc, 7.03 manat faiz borcu və 1.55 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2.831,15 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 3.057,28 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03 sentyabr 2021-ci il tarixədək Cavabdeh banka 2.822,57 manat əsas borc, 7.03 manat faiz borcu, 1.55 manat cərimə borcu olmaqla, cəmi 2.831,15 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək onun qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin 03 sentyabr 2021-ci il tarixə cəmi 2.831,15 manat borcu yaranmışdır. Cavabdeh borcla bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh əsas borc üzrə 2.752,57 manat, 10.49 manat faiz borcu, 12.74 manat cərimə borcu olmaqla, cəmi 2.775,80 manat borcu mövcuddur. Məhkəmə cavabdehdən tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, iş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli maliyyə arayışı sübut qismində qəbul edilməli, cavabdehdən 2.752,57 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə cavabdehdən tutulmalı olan faiz və cərimə borcunun məbləğini müəyyən edərkən hesab edir ki, iş materiallarında olan maliyyə arayışı ilə müəyyən olunmuş məbləğlər iddiaçının tələb etdiyi faiz və cərimə borcunun məbləğindən yüksək olduğundan və məhkəmə Azərbaycan Respublikası MPM-in 218-ci maddəsinə əsasən verilmiş tələbə qiymət verməli olduğundan hesab edir ki, cavabdehdən faiz borcuna görə 7.03 manat, cərimə borcuna görə isə 1.55 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə bildirdiyindən və həmin müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.752,57 manat əsas borc, 7.03 manat faiz borcu, 1.55 cərimə borcu olmaqla, ümumilikdə 2.761,15 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalı, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı ASC 30 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qismən təmin olunduğundan Cavabdeh 20 manat məbləğində rüsum tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan 10 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.752,57 (iki min yeddi yüz əlli iki manat əlli yeddi qəpik) manat əsas borc, 7.03 (yeddi manat üç qəpik) manat faiz borcu, 1.55 (bir manat əlli beş qəpik) cərimə borcu olmaqla, ümumilikdə 2.761,15 (iki min yeddi yüz altmış bir manat on beş qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Qalan 10 (on) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar