Məhkəmə qərarları › İş №2(011)-7432/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7432/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7432/2023 21.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verilmiş 500 manat məbləğində borcun ona qaytarılması, 40 manat məbləğində iddia ərizəsinin tərtibatına görə çəkilən əlavə xərcin, eyni zamanda məhkəmə xərci üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 05 sentyabr 2021-ci il tarixdə Cavabdeh 500 manat məbləğində pul vəsaitini borc vermişdir. Cavabdeh pula ehtiyacı olduğunu və əldə eldiyi məbləği 2 ay müddətində iddiaçıya qaytaracağını vəd etmişdir. 05 sentyabr 2021-ci il tarixində ona lazım olan 500 manat məbləğində pul vəsaitini iddiaçının verdiyini öz əlyazması ilə təsdiq etmiş və 2 ay müddətində geri ödəməyi öhdəsinə götürmüşdür. Lakin verdiyi vədə və əlyazmasına sadiq qalmamış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin iddiaçıdan borc qismində aldığı 500 manat pul vəsaitini müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırması iddiaçının maddi vəziyyətini çətinləşdirmişdir. Bununla əlaqədar olaraq Cavabdeh tərəfindən borc qismində alınmış 500 manat məbləğində pul vəsaitindən əlavə iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi qismində 70 manatın da iddiaçıya qaytarılması qanunauyğundur. Ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət üçün iddia ərizəsi 40 manat və dövlət rüsumu olaraq 30 manat xərc çəkilmişdir. Göründüyü kimi cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçının əlavə olaraq çəkdiyi xərcin dəyəri cavabdehdən tutulmalıdır. Məhz bu xüsusatlara əsasən, Cavabdeh tərəfindən borc qismində alınmış 500 manat məbləğində pul vəsaitinin, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət üçün iddia ərizəsi 40 manat və dövlət rüsumu olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, cavabdeh iddiaçıdan 500 manat məbləğində pul borc almış, borcu 2 aya qaytaracağına dair vəd vermiş və tərəflər buna dair yazılı müqavilə bağlamışlar. Lakin Cavabdeh aldığı pulu iddiaçıya qaytarmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, buna dair tərəflər arasında 05 avqust 2021-ci il tarixdə yazılı qaydada müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan 500 manat məbləğində pul vəsaitini almış, pul vəsaitini 2 aya qaytaracağına dair öhdəlik götürmüş, lakin pul vəsaitini ona geri qaytarmamışdır. Odur ki, iddia 500 manat borcun qaytarılmasına dair hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 40 manat məbləğində iddia ərizəsinin tərtibatına görə çəkilən əlavə xərcin ödənilməsinə münasibətdə qeyd edir ki, iddiaçı əlavə çəkdiyi xərcləri sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan yazılı müqavilə əsasında iddiaçıya borc aldığı pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun 1 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 1 (bir) manatı İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar