Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-74/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5333,36 manat əsas, 2722,82 manat faiz, 407,26 manat cərimə borcu və müqavilə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5% hesablanmış 281,6 manat əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 8745,04 manat kredit borcu və 107,45 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X.F.Hüseynov iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 25 faizlə 18 ay müddətinə 8000 manat kredit götürmüşdür, borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür, lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır, xx.xx.2022-ci ilədək Cavabdeh1 banka xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə 5333,36 manat əsas borc, 2722,82 manat faiz borcu və 814,52 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9152,3 manat borcu olmuşdur, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır, cərimə borcu 814,52 manat olmasına baxmayarq, cərimə məbləği 50% həddində 407,26 manat məbləğində tələb olunur, həmçinin cavabdeh borcunu ödəməməklə iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuşdur, həmçinin pandemiya dövründə zərər çəkmiş sahibkarlara dəstək olaraq iddiaıya 2000 manat məbləğində pul ayrılmışdır, həmin pulun 2,55 manat hissəsi cərimə borcuna, 112,57 manat hissəsi gecikmiş faiz borcuna, 290,01 manat hissəsi gecikmiş əsas borca silinmişdir, qalıq pul məbləği 1457 manat isə cavabdeh tərəfindən kassa məxaric orderinə imza edilməklə xx.xx.2020-ci il tarixdə bankdan götürülmüşdür, 14,57 manat hissəsi komissiya olaraq tutulmuşdur. Sonda iddiaçının nümayəndəsi X.F.Hüseynov deyilənlərin nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 oğlu yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçıdan kredit götürmüşdür, ona hər şey aydındır, iş üzrə ekspert rəyi də vardır, 21 noyabr 2022-ci il tarixli 9/7667 saylı ekspert rəyi ilə razıdır, ekspert rəyinə uyğun olaraq iddianın təmin edilməsinə etiraz etmir. Sonda Cavabdeh1 qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən, Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" İKB ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-695-19 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank kredit alana, şəxsi fəaliyyət məqsədi ilə 18 ay müddətinə 8000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7.1-ci bəndinə əsasən, həmin kreditin təminatı Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsidir. İş materiallarından olan "xxxx" İKB ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 24- MZ-1-0-695-19 saylı kredit Müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 25 faiz dərəcəsi, 18 ay müddətinə, aylıq annuitet 611,11 manat olmaqla, 8000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh1 7920 manat məbləği Bankdan təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-695-19 saylı Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-695-19 saylı Kredit müqaviləsinə əsasən, bankdan kredit götürmüş Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh1 “pandemiyada zərərçəkmiş sahibkarlara dəstək” əsası ilə 1457 manat məbləği Bankdan təhvil almışdır. İş materiallarında olan 28.04..2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 5333,35 manat əsas, 2722,82 manat faiz, cərimə borcu üzrə 814,52 manat, əldən çıxmış fayda (5%) 281,6 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlanan 28.03.202ü-ci il tarixli, xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-695-19 saylı kredit müqaviləsi üzrə borcun 5 gün müddətinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC 107,45 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/5302 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2021-ci il tarixə 3906,81 manat əsas, 1152,51 manat faiz, xx.xx.2022-ci il tarixə illik 5% hesablanmaqla, əsas borcu 3906,81 manat, faiz borcu 1358,16 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/7667 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə illik 5% hesablanmaqla, əsas borcu 5378,38 manat, faiz borcu 1586,62 manat, faiz borcu üzrə illik 5%-lə 283,11 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.1989-cu ildə Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində doğulmuş Cavabdeh2 qaçqınlıq statusu vardır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında 18 ay müddətinə illik 25% olmaqla 8000 manat məbləğində verilməsini nəzərdə tutan xx.xx.2019-cu il tarixli 24-MZ-1-0-695-19 saylı kredit müqaviləsi bağlanmışdır, bu müqaviləyə əsasən Cavabdeh1 həmin məbləği bankdan təhvil almışdır, kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə digər Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və hazırda banka ödənilməmiş əsas, faiz, və cərimə borcu qalmışdır, müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir, həmçinin Cavabdeh1 xx.xx.2020-ci il tarixdə “pandemiyada zərərçəkmiş sahibkarlara dəstək” əsası ilə İddiaçı ASC-dən 1457 manat məbləği bankdan təhvil almışdır, iddiaçı tərəfindən borcun olması barədə cavabdehlərə xəbərdarlıq edilmişdir, Cavabdeh1 iddia tələbini qismən qəbul edir, Cavabdeh2 qaçqınlıq statusu vardır. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, əsas borc məbləğini və müqavilə bitdikdən sonra illik 5% faiz borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğlərə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğlər (müvafiq olaraq 5378,38 manat və 283,11 manat) iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc məbləği iddia tələbində göstərilən həddə - əsas borc üzrə 5333,36 manat, müqavilə bitdikdən sonra ilik 5% faiz borc üzrə 281,6 manat həddində müəyyən edilməlidir. Məhkəmə, cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən 21 noyabr 2022-ci il tarixli ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, faiz borc məbləği, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq, 1586,62 manat həddində müəyyən edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 100 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə əsasən, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin, və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cüil tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5333,36 manat əsas borc, 1586,62 manat faiz borcu, 100 manat cərimə borcu, müqavilə bitdikdən sonra illik 5% kimi hesablanmış 281,6 manat faiz borcu olmaqla, cəmi 7301,58 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh2 qaçqınlıq statusuna malik olmaqla, dövlət rüsumu ödəməkdən azad olunduğundan, Cavabdeh1 isə məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddianın təmin edilmiş hissəsi (7301,58 manat) və onun 1000 manatdan çox olması nəzərə alınmaqla, dövlət rüsumu qismində ödənilmiş 73 manat Cavabdeh1 aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə, ekspertiza tədqiqatının dəyərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, təkrar məhkəmə-mühasibat ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat cavabdehlərə aid edilməli, onlardan müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir, ilkin ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat isə dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5333,36 manat əsas borc, 1586,62 manat faiz borcu, 100 manat cərimə borcu, müqavilə bitdikdən sonra hesablanmış (illik 5%) 281,6 manat faiz borcu olmaqla, cəmi 7301 (yeddi min üç yüz bir) manat 58 (əlli səkiz) qəpik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu qismində ödənilmiş 73 (yetmiş üç) manat Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-74/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-74/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver