Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7389/2021 29.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən hüquqlarının pozulması nəticəsində ona dəymiş 212.76 ABŞ dolları maddi və 5000 manat mənəvi zərərin, eyni zamanda ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, F.Əmirov küçəsi 6 ünvanında qeydiyyatda olan, həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarınının çatdırılmasını həyata keçirən STAREX” MMC şirkəti ilə bağlı şikayəti vardır, 12.06.2021-ci il tarixində ona məxsus STAREX KODU:#906309 vasitəsi ilə “Trendyol” onlayn platormasından 40 faiz endirimdə olarkən, qiyməti 212.76 dollar olan 1 ədəd “Columbia mont” almışdır, bu sifariş bütün proseslərdən uğurla keçdikdən sonra STAREX” MMC-nin Starex, 15 Temmuz mahallesi, Bahar caddesi no 65, blok D. 13/906309 kapı ünvanında yerləşən İstanbul/Türkiyə anbarına 15.06.2021-ci il tarixində təhvil verilib və bununla bağlı “Trendyol” ona rəsmi cavab verərək, "xxxx" şirkəti tərəfindən “təhvil aldım” sənədini imza və möhürüylə təqdim edib, qeyd edilən mal STAREX” MMC-yə qabaqcadan bəyan edilib və STAREX” MMC tərəfindən izləmə kodu verilib(8********), buna baxmayaraq o malı hələ də əldə əldə etməmişdir, o STAREX” MMC-nin Gənclik ofisinə müraciət etmişdir və ona elektron müraciət edilməli olduğunu və 15 iş günü ərzində bu barədə araşdırılıb məlumat veriləcəyi bildirilmişdir, 2 ay keçməsinə baxmayaraq STAREX” MMC heç bir məlumat verməyərək, aldığı malı ona təhvil verməmişdir, təcrübəsinə əsasən, mal normalda 10-12 gün ərzində çatdırılır, həmçinin “Trendyol” onlayn platforması ona məxsus sistemlərində aldığı məhsulu Starex-in Türkiyə anbarına 15.06.2021-ci il tarixində təhvil verildiyini qeyd edib, sistem bununla bağlı ona izləmə kodu vermişdir (**********), təhvil verilmə tarixi, saatı, izləmə kodu və təhvil verənin və təhvil alanın adı soyadı sistemdə var, buna baxmayaraq Starex ona məktub yazaraq bildirdi ki: “Bəzi hallarda satıcı mağaza tərəfindən bağlamalar təslim edildi kimi görülsə də, faktiki olaraq xarici anbarımıza təslim edilmir”, bu cavabla qəti razı deyil, çünki daşıyıcı şirkət (Starex) və malı satan şirkət öz sistemlərində ona aldığı malın İzləmə Kodunu təqdim edib və bütün məlumatlar sistemdə var, imza möhürlü sənədlər var, mövcud olmayan mala Starex necə izləmə kodu verə bilər, mövcud olmayan malı necə “təhvil aldım” sənədinə öz möhürünü vurub imzasın ata bilər, Trendyola müraciət etdikdə, bildirdilər ki, sifariş Starexə təhvil verilib bunun rəsmi sənədli sübutu var, akt onda olsa idi dərhal onu təqdim edərdi, bu məsələdən 4-5 ay sonra aktı almışdır, aktı alandan sonra cavabdehə müraciət etməmiş, aktı almış və məhkəməyə müraciət etmişdir, lakin cavabdeh özü də bu aktı ala bilərdi, cavabdehin ona qarşı qərəzli münasibəti var, hazırda başqa bağlaması da gecikir, onunla da bağlı problemləri var, onun şəxsi kabinetinə girilərək mübahisəli bağlama silinmişdir və almadığı bir məhsul da onun kabinetinə əlavə edilmişdir və ondan çatdırılma haqqı tələb edilir, halbuki belə bir məhsul almamışdır. Həmçinin İddiaçı bildirdi ki, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində mənəvi iztirab keçirərək baş verənlərə təəssüflənmiş, istirahət hüququ pozulmuşdur, insan həyatı üçün təhlükəli bir dövrdə haqsızlığa məruz qalmışdır, bu müddətdə əsəbləşmiş, iztirab çəkmiş, ailəsinə və işçilərinə qarşı da kobud olmuşdur, işlərini də yaxşı görə bilməmişdir, xüsusi ilə koronovirus dövründə baş verənlər qəbuledilməzdir, qeyd olunanlardan da göründüyü kimi "xxxx" MMC şirkəti tərəfindən 212.76 ABŞ dolları ödənilməklə alınan məhsulun satıcıdan təhvil alınmasına baxmayaraq, həmin sifarişin ona çatdırmasını təmin etməmişdir, "xxxx" MMCnin əməkdaşlarının ona qarşı törətdikləri bu qanunsuz hərəkətləri şüurumda müəyyən mənfi psixi reaksiyaya səbəb olmaqla, iztirab keçirməklə fiziki əzab çəkməyimə səbəb olmuşdur, vurulan mənəvi zərəri 5000 manat dəyərində qiymətləndirir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "STAREX” MMC-nin nümyayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, 20.10.2021-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X1 izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, belə ki cavabdeh kargo şirkətidir, burada daşıma xidməti zamanı iki üsul müəyyən edilmişdir, birinci halda iddiaçı malı Strarexin özündən alır, ikinci halda isə Starexdən daşıma xidməti kimi istifadə edir və ona daşıma xidməti üçün pul ödəyir, mal isə Trendyoldan alınır, hal-hazırda iddiaçı ikinci yoldan, yəni Starexdən daşıma xidməti kimi istifadə etmişdir, iddiaçıya ünvanlanmış 13 iyul tarixli məktbuda Trendyol qeyd edilmişdir ki, məhsul barədə araşdırma aparılacaqdır, əgər iddiaçı tərəfindən cavabdeh şirkətə akt verilsə idi, cavabdeh malı itmiş kimi qəbul edər və tərəfin pulunu ödəyərdi, akt malın həqiqətən Starexə verilməsini təsdiq edən sənəddir, tərəf həmin aktı Starexə təqdim etməli idi, hal-hazırda həmin akt var, məhkəməyə təqdim olunmuşdur və buna görə də cavabdeh iddianı qismən qəbul edir. A.Yusifov həmçinin bildirdi ki, iddia tələbini mənəvi hissədə qəbul etmir, belə ki, müştərilərdə bəzən itmə halları yaşanır, cavabdeh yalnız anbara çatan mallara qarantiya verir, lakin müştəri tərəfindən malın şirkətə təhvil verilməsi ilə bağlı akt olduqda onun pulu geri qaytarılır, əgər iddiaçı aktı cavabdeh şirkətə təqdim etsə idi, lakin ona pul qaytarılmasa idi, o halda mənəvi zərər yaranardı, hazırda heç bir mənəvi zərərdən söhbət gedə bilməz, cavabdeh tərəfindən iddiaçıya qarşı heç bir qərəzli münasibət olmamışdır,iddiaçının özünün də qeyd etdiyi kimi o, aktı şirkətə təqdim etməmişdir, həmçinin iddiaçı özü də təsdiq edir ki, o, Starexdən yalnız daşıma xidməti kimi istifadə etmişdir, məhz bu halda araşdırmanı iddiaçı özü etməlidir, mal 17 iyun 2021-ci ildə təhvil alınmışdır, 3 ay müddətində malın itməsi ilə bağlı hər hansı hərəkət edilməyib, akt olduğu üçün şirkət indi onun dəyərini ödəməyə hazırdır, iddiaçının qeyd etdiyi “şəxsi kabinetindən bağlamanın silinməsi” isə texniki məsələdir, bu cavabdehin iddiaçıya qərəzli münasibəti kimi qəbul oluna bilməz. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Trendyol kargo takip elektron çıxarışından görünür ki, ********** saylı məhsul 15.06.2021-ci il tarixdə Günəş şöbəsinə çatdırılmışdır. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, araşdırma zamanı "xxxx" MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış məktubda 906309 müştəri kodu ilə “bəyannamə yarat” xidmətindən istifadə edərək Trendyol saytından 1836 türk lirəsi dəyərində mal sifariş verdiyiniz, sifarişinizin "xxxx" MMC-yə təhvil verildiyi görünsə də, “Trendyol Express” şirkəti tərəfindən malın xarici anbara çatdırılmadığı, yalnız təslimat nüsxəsi təqdim etdiyi təqdirdə ödədiyi məbləğin geri qaytarılacağı, razılaşmadıqları təqdirdə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İş materiallarında olan "xxxx" elektron çıxarışından görünür ki, daşınma şərtlərinə əsasən, sifarişlərdə hər hansı bir yanlışlıq varsa, qırıq, istifadəyə yararsızdırsa, əskik göndərilibsə, xarici anbara təhvil verilib, ancaq sistemdə salınmayıbsa, yaxud bağlama tapılmırsa, ödənilmiş məbləğ və çatdırma ödənişi geri qaytarılır. İş materiallarında olan”Kapital Bank” tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı Trendyol saytına 383,84 manat (1835,99 Türk lirəsi) məbləğində ödəniş etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdeh daşıma şirkətidir, cavabdeh şirkət iddiaçının 212,76 ABŞ dolları məbləğində məhsulunu Türkiyədən Azərbaycana daşınması öhdəliyini üzərinə götürmüşdür, məhsul cavabdeh şirkət tərəfindən iddiaçıya çatdırılmamışdır, cavabdeh iddia tələbini qismən qəbul edir, tərəflər arasında bu barədə mübahisə yoxdur, mübahisə mənəvi zərərin ödənilməsi barədədir. Bununla belə, mənəvi zərərin vurulmasına dair, o cümlədən cavabdehin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlinə (hərəkət və ya hərəkətsizlikdir) dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “212.76 ABŞ dolları maddi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması“ hissəsinə münasibətdə hesab edir ki, cavabdeh iddia tələbi bu hissədə qəbul etdiyindən, iddia tələbi həmin hissədə təmin olunmaldıır. Məhkəmə, iddia tələbinin mənəvi zərər hissəsinə münasibət hesab edir ki, bu iddiaçının sübutetmə yükü ilə bağlıdır, iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki. iddia tələbi həmin hissədə əsaslı deyildir və buna görə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.4-cü maddəsinə əsasən, Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Həmin Məcəllənin 425.1-ci maddəsiə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən, yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 212,76 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə hesablanmaqla 212 (iki yüz on iki) dollar 76 (yetmiş altı) sent məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7389/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7389/2021
29.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver